Rəşad Quliyev ittihamlara cavab verdi
30-01-2017, 18:47
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev sosial səhifəsində haqqında yazılanlara cavab verib.
Hörmətli xanımlar və cənablar!
Məlumunuzdur ki, Dünya Azərbaycanlıları Assambleyası olaraq bir çox uğurlara imza atmışıq və yeni təşəbbüslərimizlə bu uğurlarımıza davam edirik. Bu uğurları gözü götürməyən, ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən bəzi qruplar haqqımda çirkin kampaniyaya start veriblər. Bu gün mətbuatda haqqımda başladılan qarayaxma kampaniyası şəxsimin fonunda əslində gördüyümüz işlərə zərbə vurmaq, Dünya Azərbaycanlıları Köln Forum qabağı cəmiyyətdə çaşqınlıq yaratmaq, qara piar aparmaq, fəaliyyətimizə kölgə salmaq məqsədi güdür.
Bu gün bəzi qərəzli mətbuat səhifələrində haqqımda "Diaspora rəhbəri dələduz çıxdı" yazı verməklə nə qədər saxtakar, riyakar və qərəzli olduqlarını ortaya qoymuşlar. Qarşı tərəfin fikrini dinləmədən, “dələduzluq” kimi cinayətdə ittiham etmək, obyektivlik naminə mənim də mövqeyimə yer verməmək ancaq məkirli planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu "yazı"larda qərəz olduğu verilən başlıqlardan açıq hiss olunur. Özlərini “aldatılmış” adlandıran bu şəxslər tanınmış saytlardan birinin redaktorunun qohumlarıdır. Amma "aysberq"in görünməyən başqa tərəfi vardır.
Belə ki, bu sifarişin əsl təşkilatçıları həmin saytın rəhbərinin Almaniyada yaşayan "siyasi" mühacir, keçmiş qondarma Talış Muğan Respublikasının daxili işlər naziri Əlövsət Əliyevdir. Bu şəxs bir neçə gün öncə Azərbaycan Respublikasnın Berlindəki səfirliyinin qarşısında ölkəmizə qarşı təşkil edilmiş aksiyanın əsas təşkilatçısıdır. Biz isə həmin aksiyadan öncə təşkilat olaraq bu aksiyanı pislədiyimizi bəyan edərək Avropada yaşayan azərbaycanlıları həmin tədbirdə iştirak etməməyə çağıraraq müraciət ünvanlamışıq.
Bunun qisasını bizdən almaq istəyənlər 6 ay öncə baş vermiş, əslində təqdim edildiyi kimi deyil, başqa formada olan hadisəni indi qabartmağa, “zərəçəkənin” "qayğı "sına indi qalmağa başlamışlar. Yazıda göstərilən məbləğ tam olaraq mənə aid deyil, “zərərçəkmiş” kimi təqdim olunan şəxsin razılığı ilə başqa şəxslərə verilib. Mən sadəcə olaraq vasitəçilik etmişəm. Pulu alan şəxs də pulu aldığını inkar etmir və hələ də razılaşmaya sadiq olduğunu bildirir. Pulu mənim hesabıma köçürmələrinin səbəbi isə məni indi fırıldaqçılıqda ittiham edən şəxslərin o zaman artıq bank köçürməsi faizi xərcləməmələri üçün onlara kömək göstərməm üçün etdikləri israrlı xahişləri olub. Yəni onlar anamın Bakıdakı hesabına pul köçürməli, mən də vəsaiti həmin şəxslərin tərəfdaşlarına burada çatdırmalı idim. Təkrar edirəm ki, həmin tərəfdaş aldığını inkar etmir.
Məni bu işdə ittiham edənlərə isə dəfələrlə zəng etməyimə baxmayaraq nə zənglərimə cavab verir, nə də danışmağa hazır olduqlarını göstərirlər. Bununla aydın olur ki , həmin şəxslər "zərərçəkmiş" lərə dəstək olmaq deyil, qərəz nümayiş etdirir və şəxsimə qarşı kampaniya həyata keçirirlər. Hər kəsə aydındır , hansısa şikayətlə başqa birisini "dələduz" adlandırmaq doğru deyil.
Məhkəmə qərarı olmadan kimisə ittiham etmək qanun pozuntusudur , “rekertçilik”, şantajçılıq və böhtançılıqdır. Medianın vəzifəsi baş vermiş hadisəni obyektiv araşdırıb tərəf tutmadan güzgü rolunu oynamaqdır. Şəxsimə qarşı çirkin kampaniya təşkil edənləri məhkəməyə verəcəyimi və böhtançılarla yalnız hüquqi dilində danışacağımı bəyan edirəm.
Məqsədinizə nail olmayacaqsınız və əksinə sizin kimi şantajçıların cavabını dövlətimizə və vətənimizə xidmətlə verəcəyik!
Hörmətlə ,
Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyası rəhbəri
Xatırladaq ki, bu gün Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevin törətdiyi dələduzluq əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsinin yazılması ilə bağlı xəbərlər dərc edilib.
Bu barədə Axar.az-a zərərçəkən İntiqam Əliyevin vəkili, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Rəşad Quliyevin cinayət tərkibli dələduzluq əməlində anası Dünyaxanım Məhərrəmova da iştirak etdiyinə görə istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılacaq.
O da söylənilir ki, R.Quliyev dələduzluq yolu ilə Oğuz sakini İntiqam Əliyevin külli miqdarda pulunu ələ keçirib. Belə ki, Almaniyanın Köln şəhərində yaşayan R.Quliyev İntiqam Əliyevin oğlu Rantik Əliyevin Almaniyada problemsiz yaşayacağını vəd edərək, ondan 12 min avro (13.550 dollar) vəsait alıb. Sözügedən vəsait Rəşad Quliyevin anası Minəxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürülüb. Ancaq sövdələşmədən bir neçə ay keçsə də, R.Quliyev verdiyi sözə əməl etməyib.
İ.Əliyev pulunu geri istəyəndə isə Rəşad Quliyev heç bir halda pulu qaytarmayacağını deyib.
Zərərçəkən Rəşad Quliyevin ondan başqa bir neçə şəxsi də aldatdığını iddia edir.
şefeq.az