“Lavrovıy list”
27-01-2017, 10:26
Son günlər Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi sualla gündəmdən düşməyən “Lider TV”-nin Moskva müxbiri Anar Həsənov ətrafında söz-söhbət səngimir. O, qonşu ölkənin siyasi dairəsinin başçısından və onun bəyanatından daha çox müzakirə obyektidir. Jurnalistlər də, politoloqlar da, deputatlar da, hətta sıravi vətəndaşlar da öz aralarında bu məsələ barəsində mübahisə edirlər. Sanki indi yada düşüb ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir, yoxsa yox. Anar Həsənov sualı düzgün verib, yoxsa yox. Vallah, qəribədir. Jurnalist bir sual verib və işdən çıxarılmasınadək başına oyun açılıb. Hətta bir kənd politoloqumuz onun sualını əyalət səviyyəsində sual adlandırıb. Bəziləri də deyir ki, bu kişini işdən Rusiyadakı gözəl müğənnimiz və səfirimiz Polad Bülbüloğlu çıxarıb. Nə var, nə var Lavrovu təxribata çəkib. Əhsən, bunu bacarıbsa. Dünyaya meydan oxuyan bir ölkənin xarici siyasət idarəsinin başçısını dünənki uşaq təxribata çəkibsə, deməli heç də zəif jurnalist deyil. İkinci bir tərəfdən, S. Lavrov niyə Dağlıq Qarabağı Azərbaycanın daxili işi saymırdı ki, belə həngamə çıxırdı? Bəs onda Dağlıq Qarabağ haranın daxili işidir? Düzünü demək lazımdır, Lavrovlar bu problemi öz içlərində Rusiyanın daxili işi hesab edirlər. Sadəcə dilə gətirmirlər, iş görürlər. Necə ki, Kırımı, Abxaziyanı, Cənubi Osetiyanı, Donbası, Luqanskı Ukraynanın və Gürcüstanın daxili işi olmağa qoymadılar. Görünür, Dağlıq Qarabağa da elə bu kontekstdən yanaşırlar. Biz də düşmüşük Anar Həsənovun üstünə ki, sualı düz və yaxud əyri verib. Əgər jurnalist sualı əyri vermişdisə də hər halda təcrübəli diplomat sayılan S. Lavrovun içindəkini bayıra çıxardı. İçindəki də heç xoşagələn deyil. İndi bəzi siyasətçilər hay-küy qaldırıblar ki, Dağlıq Qarabağ problemi ilə BMT və ATƏT məşğul olur. Bu beynəlxalq problemdir , Lavrov düz deyir. Ukraynanın və Gürcüstanın işğal edilmiş əraziləri ilə də elə həmin təşkilatlar məşğul olurlar və heç onlar da Lavrov kimi qoymurlar ki, hər bir dövlət öz daxili problemlərini xalqının iradəsi ilə özü həll etsin. Bu qurumların da əllərindən gələn bir iş yoxdur. Nə bilim, zaman göstərəcək ki, kim haqlıdır.
Qeyd etdiyim kimi bu mövzu sıravi vətəndaşlar arasında da müzakirə olunur. Elə onlar da kənarda qalmırlar. Bu günlərdə yolum qonşu rayonlardan birinin kəndinə düşmüşdü. Kənd mağazasının qarşısında çoxlu adam toplaşmışdı. Onlar da Anardan və Lavrovdan danışırdılar. Bir-iki “yerli siyasətçi” basıb-kəsirdi. Mən də tab gətirməyib qoşuldum müzakirələrə. Gördüm ki, çoxu Anarı “neprav” çıxarır. Mən də həmkarımı dəstəklədim. Beləcə bir saatadək mübahisə etdik. Sonra kimsə bu mövzudan keçdi başqa bir mövzuya. Başladı xalq təbabətindən danışmağa. Dedi ki, “lavrovıy list” çox faydalı bitkidir, hamı ondan istifadə etməlidir. Bir tələbə oğlan onunla razılaşmadı. Başladı “lavrovıy list”in ziyanından danışmağa. Nə isə, daha bunlara baş qoşmayıb oradan aralandım.
Evə gələndən sonra məni maraq bürüdü. Kitab-dəftəri, interneti qurdalamağa başladım ki, bu “lavrovıy list”in ziyanı var, yoxsa yoxdur. Sən demə ziyanı da çoxmuş. Bu bitkinin ərəb dövlətlərində, Aralıq dənizi ölkələrində bitən növü hətta insanı zəhərləyə də bilər.
Nədənsə yadıma Suriya, Liviya, Türkiyə düşdü. Bu dövlətlərin durumu göz qabağındadır. Suriya məhv edilib, Liviyada vətəndaş qarşıdurmasıdır, Türkiyədə terror canlar alır. Bəli Yaxın Şərq od tutub yanır. Heç kəs də dəqiq bilmir ki, bu onların daxili işidir, yoxsa xaricdən “ekport” olunub...
Deyəsən mövzudan qırağa çıxdım. “Lavrovıy list”in bu işlərə nə dəxli var?...
Müqəddəs Mehdiyev