Səməd Seyidov: "Avropa Şurasının mövcudluğu böyük sual altına düşüb"
24-06-2015, 14:38
"Avropa Şurası Parlament Assambleyasındakı müzakirələr göstərdi ki, bu təşkilatın daxilində kifayət qədər problemlər var. Bu problemlər Avropa Şurasının faktiki böhranı, onun təşkilat kimi mövcudluğunun böyük sual altına düşməsi deməkdir".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə və təşkilatın rəhbəri Ann Brassörün tənqidlərinə münasibət bildirərkən deyib.
S. Seyidov bildirib ki, AŞPA həmişə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını rəhbəri tutaraq fəaliyyət göstərib, iyunun 23-də isə bu məhkəmənin qəbul etdiyi “Çıraqovların işi” ilə bağlı qərarı inkar edib: “Faktiki olaraq biz, Azərbaycan nümayəndə heyəti, dünən Avropa dəyərləri uğrunda, insan haqları uğrunda mübarizə aparırdıq, AŞPA və onlara havadarlıq edənlər, xüsusilə erməni lobbisi və assambleyanın rəhbəri isə Avropanın və Avropa İnsan Haqları Məhkəməsinin qərarları əleyhinə fəaliyyət göstərdi. Bu, paradoksdur və gülməlidir”.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bütün bunlara baxmayaraq, aparılan müzakirələr və qəbul edilən sənəd Azərbaycana o qədər böyük mənfi təsir göstərməyəcək: “Dünən qəbul olunan sənəd boş və lazımsız kağız parçasına çevrildi. Bunu da edən AŞPA özü oldu. Həmin sənədlə bunlar Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini sual altında qoydular. Sabah artıq ölkələr də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdən imtina edəcəklər. Məhkəmənin qərarları Avropa Şurasının özündə qəbul olunmursa, o zaman ölkələr bu qərarları niyə icra etməlidir? Görün erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hansı addımlara hazırdırlar. Onlar özləri özlərini ifşa etməyə, məhv etməyə hazırdır, təki Azərbaycanda gedən proseslər mənfi qiymətləndirilsin”.
S. Seyidovun sözlərinə görə, sessiyada hazırda Ermənistanda faktiki olaraq vətəndaş müharibəsinin başlamasına toxunulmayıb: “Oradakı əhalinin polisin təzyiqləri altında məhv edilməsindən danışmadılar. Bir günün içində mitinqə çıxdığı üçün 300-ə qədər adamı həbs ediblər. Amma AŞPA-da bununla bağlı bir nəfər də məsələ qaldırmadı, Azərbaycanda nümayəndə heyətindən başqa. Bu da yuxarıda deyilənlərin daha bir sübutudur”.
S. Seyidovun fikrincə, qəbul olunan qətnamənin yeganə müsbət nəticəsi odur ki, onların iç üzü və ikili standartları artıq açıq şəkildə görünməyə başlayıb: "Mən də çıxışımda son olaraq dedim ki, artıq yetər! Bəsdir! Bu, kökündən qeyri-obyektivlikdir. Necə ola bilər ki, bəzi insanların hüquqlarını müdafiə edən şəxslər bizim Dağlıq Qarabağda saxlanılan girovlarımız barədə bir kəlmə də demirlər? Necə olur ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda öldürülən, təcavüzə məruz qalan azərbaycanlılar barədə danışmırlar? Deməli, insan haqları və dəyərlər artıq bir alətə, Azərbaycan qarşı təzyiq vasitəsinə çevrilib. Qəbul etdikləri sənəd heç bir dəyərlərə sığmır. Bəlkə də gələcəkdə ağıllanacaqlar, amma hazırda atdıqları addım tamamilə bu dəyərlərə ziddir”.