AŞPA-ya məktub oyunu: - İmzalayanlar `Heç bir sanksiya olmamalıdır` deyirlər
18-01-2017, 21:01
Bəlli olduğu kimi, Azərbaycandan bir qrup `vətəndaş cəmiyyəti fəalı` Avropa Şurası Parlament Assambleyasına məktub ünvanlayaraq, ölkəmizin nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını tələb ediblər. Ancaq, məktubu imzalayan şəxslərin heç də hamısı bu fikri bölüşmürlər.
Məktubda imzası olanlardan bəziləri hətta buna razılıq da bildirməyiblər. Sadəcə, cavab verməyiblər və bu, onların razılığı kimi qəbul edilib.
Sənəddə imzası olanlardan biri - vəkil Ruslan Mustafayev AzVision.az-a açıqlamasında bildirdi ki, AŞPA-ya ünvanlanan məktubun tam mətni ilə tanış olmayıb: “Mənə bu məktubun ingillis dilli versiyası göndərilmişdi. Ona görə də tam araşdıra bilməmişdi. Bu baxımdan, cavab da verməmişəm. Yəqin ki, cavab verməməyimi imzamın təsdiqi kimi qəbul ediblər. Hüquqşünas kimi Avropa Məhkəməsi ilə işləyirəm. Ona görə də, Azərbaycanın AŞPA-dan hər hansı bir formada uzaqlaşdırılması və ya kənarda saxlanılması ilə razı deyiləm. Çünki, bizim işimiz AŞPA-nın tərkib hissəsi olan Avropa Məhkəməsi ilə bağlıdır. Bu baxımdan, Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi və ya hansısa tədbirlərinə iştirakdan kənar tutulması mənfi hal olardı. AŞPA-nın Azərbaycana hər hansı bir formada sanksiya tətbiq etməsi gələcəkdə Avropa Məhkəməsinə gedən işlərə baxılmasında, nəticələnməsində öz təsirini göstərə bilər”.
Vəkil Əshabəli Mustafayev də hesab edir ki, AŞPA-nın Azərbaycanı hər hansı bir formada sanksiyaya məruz qoyması mənfi hal olardı: “İlk olaraq məktubda qeyd olunan məsələlər araşdırılmalıdır. Əgər belə bir hal varsa, bu, dövlətin imicinə də zərbədir. Ancaq bir hüquqşünas kimi hesab edirəm ki, Azərbaycan hər zaman təkcə AŞPA-da yox, Avropadakı bütün strukturlarda təmsil olunmalıdır. Bizim Avropa Məhkəməsində çoxlu sayda ərizələrimiz, müdafiə etiyimiz şəxslərin mənafeyi var. Vəkil kimi heç vaxt istəmərəm ki, Azərbaycan AŞPA-dan çıxarılsın və ya mövqeyinə hər hansı bir formada xələl gəlsin”.
Vəkil qeyd edib ki, Azərbaycanın haqsız yerə hansısa bir cəzaya məruz qalmasını istəmir: “Bunun üçün qaldırılan məsələnin həqiqiliyi AŞPA və Azərbaycan hökuməti tərəfindən araşdırılmalıdır. Əgər adı çəkilən şəxslərin təqsiri varsa, məsələ öz qiymətini almalı və dövlətin imici qorunmalıdır. Biz də istəyirik ki, Azərbaycan AŞPA-dakı missiyasını yerinə yetirsin”.