“Siyasi partiyalar haqqında qanun”da ciddi dəyişikliklər: - Yeni seçki sistemi gündəmə gəlir

1-03-2017, 17:17           
“Siyasi partiyalar haqqında qanun”da ciddi dəyişikliklər: - Yeni seçki sistemi gündəmə gəlir
Milli Məcliis “Siyasi partiyalar haqqında qanun” layihəsini müzakirəyə çıxartmağa hazırlaşır. Ehtimal etmək olar ki, qanunda ciddi dəyişikliklər olacaq.
Bu arada belə bir məlumat yayıldı ki, DSK-lar təcili olaraq seciçilərin şəxsiyyət vəsiqələrini yığmağa başlayıb. Hər il yanvarın 1-dən 20-nə kimi DSK-lar ərazilərindəki sakinlərin siyahısını tərtib edirlər. O siyahı üzrə də növbəti seçkilərə gedirlər. Bu il siyahıyaalmanın gecikməsi də düşündürücüdür. Belə məlumatlar da yayılmaqdadır ki, ölkədə erkən parlament seçkiləri də keçirilə bilər. Vurğulayaq ki, siyasi partiyaların reanimə olunması son dərəcə vacibdir.
Avropa. info-nun ekspert qrupu dəfələrlə bildirib ki, proporsional seçki sisteminin bərpa olunması ən optimal variant kimi qəbul edilir.
Qeyd edək ki, ölkədə 2002-ci ildə keçirilmiş referendumla ləğv edilən proporsional seçki sistemi siyasi partiyaları tamamilə zəiflətdi. Lakin indi ölkədə fərqli vəziyyət yaranıb və vitse-prezidentlik institunun formalaşdırılması ilə ölkədə yeni siyasi situasiya yaradılması nəzərdə tutulur. Azərbaycan kimi demokratik ənənəsi az olan və siyasi partiyaları tam formalaşmayan ölkələrdə parlament seçkiləri zamanı yalnız majoritar sistemə üstünlük verilməsi problemlərə səbəb olur. Son illərin təcrübəsi də sübut etdi ki, proporsional seçki sisteminin ləğvi siyasi münasibətləri ifrat dərəcədə ağırlaşdırır, müxalifət partiyalarını sıradan çıxarır və faktiki olaraq, ölkədə siyasi partiyalarsız sistemin yaradılmasına xidmət edir.
Müxalifətsiz parlamentin formalaşdırılması isə bir çox beynəlxalq təşkilatlara üzv olan Azərbaycan üçün ciddi problemlər yaradır. Aparıcı partiyaların sıradan çıxarılması və YAP-la yanaşı, iqtidarmeylli kiçik partiyaların calağından ibarət yeni siyasi təşkilatın formalaşdırılması cəhdləri bu gün də davam etməkdədir.

Eyni zamanda, bir sıra nisbətən kiçik olan müxalifət partiyalarının da vahid təşkilatda birləşməsi perspektivi kifayət yüksəkdir. Bir sözlə, iqtidara yeni islahatlar zərfini təqdim edən və bunu reallaşdırmaq üçün danışıqların vacib olduğunu vurğulayanlar Azərbaycanda yaxın gələcəkdə demokratiyanın daha çox inkişaf etməsini arzulayırlar. Bu, politoloji bir problemdir. Analitiklər hesab edir ki, proporsional sistemin bərpası ilə müxalifət partiyalarında canlanma yarana bilər. Hesablamalara görə, son nəticədə bunlar demokratik inkişafa gətirib çıxarmalıdır.
Majoritar sistemin eybəcərliklərindən biri də odur ki, millət vəkilləri təsdiq edilmiş siyahı əsasında parlamentə düşürlər və bu zaman onların maliyyə imkanları da nəzərə alınır. Proporsional seçki sistemi isə həqiqi demokratiya quran ölkələrdə çoxpartiyalı sistemin oturuşmasına, güclü partiyanın formalaşmasına gətirə bilər. Majoritar seçki sistemində istənilən müxalifət nümayəndəsi və yaxud ziyalının milyonlara sahib olan namizədin qarşısında məğlub olacağı ehtimalı böyükdür.
Bu baxımdan, yeni seçkilərin keçirilməsi ilə yanaşı, qanuna önəmli dəyişikliklərin edilməsidə aktualdır. Vitse- prezidentlik təsisatının formalaşdırılması bu istiqamətdə atılan ilk addımdır və islahatların davam edəcəyi gözlənilir…
Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.