Riçard Hoqlandın ərazi təklifləri erməni politoloqları üz - üzə qoydu

27-08-2017, 18:12           
Riçard Hoqlandın ərazi təklifləri erməni politoloqları üz - üzə qoydu
Arman Məlikyan: “Hoqlandın təklifi “ərazi qarşılığında heç nə” formulundan başqa bir şey deyil”; Riçard Kirakosyan: “Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması məsələsi münaqişənin konstruktiv həlli planında açar rolunu oynayır”

ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland (ABŞ) Qarabağ münaqişəsinin nizamlanmasının prinsiplərini açıqlayıb.

O, bir daha Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğu fikrini təkrarlayıb.

Hoqlandın fikincə tərəflər Daqğlıq Qarabağın statusunu qarşılıqlı razılıq və öhdəlik şəklində müəyyən etməli, Dağlıq Qarabağın Bakı tərəfindən nəzarət edilməyən ərazisi isə müxtar qurumun təhlükəsizliyi və təminatı naminə müvəqqəti status almalıdır.

Hoqlandın dediklərində diqqət çəkən məqamlardan biri də bütün prosesin sülhməramlı missiya ilə beynəlxalq təminat içində gerçəkləşdirilməli olması haqqında fikirləridir.
Azərbaycan politoloqlarının məsələ ilə bağlı mövqeləri bəllidir.

Musavat.com erməni mətbuatına istinadən düşmən tərəfinin ekspertlərinin fikirlərini təqdim edir.

Rəsmi olaraq Ermənistan xarici işlər naziri E. Nalbandyan amerikalı həmsədrin yeni bir şeyi söyləmədiyini bildirib.

Erməni polotoloq Arman Məlikyan (bu adam vaxtilə qondarma “DQR”-in “xarici işlər naziri” vəzifəsini daşıyıb-red.) isə təklifə qarşı sərt çıxıb:

“Hoqlandın təklifi “ərazi qarşılığında heç nə” formulundan başqa bir şey deyil. Bu, Rusiya və Azərbaycan siyasi xadimlərinin və analitiklərinin səsləndirdiyi tezislərlə eynidir.

Belə çıxır ki, ərazilər Azərbaycana “DQR-in torpağı kimi deyil (?), sadəcə qan tökülməsinin qarşısını alınması üçün qaytarılacaq”, Məlikyan özünün facebook səhifəsində yazıb.

Separatçı qurumun daha bir nümayəndəsi Ayk Hanumyan isə problemin yeganə həllinin qondarma qurumun tanınması olduğunu bildirib. O, müharibədən öncə 4440 kv. km-lik əraziyə malik Qarabağın əvvəlki sərhədlərinə qaytarılmasının imkansız olduğunu qeyd edib.


Ermənistanın təhlükəsizlik üzrə ekspertlərdən sayılan, Strateji araşdırmalar mərkəzinin rəhbəri politoloq Hrant Məlik-Şahnazaryan Hoqlandın təkliflərinin artıq aktuallğını itirdiyini bildirib:


“Bu danışıqlar msasında mövcud olmayan təkliflərdir. Aprel müharibəsi Madrid prinsiplərinin yararsızlığını nümayiş etdirdi. Azərbaycanın özü də həmsədrlərin təkliflərindən neçə vaxtdır ki imtina edir".

Politoloq Hrant Mikaelyan isə Riçard Hoqlandın gethagetdə belə bir təkliflə çıxış etməsini təbii hesab edir. “Onun səlahiyyətləri dövründə nizamasalma prosesi ilə bağlı dəyişiklik olmayıb. Görünür o getdikdən sonra prosesi yerindən tərpətmək üçün addım atmağa cəhd edib”.

Bəzi erməni siyasət ekspertləri isə məsələyə daha təmkinli yanaşmağa üstünlük verib.

“Riçard Hoqlandın qaldırdığı Dağlıq Qarabağ ətrafındakı ərazilər məsələsi Ermənistanda həmişə ağrı ilə qarşılanır. Lakin biz anlamalıyıq ki, münaqişənin konstruktiv həlli planında bu məsələ açar rolunu oynayır”.

Bu sözlər Regional araşdırmalar mərkəzinin rəhbəri Riçard Kirakosyanın "Azadlıq" radiosunun Ermənistan bürosuna (Radio Azatutyun) verdiyi müsahibədə səslənib.

Politoloq Manvel Sərkisyanın fkirincə bu fikirlərin ATƏT-in səlahiyyələri bitməkdə olan həmsədrinin dilindən ifadə olunması onun siyasi qüvvəsini azaltmır. Sərkisyan Hoqlandın mövqeyinin onun yerinə gələcək şəxs tərəfindən eynilə təkrarlanacağını vurğulayıb.


Manvel Sərkisyanın rəyinə əsasən, Hoqlandın bu təklifləri Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüş gününü bildirməsi məsələ ilə bağlı intriqanı artırır:

“Hoqland öz bəyanatı ilə bütün maraqlı tərəflərə, o cümlədən Rusiyaya mesaj göndərmiş olub. Yəni o, Dağlıq Qarabağ münaqişəsinin sadəcə bir dövlətin arzusu ilə deyil, bütün tərəflərin qarşılıqlı razılığı əsasında həll olunmasının vacibliyini çatdırıb”.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.