Prezidentdən inqilaba bərabər 12 yol xəritəsi

8-12-2016, 14:02           
Prezidentdən inqilaba bərabər 12 yol xəritəsi
Vahid Əhmədov: “Prezidentin imzaladığı “yol xəritələri” ilə bağlı prosesə xarici mütəxəssislər də cəlb edilib”

Prezident İlham Əliyev Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Aşağıdakı strateji yol xəritələri təsdiq edilib:

“Azərbaycan Respublikasının (AR) milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
“AR neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
“AR-da kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
“AR-da ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
“AR-da kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.


Bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Prezident Administrasiyası həyata keçirəcək.

Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Prezident Administrasiyasına tapşırılır ki, fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün; fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini 15 gün müddətində AR-in Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə isə iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutmaq, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, strateji yol xəritələrinin üzərində xeyli vaxt idi iş gedirdi və indiki vaxtda imzalanması çox müsbət addımdır: “Biz bunu çoxdan gözləyirdik. Mən bilirdim ki, belə bir sənədin hazırlanması üzərində iş gedir və buna xarici mütəxəssislər də cəlb edilib. Əsas da Azərbaycanda qeyri-neft sektorunun inkişafı, postneft dövrünə hazırlıq məsələləri burada öz əksini əksər sahələr üzrə tapıb. Faktiki olaraq bu addımlar Azərbaycan iqtisadiyyatını bütün sahələr üzrə əhatə edir. 12 yol xəritəsidir, yenicə imzalandığı üçün mən hər birinin içərisini detallı şəkildə hələ oxumamışam. Baxaq görək o sənədlərin içərisində nələr əksini tapır. Bundan sonra daha geniş danışmaq mümkündür. Mən baxdım, ölkədə yaddan çıxan maşınqayırma sahəsi, maliyyə problemləri, informasiya texnologiyaları sistemi, kənd təsərrüfatı kimi vacib sahələr əhatə olunub. Demək olar ki, bütün sahələr bu yol xəritələrində əhatə olunur. İndiki zaman üçün bu, çox müsbət addımdır. Çünki Azərbaycanın indiki vəziyyətində, dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkəmizdə islahatların getməsinə böyük ehtiyac var. Mən hələ ki dəqiq bilmirəm o sənəddə yalnız iqtisadi islahatlardan söhbət gedir, yoxsa iqtisadi islahatlarla yanaşı struktur islahatları da nəzərdə tutulur. Struktur islahatları da nəzərdə tutulsa daha yaxşı olar”.

Millət vəkili vurğuladı ki, yol xəritələrinin icrasına nəzarətin Prezident Administrasiyasına verilməsi diqqətçəkəndir: “Bu da tamamilə düzgün addımdır. Çünki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çox məsuliyyətli və işə çox ciddi yanaşan insandır. Onun və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərliyi altında bu iş həyata keçiriləcək. Ümumiyyətlə, son vaxtlar çox ciddi məsələlər Nazirlər Kabinetinə yox, məhz Prezident Administrasiyasına həvalə edilir. Bu da Ramiz Mehdiyevin daha çox məsuliyyətli insan olmasından irəli gəlir ki, çox ciddi məsələlərlə məhz Prezident Administrasiyası məşğul olur. Bunu müsbət addım kimi qiymətləndirirəm. Prezident faktiki olaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox ciddi bir sənəd imzalayıb. İndi qalır onun icrası, həyata keçirilməsi. Ümid edirəm ki, uğurla həyata keçiriləcək və ölkəmizin inkişafına gətirib çıxaracaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.