Tofiq Zülfüqarovdan sərt reaksiya:“Putinə təşəkkür edəndən sonra bu mövqeni necə şərh edəcəklər?”
18-01-2017, 00:15
“Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır”
“Bu nə şərhdir? Buna mütləq reaksiya verilməlidir”, – Rusiya xarici işlər naziri Sergey Lavrov-un Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı dediklərinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə yanaşır. O, AzadlıqRadiosu-na deyib ki, Lavrov-un bəyanatı “təəccüb doğurur”: “Biz suveren ölkə kimi ölkəmizi, torpaqlarımızı qorumaq hüququna malik deyilik? Bu nə deməkdir? Rusiya bu hüquqa malik idi, öz ərazi bütövlüyünü Çeçenistanda təmin etdi, ancaq bizim belə hüququmuz yoxdur? BMT üzvü olan Azərbaycan öz torpaqlarının suverenliyini digər ölkələr kimi qoruya və bu məqsədlə lazım olan addımları ata bilməzmi?”.
O, Sergey Lavrov-un çıxışını “ermənipərəst mövqe” kimi dəyərləndirib.
“Rusiya xarici işlər naziri ilk dəfə bəyan edib ki, torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır. O, Azərbaycanın üstünlük verdiyi mərhələli həldən yox, ermənilərin mövqeyinə uyğun paket həllindən danışıb. Guya istinad etdiyi BMT qətnamələrinə yanlış şərh verib. Bu, səhvdir! Həmin qətnamələrdə məsələ onun dediyi şəkildə qoyulmayıb. Əksinə, işğaldakı torpaqların azad edilməsi, yalnız bundan sonra statusun həlli tələb olunur”.
“Putinə təşəkkür edəndən sonra bu mövqeni necə şərh edəcəklər?”
Zülfüqarov rusiyalı nazirin substantiv danışıqlara toxunmamasına da ayrıca diqqət çəkir: “Keçən il həm Rusiya, həm də Azərbaycan rəsmiləri deyirdilər ki, artıq substanstiv, yəni konkret mövzulara aid konkret danışıqların vaxtı gəlib çatıb. Azərbaycan tərəf dəfələrlə real danışıqları gözlədiyini bəyan edib. Amma bu haqda Lavrov bir kəlmə də deməyib”.
Rəsmi Bakı Rusiya xarici siyasət idarəsi başçısına cavab verməlidrmi? Tofiq Zülfüqarov bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib: “Keçən il baş verənləri, xarici işlər nazirinin Hamburqdakı çıxışı zamanı Rusiyanın vasitəçiliyini, Putin-in rolunu xüsusi qeyd edərək təşəkkür bildirilməsindən sonra bilmirəm, bu mövqe indiki mərhələdə necə şərh olunacaq? Bəzi şeyləri, doğrusu, başa düşmürəm. Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır. Hər halda, mən bunun tərəfdarıyam. Hər bəyanat, hər çıxış azərbaycanpərəst mövqeyi əks etdirməlidir”.