Sərdar Cəlaloğludan sensasion AÇIQLAMALAR - “İŞİD-in ideologiyası İslam ideologiyasıdır”
9-07-2015, 14:53
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “İslam dövləti” (İŞİD) terror təşkilatının Azərbaycana yaratdığı təhlükələrlə bağlı Modern.az saytına müsahibə verib.
- Bu yaxınlarda ABŞ prezidenti Barak Obama bir daha İŞİD təhdidi ilə bağlı dünyaya səsləndi. İŞİD-in Şimali Qafqazda filialının yaradılması fonunda Ağ Ev rəhbərinin bəyanatı diqqət çəkməyə bilməz. Bu təhlükə xəbərdarlığı Azərbaycana da aiddir. İŞİD-in Azərbaycan üçün hansı problemlər yarada bilər?
- İŞİD böyük bir təhlükə olmasını anlamaq üçün Barak Obamanın bəyanatına diqqət çəkməyə ehtiyac yoxdur. Çünki onsuz da hamı bilir ki, Azərbaycan vətəndaşları İŞİD tərkibində döyüşmək üçün ölkəni tərk edirlər. Bu gün İŞİD-in sıralarında yüzlərlə azərbaycanlı var. Bu o deməkdir ki, Azərbaycanda İŞİD-ə kifayət qədər lojistik dəstək verən qüvvələr var və onlar aktiv şəkildə fəaliyyət göstərirlər. Qapalı yerdə insanlar öz iddialarını açıq və demokratik şəkildə ortaya qoya bilmir. Buna görə də bu qapalılıq onları radikal qüvvələrin tərəfinə çəkir. Kimdə ki, mənəvi travma, zorakılığa meyllilik var, onlar böyük sürətlə İŞİD sıralarına cəlb edilir.
- İŞİD-in Azərbaycanda da təşkilatlanması onlara məmurlar səviyəsində böyük dəstək verilməsi iddialarına yol açır. Sizcə, həqiqətən də, vəzifəli şəxslər İŞİD-in özəklərinə dəstək verir?
- Azərbaycanda tam demokratik mühit olmadığına, insanlar öz narazılıqlarını ifadə edə bilmədiklərinə görə İŞİD kimi təşkilatların çağırışları onlar üçün əhəmiyyət daşıyacaq. Azərbaycandakı bəzi vəzifəli şəxslərin ölkədəki İŞİD tərəfdarlarını himayə etməsi haqqında isə mənim əlimdə bir fakt yoxdur. Yalnız öz fərziyyəmi irəli sürə bilərəm. Yüzlərlə Azərbaycan vətəndaşı bir neçə dövlətin ərazisindən keçərək İŞİD-ə qoşulursa, ortaya maraqlı məqamlar çıxır. Deməli, Azərbaycan vətəndaşlarının Suiryaya, İraqa getməsi kanalında bir sıra məmurlar bu və ya başqa şəkildə rol oynayır. İŞİD-in kifayət qədər maliyyə vəsaiti var. Bilirsiniz ki, korrupsiya olan ölkələrdə əlavə puların verilməsi məmurlar üçün göydəndüşmə fürsətdir. Lakin hansı məmurun İŞİD-lə bağlı olduğuna dair əlimdə konkret dəlillər yoxdur.
- İŞİD Şimali Qafqazda çox möhkəm dayaqlara malikdir. Bu, Rusiya üçün nələr vəd edir?
- İŞİD və digər ekstretmist təşkilatlar Rusiya üçün çox böyük təhlükədir. Bunun bir səbəbini də Rusiyada axtarmaq lazımdır. Çünki, Rusiya çoxlu sayda müsəlmanları öz işğalı altında saxlayır. Moskva cəhd edir ki, MDB məkanındakı digər müsəlman dövlətlərini də öz nəzarətinə keçirtsin. Rusiya etdiyi hərəkətlərlə İŞİD-in mübarizəsi üçün zəmin hazırlayır. Rusiyanın anti-İslam siyasəti aparması radikal müsəlman təşkilatların ora ayaq açması üçün stimuldur. Moskvanın İslam dövlətlərinə açıq-aşkar dözümsüzlük nümayiş etdirməsi İŞİD-in Şimali Qafqazda yeni cəbhəsinin açılmasına şərait yaradır.
- İlahiyyatçılar, siyasətçilər bəyan edir ki, İŞİD-in İslam dini ilə bir əlaqəsi yoxdur və onlar müsəlmanların rifahı üçün döyüşmür. Amma sizin fikriniz adamda bu qənaət yaradır ki, İŞİD İslam dövlətlərinə qarşı aparılan siyasətə elə İslam adından cavab verir. Təzadlı deyilmi?
- İŞİD-in ideologiyası İslam ideologiyasıdır. Amma onun seçdiyi yol, seçdiyi metodlar İslam dininə uyğun deyil.