Savçenkonun bəyanatı İrəvanda isterika doğurdu
29-01-2017, 16:44
Ukraynada səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov yanvarın 27-də Ukrayna parlamentinin deputatı, Milli Qəhrəman Nadejda Savçenko ilə görüşüb.
Virtualaz.org xəbər verir ki, Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Elxan Nuriyev və Vüqar Həsənovun da iştirak etdikləri görüşdə azərbaybaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə ətraflı məlumat verən ADİHİ rəhbəri girovların azad edilməsi istiqamətində görülən işlərdən danışıb, məsələnin beynəlxalq səviyyəyə qaldırılmasının və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə lazımi məlumatları, sənəd və fotoları Nadejda Savçenkoya təqdim edən ADİHİ rəhbəri konkret detalları müzakirə edib.
Özünün də Moskvada girovluqda saxlanıldığını və bu sahədə ciddi təcrübəsinin olduğunu bildirən N.Savçenko kəlbəcərli girovlarla bağlı beynəlxalq kampaniya başlatmaq təklifini müsbət qarşılayıb və bu işdə əlindən gələni edəcəyini bildirib.
Ukraynanın Milli Qəhrəmanı N.Savçenko bu məsələ ilə bağlı həm Ukrayna Radasında, həm də Ukrayna mətbuatında məsələ qaldıracağını, habelə Avropanın aparıcı insan haqları təşkilatlarının rəhbərləri ilə görüşdə azərbaycanlı girovların azadlığa çıxması üçün fəaliyyət göstərəcəyini də bildirib.
Ukrayna Ali Radası deputatının bu bəyanatı erməni millətçiləri arasında əsl isteriya dalğası doğurub. Sarkisyanı dəstəkləyən blogerlər və sosial şəbəkələrin aktiv istifadəçiləri təkcə Savçenkoya yox, bütovlükdə Ukraynaya qarşı əsl cəbhə açıblar. “Feysbuk”dakı millətçilər Ukraynanın Qəhrəmanı Savçenkonu hətta Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı olmaqda ittiham edir, Ukraynanı isə "anti-erməni əhval-ruhiyysinin mənbəyi" adlandırırlar.
Bir çox erməni KİV-ləri politoloq Qaqik Ambaryanın bəyanatını məhz belə başlıqla (Ukrayna-"anti-erməni əhval-ruhiyysinin mənbəyi" dərc ediblər. Ambaryan Ukraynanı və onun hakimiyyətini Ermənistana qarşı bir sıra demarşlarda açıq ittiham edir və buna səbəb kimi BMT-də Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə edilərkən Ermənistanın tutduğu mövqeni göstərir. Politoloqun fikrincə, Ukrayna onun əleyhinə olan həmin mövqeyə görə (Ermənistan Krımı Rusiyanın bir hissəsi kimi tanıdığını bəyan etmişdi-red.) Ermənistandan qisas alır.
Politoloq Ukraynadakı Ermənistan səfirliyini və Ukrayna erməniləri konqresinin sədri Aşot Avanesyanı da fəaliyyətsizlikdə ittiham edib.
Ambaryan lap sonda yazıb: “İstehza doğuran odur ki, İrəvan həmin mövqe ilə Ukraynanı özünə qarşı kökləyəndən sonra nə Ermənistan, nə də Qarabağ Rusiyadan, demək olar, heç nə almadı".