“Ünvanıma təhqiramiz fikirlər yazanlar…” - deputat
9-11-2016, 12:05
“Başqalarının ailə üzvlərini təhqir edənlər öz ailə üzvlərinin şərəf və ləyaqətini əsla qoruya bilməyənlərdir”.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında millət vəkili Hüseynbala Mirələmov bildirib.
“Bəzi saytlarda siqaretlə bağlı Milli Məclisin Komitə İclasında söylədiyim fikirlərə görə ünvanıma təhqiramiz fikirlər yazan və ya onu yazdıran insanlara iki şey demək istəyirəm. Birincisi, çox asanlıqla başqalarının ailə üzvlərini təhqir edənlər, onların ünvanına ləyaqətsiz sözlər yazanlar bilməlidirlər ki, onlar öz ailə üzvlərinin şərəf və ləyaqətini əsla qoruya bilməyənlərdir və onun keşiyində durmayanlardır. Əks təqdirdə onlar başqalarının ünvanına çox asanlıqla belə təhqirlər işlətməzlər.
İkincisi, ürəyiniz nə qədər istəyirsə, o qədər də siqaret çəkə bilərsiniz. Ancaq bir şeyi yaddan çıxarmayın. Azərbaycan Respublikasının qanunlarında yazılıb ki, qadağan olunmuş yerlərdə siqaret çəkmək olmaz. Əks halda, o adamlar cərimə olunacaqlar.
Azərbaycan qanunlarına hörmət və riayət etmək isə kimliyindən asılı olmayaraq bütün vətəndaşların borcudur.
İctimai yerlərdə siqaret çəkmək ən azından xaosdur, səliqəsizlikdir, natəmizlikdir və ən nəhayət, ətrafda olan insanlara hörmətsizlikdir”.
Xatırladaq ki, noyabrın 3-də Milli Məclisin Aqrar Siyasət Komitəsinin keçirilən iclasında millət vəkili H. Mirələmov bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalı, həm də universitetlərin daxilində siqaret çəkən tələbələr cərimələnməlidir: “Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır.Eləcə də əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o ümumiyyətlə siqareti də tərgidər”.