Trampın seçki qərargahı rus hökuməti ilə əlaqədə olub
11-11-2016, 13:14
Rusiya rəsmiləri D.Trump-ın çevrəsiylə kontaktda olublar. Bu barədə «The Independent» qəzeti yazır. Qəzetin yazdığına görə, Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bu barədə «Interfax» xəbər agentliyinə danışıb, Trump-ın ətrafındakı nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu təsdiqləyib.
AVROPADAN UZAQLAŞMAMAQ
«Hamısını demirəm, amma onların çoxu Rusiya təmsilçiləriylə əlaqəyə tərəfdar idilər», – deyə S.Ryabkov əlavə edib.
ABŞ-ın ilk qadın dövlət katibi Madeleine Albright noyabrın 10-da «Radio 4»ə müsahibəsində Trump-ı Rusiya prezidenti Vladimir Putin-ə qoşularaq Avropadan uzaqlaşmamağa çağırıb. D.Trump-ın seçki kampaniyası zamanı Rusiya prezidentini dəfələrlə təriflədiyi hamıya məlumdur. Buna görə M.Albright Trump-ı bir dəfə hətta Putin-in «yararlı səfehi» adlandırmışdı.
«Radio 4»ə müsahibəsində M.Albright deyib: «O, hər şeydən öncə Birləşmiş Ştatların prezidenti olduğunu və bizim Rusiya qarşısındakı maraqlarımızın vacibliyini unutmamalıdır. Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizin və dostlarımızın bizimlə çoxdan müttəfiq və dost olduqlarını yaddan çıxarmamalıdır».
«ANLAYACAQ»
Xanım Albright Trump-ın seçki kampaniyası zamanı səsləndirdiyi bəzi fikirlərin ABŞ-a təhlükə yaratdığını bildirərək, Trump-ı məsləhətlərə qulaq asmağa çağırıb: «Ümid edirəm ki, kəşfiyyat məlumatlarını alandan, ya da xarici siyasətdən başı çıxan diplomatları dinləyəndən sonra Trump həmin bəyanatlarının Birləşmiş Ştatlardan ötrü nə qədər təhlükəli olduğunu anlayacaq».
Rusiya liderlərinin Trump-ın gözlənilməz qələbəsini sevinclə qarşılaması, hətta Rusiya parlamentinin seçkinin nəticələrini uzun-uzadı alqışlaması diqqətlərdən yayınmayıb. Rusiya prezidenti Vladimir Putin isə Trump-a «isti» təbrik teleqramı göndərib. Kremlin bəyanatında deyilir ki, Putin Trump-a Rusiya-Amerika əlaqələrini birlikdə və yeni istiqamətdə inkişaf etdirməyə ümidli olduğunu bildirib.
Trump-ın prezident seçildiyi gün çıxış edən Putin korlanmış münasibətləri bərpa edəcəklərinə inandığını, Moskvayla Vaşinqton arasında konstruktiv dialoqun baş tutacağına əminliyini vurğulayıb.
«ONUNLA YOLA GEDƏRƏM»
Putin Trump-ı hələ dekabrda «parlaq və istedadlı şəxsiyyət» adlandırıb, D.Trump isə bu tərifin onun üçün böyük şərəf olduğunu bildirmişdi.
Seçki kampaniyası zamanı Trump Putin-i «güclü lider» adlandırmış, çıxışlarının birində «məncə, onunla yola gedərəm» demişdi. Putin-i təriflərinə görə rəqibi Hillary Clinton Rusiyanın onu Ağ Evdəki marionetinə çevirmək niyyətində olduğunu söyləmişdi.
Trump həm də ABŞ rəsmilərinin Rusiyanın seçki sənədlərinə müdaxiləsiylə bağlı ittihamlarına qoşulmurdu.
H.Clinton-u isə Rusiya mətbuatında ölkənin əleyhinə sərt və aqressiv mövqeli, Rusiyaya qarşı hərbi planları olan şəxs kimi təsvir edirdilər. Dövlət katibi olanda, Clinton həqiqətən də Rusiyaya qarşı sərt mövqeyi ilə yadda qalmışdı.