AXCP-dən yeni istefalar gözlənilir... - Səbəb
9-07-2015, 11:45
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. Bununla bağlı o, sosial şəbəkələrdə status paylaşıb. Statusda o, bacardıqlarını gerçəkləşdirməyə olan maneələrə eyham vuraraq, istefa verdiyini qeyd edib. İstefa statusunu olduğu kimi təqdim edirik: “Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi - ali məqsəd üçün çalışmışam.
İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.
Əbülfəz Qurbanlı qəzetimizə müsahibə vermədiyindən mövqeyini öyrənə bilmədik. Əvvəl düşündük ki, onun profilini oğurlayıblar. Çünki indiyə qədər dəfələrlə AXCP daxilindən sosial şəbəkələrdə istefa statusları paylaşılıb, lakin sonradan profilin oğurlanması ya bəhanə, ya da əsas gətirilib. Lakin Ə.Qurbanlının istefası əvvəlkilərdən tamam fərqli olub. Belə ki, adının açıqlanmasını istəməyən AXCP rəsmilərindən biri faktı təsdiqləyib.
Əbülfəz Qurbanlı özü də AXCP-dən istefa verməsi ilə bağlı xəbərə münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında profilinin sındırılmadığını, statusunu özünün yazdığını və AXCP-dən istefa verdiyini təsdiqləyib: “Hər şeyi orada yazmışam. Əlavə məlumata ehtiyac duymuram. Xahiş edirəm məni narahat etməyin”.
Azvizion.az saytı da yazır ki, Ə.Qurbanlı istefa verdiyini onlara təsdiqləyib, amma səbəbləri barədə danışmaq istəmədiyini söyləyib.
AXCP rəhbərliyindən isə, bu yazı çapa gedənə qədər heç kim faktla bağlı izahat verməyib.
Ə.Qurbanlının istefası ilə bağlı artıq bəzi versiyalar səsləndirilir. Onun partiyadaxilində demokratiyanın olmamasına görə istefa verdiyi deyilir. Eyni statusa malik olan digər müavinlərdən fərqli olaraq, Ə.Qurbanlının imkanlarının sıfıra endirildiyi, hətta onun görməli olduğu işləri də başqa müavinlərə tapşırıldığı deyilir. Məhz bu amillərə görə sonda onun istefa verdiyi ehtimal edilir.
Redaksiyamıza AXCP daxilindən yaşananlarla bağlı məlumat verən mənbənin fikirləri daha inandırıcı göründü. Mənbə istefa ilə bağlı onu dedi ki, Əbülfəz Qurbanlı əslində qalsa çoxdan istefa verməli idi. Çünki o, müavinlik səviyyəsində perspektivinin olmadığına əmin imiş. Dəfələrlə onun partiya daxilində işləməsinə imkan verilməməsinə görə gileyləndiyi, narazılıq etdiyini də mənbə qeyd etdi.
Yayılan xəbərlərdən biri də partiya rəhbərliyinin gənc müavinə olan inamsızlığı ilə bağlıdır. İndiyə qədər Ə.Qurbanlının rayon şöbələrində iclaslar keçirməyə, iştirak etməyə qısqanclıqla yanaşılıb. Sonda o, emosionallıq göstərib. Əsas narazılığı olan şəxslərin Həsən Kərimov və Gözəl Bayramlı olduğu bildirilir. Çünki hazırda AXCP daxilində demək olar ki, bütün səlahiyyətlər bu iki şəxsin əlində cəmləşib. Məhz bu amilə görə yaxın günlərdə rəhbərlik səviyyəsində bir sıra şəxslərin istefa verəcəyi gözlənilir.
AXCP sədrinin müavininin istefasına səbəb olan daha bir versiya var. Bu partiyadan çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun “Yeni Müsavat”a bazar ertəsi verdiyi müsahibədə səsləndirdiyi anonslardır. Sabiq şöbə müdiri anonsların birində AXCP Rəyasət Heyətinin iki üzvünün Əli Kərimli və Razi Nurullayev arasında oyun oynadıqlarını, müəyyən dairələrlə əlaqələrinin olduğunu bildirmişdi. Həmin iki şəxsdən birinin Ə.Qurbanlı olduğu ehtimal edilir.
Fərqli bir iddia da ondan ibarətdir ki, gənc müavin hansısa video-görüntülərlə şantaj olunub.
Qeyd edək ki, bu, Əbülfəz Qurbanlının ilk istefası deyil. İki il öncə də o partiyadan açıq şəkildə istefa verdiyini bəyan etmiş, lakin rəhbərlik səviyyəsində geri qaytarılmışdı. Amma bu istefa heç də ona bənzəmir. Çünki artıq o, xəbəri təsdiqləyib.
Onu da xatırladaq ki, artıq bu, Əli Kərimlini qəfil şəkildə tərk edən üçüncü müavindir. Bundan əvvəl Fuad Mustafayev, daha sonra isə Asəf Quliyev bu addımı atmışdı. Böhran keçirən təşkilat Əli Kərimlinin başqa bir müavinini - Razi Nurullayevi tutduğu vəzifəsindən azad etmişdi.
Onu da xatırlatmaq kifayətdir ki, yaxın günlərdə qurumun Rəyasət Heyətinin daha bir üzvünün istefa verəcəyi gözlənilir. Həmin şəxsin Ağaşirin Tanrıverdioğlunun “Yeni Müsavat”dakı müsahibəsində ifşa edəcəyi ilə bağlı anons verdiyi şəxslərdən biri olduğu güman edilir. Bundan əlavə, sıravi üzvlər səviyyəsində də istefalar qaçılmazdır. Göründüyü kimi, kənardan daxilində sabitlik görüntüsü verən AXCP heç də yaxşı günlərini yaşamır. Qurumun bu vəziyyətdən necə çıxacaq yaxud çıxa bilməyəcək zaman göstərəcək. Belə davam edərsə, Əli Kərimlinin qarşıdakı qurultaya yalnız öz ətrafı ilə gedəcəyi istisna olunmur.