Müdrikilik mühazirəsi - Millət vəkilindən görkəmli bəstəkara cavab...
28-01-2017, 20:51
Dəyərli bəstəkarımız Cavanşir Quliyevin lent.az saytında gedən müsahibəsində şəxsimə yönəlik bir sıra ittihamlar səsləndirilib. Təbii ki, Cavanşir Quliyev Azərbaycanın istedadlı bəstəkarlarından biridir və əsərlərini hər zaman yüksək dəyərləndiririk. Sadəcə siyasi ittihamlarında bir neçə dəfədir ki, bir naşılıq və qərəzliliyin daha çox qabardığını sezərək bu qeydlərimi bölüşməyi məqsədəuyun saydım.. Mən bir çox hallarda uzun müddət Avropa məkanında yaşayan insanlara o ümidlə baxmışam ki, daha fərqli və irəli dünyagörüşünə sahib bir mühitdə müşahidə və bilgi qazanmaq imkanları daha çox artar və yaş irəlilədikcə cəmiyyətimizə faydalı görüşlər çatdırmağa yetəcək səviyyədə bir müdriklik qazana bilərlər. Təəssüf ki, bir çoxları, o cümlədən Cavanşir Quliyev elə bəsit görüş və müqayisələr ortaya qoyurlar ki, on ildə, on beş ildə fərqli bir mühitdə yaşamış, çalışmış bu insanların düşüncəsində faydalı irəliləyiş müşahidə edə bilmirsən. Bu tipli adamlar mövqe, əqidə, dəyişməzlik sözünü çox işlədirlər, ancaq problemlərə baxışlarında nədənsə tamamilə mövqesiz, əqidəsiz bir xarakter sərgiləyirlər. Adam qəti şəkildə bəyan edir ki, Azərbaycan sənətkarlarının 95 faizi şəxsiyyətsizdir. Hansı zirvədə durub bunu deyir, doğrusu xeyli gülünc səslənir. Siz təsəvvürə gətirə bilərsinizmi ki, Azərbaycanın ziyalı, azman sənətkarlarından Fikrət Əmirov, Şövkət Ələkbərova və ya Rəşid Behbudov belə bir cümlə işlətsin. Cavanşir müəllimin müxalif baxışlarından doğan mühakiməyə görə hazırki iqtidarın tədbirlərində çıxış edən, hakimiyyətdən ad və ya ev alan sənətkarların hamısı şəxsiyyətsiz sayılmalıdır. Axı bunlar sənətkarın haqqıdır, onun əsas vəzifəsi peşəkərlığını qorumaqdır, sənətinə qarşı vicdansızlıq etməməkdir. Azərbaycanda ailə dəyərlərini qoruyan, öz şəxsiyyətini uca tutan onlarla sənət adamı tanıyıram, adam həqiqətən də siyasətə qarışmır, dövlət hakimiyyəti ilə də normal münasibət saxlayır, yeri gələndə xeyriyyəçilik də edir, Azərbaycanın tanıtımında da Cavanşir müəllimdən az iş görmür, belə bir ittihamı qaragüruhçu məntiqlə necə irəli sürmək olar? Yaxud da bildirir ki, Fazil Mustafa təfəkkürü ilə müxalifətçilik etmək olmaz. Mənim idealım müxalifətçilik etmək deyil ki? Görüşlərimlə, fikirlərimlə, kitablarımla cəmiyyətə fayda verməkdir, doğru mühakiməni aşılamaqdır. Sizin təfəkkürdə olan müxalifətçiliyin sayəsindədir ki, mövcud iqtidar illərdir öz hakimiyyətini rahatlıqla davam etdirir. Ağıllı, savadlı üslubla cəmiyyəti özünüzə inandıra bilmirsiniz, bunu günahı bizdə deyil ki... Üstəlik də mənim fəaliyyətimlə Ramiz Rövşənin fəaliyyətini müqayisə edərək isbatlamağa çalışır ki, Ramiz bəy doğru yoldadır. Əlbəttə, Ramiz bəy mənim dəyərli dostum və Azərbaycanın ən dəyərli qələm ustalarından biridir, iqtidarla da konflikt içində deyil, müxalifətlə də yaxşı münasibətləri var və şeirləri ilə cəmiyyətə çox faydalı mesajlar verir. Nə etməliydi, çıxıb gedib hansısa ölkədən gileylənməliydi ki, Azərbaycan şairlərinin 95 faizi şəxsiyyətsiz olduğuna görə, küsüb burada oturmuşam? Bəli Ramiz Rövşənin hazırda Azərbaycanın ictimai fikrinə verdiyi fayda sizin küskünlüyünüzdən, nifrətinizdən daha üstündür. Biz də siyasətdə haradasa bunları edirik, o zaman sizin cızdığınız standartlarda müxalifətçilik etmədiyimizə görə bizim təfəkkürdən gileyinizin ciddi bir əsası görünmür.
