AXCP ətrafında “saxta mühacir” qalmaqalı böyüyür

22-04-2017, 10:04           
AXCP ətrafında “saxta mühacir” qalmaqalı böyüyür
Mühacir biznesi ilə bağlı partiya rəhbərliyi istintaqa nələri deyib?; Tural Hüseynov: “Fikrət Hüseynli mənə qarşı dələduzluq edib və mənim pulumu mənimsəyib”

AXCP ətrafında cərəyan edən saxta sənəd qalmaqalı məsələsi getdikcə böyüyür. Belə ki, Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dindirilməyə çağırılıb.

Onun və digər partiya üzvlərinin dindirilməsi “partiya adından saxta sənədlərin verilməsi və bu yolla insanların mühacirətə göndərilməsi iddiaları” ilə bağlı olub.


Bu barədə “BBC Azərbaycan”a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramı bildirib ki, istintaq idarəsində 5 saata yaxın dindiriliblər.
Cümə axşamı partiyanın Təşkilat Şöbəsinin sədri Saqif Qurbanov da istintaq idarəsində ifadə verib.
Baş Prokurorluğun mətbuat xidməti bu məsələ ilə bağlı şərh verməyib.


Gözəl Bayramlı dindirilmə zamanı ona “saxta sənədlər düzəltməklə xaricdə oturum icazəsi alınması faktı” üzrə suallar verildiyini deyib. O, bu fakt üzrə ibtidai istintaqa şahid qismində dəvət edilib.


G.Bayramlı deyib ki, AXCP “bu işlə əlaqəli deyil” və partiya bu adla saxta sənəd düzəldənlər barədə “faktların açıqlanmasında maraqlıdır”.


Lakin mövcud faktlar başqa şey deyir. Son illər mətbuat səhifələrində tez-tez pul müqabilində saxta sənədlər düzəldərək insanları mühacirətə göndərən qrup haqında çoxsaylı materiallar dərc olunub. Görünür artıq müvafiq qurumlar bu qrupların izinə düşüb və müvafiq addımlar atırlar.


Ötən saylarımızda mühacir jurnalist, AXCP-yə yaxın olan, “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin AXCP üzvü Tural Hüseynova qarşı saxta sənədlə bağlı dələduzluğu barəsində məlumat vermişdik.


Tural Hüseynov bu məsələ ilə bağlı “Yeni Müsavat”a yeni açıqlama verərək bildirib ki, hazırda qonşu ölkələrin birindədir: “Hazırda qonşu ölkələrin birində özəl işlə məşğulam. Növbəti addımım əgər ehtiyac olarsa, Fikrət Hüseynlinin səs yazılarını ictimaiyyətə təqdim etmək olacaq. O səs yazılarında Fikrət Hüseynli səfirlik və konsulluqla bağlı məsələlərdən danışır”.


T.Hüseynov bildirib ki, o dələduzluqla üzləşməsi ilə bağlı açıqlama verdikdən sonra Fikrət Hüseynli onu sosial şəbəkələrdə blok edib:


“Yazı dərc olunduqdan sonra Fikrət Hüseynli mənim facebook profilimi bloka atdı. AXCP rəhbərliyi tərəfindən mənə qarşı hər hansı bir irad bildirilməyib. Nə rəhbərlik, nə də üzvlər tərəfindən heç bir münasibət bildirilmədi. Hazırda gedən söhbətlərə münasibətim çox mənfidir və bunları AXCP-yə qarşı şər-böhtan sayıram. Fikrətlə aramızda olan məsələ ilə əlaqədar işimdən oldum, evimin əşyalarını satdım, qır-qızılı satdım və olan qalan hər şeyim əlimdən çıxdı... İndi üz tutmuşam ayrı bir ölkəyə. Çalışıram burda pul qazanıb ailəmi dolandıram. Bundan sonra itirdiklərimi bərpa etmək haqqında fikirləşirəm... Üz tutacağım heç bir yer yoxdur. Mən Fikrət kimi insanın öz layiqli cəzasını almaqdan yana bu işi ictimailəşdirdim. Bu qədər yalan və haqsızlığa dözə bilməzdim. Üzvü olduğum partiya mənim arxamda durmalı və Fikrətə layiq olduğu cavabı verməlidir. Onlardan gözləntim budur”.


T.Hüseynov bildirib ki, o, özündən başqa digər şəxslərin də bu kimi dələduzluqla üzləşdiyinin şahidi olub: “Tanıdığım insanlar var ancaq o insanların razılığı olmadan mən onların adın hallandıra bilmərəm. Fakt budur ki, bu adam mənə qarşı dələduzluq edib və mənim pulumu mənimsəyib (düzəldə bilmədiyi iş müqabilində). Onu da qeyd etmək istəyirəm ki, bu insanın əməlləri haqqında istər mətbuatda, istərsə də facebook səhifələrində dəfələrlə belə məlumatlar gedib. Dəhşətlisi isə ondadır ki, bu adam hər dəfə bu işlərin altından sürüşərək çıxmağı bacarır və ona qarşı çıxan adamları hakimiyyətin satılmışı, ona şər atan adam kimi qələmə verir. Adama deyərlər nə oldu, hər kəs satılmış oldu bir sən saf və təmizsən?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.