Himnimizə münasibət məsələsinə gəldikdə isə yenə də şübhəçilik duyğuları ilə davranmanızı təəccüblə qarşılamıram. Çünki musiqidə ola bilsin ki, xeyli yeniliyə imza atmısınız, ancaq siyasətə baxışınızda təfəkkürünüzdə olan durğunluq həqiqətən acınacaqlıdır. Mən dəfələrlə yazmışam, qeyd etmişəm ki, himn bir dövlətin siyasi atributudur, onu qəbul etmişik, onu təbliğ etməli, hamımız oxumalıyıq. Bu himni də dəyişməyə heç bir zərurət yoxdur. Himnə bir sənət əsəri kimi mövqeyimi soruşarkən isə düşüncələrimi açıq söyləmişəm. Bu himnin sözləri ilə musiqisi arasında ziddiyyət var, sözlərində müəyyən yarımçıqlıq var, başqa himnlərlə müqayisədə vaxtı uzundur, musiqisiz kollektiv oxunmada çətinlik çəkilir və nəhayət sondakı Azərbaycan sözünün tələffüzündə sanki himndən yaxa qurtarılmağa çalışılır. Əsl həqiqətdə isə himnimizin indiki mətni 1918-ci ildə dövlət himni kimi nəzərdə tutulmamışdır və Üzeyir Bəyin bəstələdiyi əsas himn keçmiş Azərbaycan SSR-nin himninin musiqisidir. Sözlərini bir kənara qoysaq həqiqətən də gözəl səslənişi var. Bununla belə, heç bir halda bu himnin dəyişdirilməsinin doğru hesab etmirəm. Əlbəttə, bu kimi iradları başlanğıcda, qəbul edilərkən nəzərə almaq olardı. İndi isə bu mövzuya qayıtmağın yeri yoxdur. İndi Cavanşir müəllim bildirir ki, Fazil Mustafa siyasi sifariş yerinə yetirir ki, Məhəmmədəmin Rəsulzadənin irsini ortadan qaldırsınlar! Bax buna mən hər zaman vətənşivənlik deyirəm! Rəsulzadənin və onun irsinin mahiyyətini dərk etmək üçün gərək youtubedən bu böyük şəxsiyyətin tanıtımına aid çıxışlarımız olan materialları dəyərli sənətkarımıza göndərəm ki, belə şübhəçi yanaşmalardan bir qədər uzaq dursun.
Nəhayət sonda, müxalifətçilik, əqidə, mövqe barədə geninə-boluna danışandan sonra Cavanşir müəllim bəyan edir ki, o heç bir partiyanın üzvü deyil, heç bi siyasətçini dəstəkləmir, sözün kəsəsi, heç bir siyasi ambitsiyası da yoxdur. Cavanşir müəllim inciməsin, burada o qədər səmimiyyətsizlik və cəsarətəsizlik hiss olunur ki, bayaqdan bu qədər pafosun nə qədər saxta emosional şərtlərdən qaynaqlandığı daha aydın üzə çıxır. Bizim siyasi davranışımızı bəyənmədiyini anladıq, ancaq özünü 5 faizin içində şəxsiyyətli hesab edən bir ziyalı heç olmazsa ortada az-çox onun standartlarına uyğun müxalifətçilik edən şəxlərə dəstək verdiyini açıq şəkildə bildirməkdən çəkinməməlidir. Ona görə də bir daha əmin oldum ki, ən qabacıl mühitə köçmək də müdrikləşməyə təminat vermir. Məsələn, müdrikliyi XX əsrin böyük yazarı Borxes dünyanı gözləri ilə görmədən də, həm də diktaturanın içində qazanmışdı...
Fazil Mustafa, millət vəkili