Qorbaçovun məşhur tərcüməçisinin Publika.az-a MÜSAHİBƏSİ: "Bəxtim heç gətirməyib"

28-08-2017, 20:04           

Sovet dövrünün ən yaddaqalan xatirələrindən biri də Mixail Qorbaçovun digər dövlət başçıları ilə rəsmi görüşləri və bu görüşlərdə onu müşayiət edən müəmmalı tərcüməçisi ilə bağlıdır.


Publika.az uzun sürən axtarışdan sonra əfsanəvi tərcüməçi Pavel Palajçenko ilə əlaqə yaradıb, müsahibə almaq imkanı əldə etdi.
40 ildən çox Mixail Qorbaçov və Eduard Şevarnadze ilə çalışmış siyasi analitik Pavel Ruslanoviç 1949-cu il martın 17-də Moskvada dünyaya gəlib. İngilis, alman, ispan, fransız və italiyan dilləri üzrə peşəkar tərcüməçi Palajçenko hazırda Qorbaçov Fonunun beynəlxalq münasibətlər və media ilə əlaqələr bölməsinin rəhbəridir. O, həmçinin BMT və Avropa Şurasında, Rusiyanın beynəlxalq konfranslarında sinxron tərcüməçi qismində çalışır.
Palajçenko tərcümə sahəsinə həsr olunmuş bir sıra dəyərli ədəbiyyatların müəllifidir.

- Belə bir deyim var: “Yazıçı çayda, təcüməçi isə akvariumda balıq tutmağa çalışır”. Akvariumda balıq tutmağın çətinlikləri çoxdurmu?
- Yaradıcı azadlığı nəzərdə tutursunuzsa, bəli, çox çətindir. Tərcüməçi yaradıcılığı boyu daim çərçivə içərisində olur. Bu baxımdan yazıçıların işi daha asandır. Çünki mətnin müəllifi odur və hadisələr onun istəyinə görə cərəyan edir.
Digər tərəfdən isə tərcüməçinin işi asandır. Çünki o, yeni hekayələr, əhvalatlar düşünmək məcburiyyətində deyil.
Tərcüməçi üzərində işlədiyi mətnin əsilinə sadiq qalmalıdır. Bu bizim qanunumuzdur. Lakin bəzən də azad olmaq istəyirik.

- İngilis dilini kiçik yaşlardan ananızın təkidi ilə öyrənməyə başlamısınız. Ananız haqda danışa bilərsinizmi?
- İlk vaxtlar onun bu təkidinə qarşı çıxırdım. Anam məni ingilis dilini öyrənməyə məcbur edirdi. Halbuki özü peşə seçiminə çox zaman ayırmışdı. Riyaziyyatı gözəl bilirdi, bir ara hüquqşünas olmaq istəyib. Sonda isə Qırmızı Ordunun Hərbi Xarici Dillər İnstitutu üzərində dayanıb.
Onun tələbəlik illəri İkinci Dünya Müharibəsi illərinə təsadüf edib. İki il yarım təhsil aldıqdan sonra təyinatla Bolqariyaya gedib. Burada müttəfiqlərin radioötürücülərlə gedən danışıqlarını ingilis dilindən tərcümə edib.
Anamın gəncliyi çox ağır keçib. Öncə atası dünyadan köçüb, sonra isə anası sürgün edilib. Moskva Xarici Dillər üzrə Dövlət Pedoqoji İnstitutunun qiyabi şöbəsində təhsilini başa vurub, çətinliklə də olsa, iş tapıb. Anam Losino-Petrovskiy şəhərciyinin məktəbində ingilis-dilindən dərs verirdi. Bacarıqlı şagirdlərin azlığına rəğmən kollektivi hər zaman tərifləyirdi.
Anamın Amerika və ingilis ədəbiyyatından ibarət çox böyük kitabxanası vardı. Xüsusən də müharibədən sonra SSRİ-də məşhurlaşan klassiklərin əsərləri üstünlük təşkil edirdi.
Tədricən anam və ondan mənə keçən genetik irs sayəsində ingilis dilinə olan marağım artmağa başladı. Buna görə ona minnətim sonsuzdur.

- Tərçüməçi “gözəgörünməz” olmalıdır. Lakin sizin haqqınızda bu fikri səsləndirmək çətindir. Şəxsən mənim üçün Pavel Palajçenko parlaq və olduqca maraqlı yaradıcı simadır...
- Kölgədə qalmaq hər zaman alınmır. Xüsusən də fəaliyyətimin ən məhsuldar dövrünə nəzər salsaq, cəmiyyətin dünya siyasətinə sonsuz marağının şahidi olarıq. Nəhəng dövlət başçılarının rəsmi görüşlərində çox iştirak edirdim. Jurnalistlər və fotoreportyorlar sanki bir-birinə yaradıcı savaş açır, ən uğurlu kadr uğrunda mübarizəyə qalxırdılar. O dövrdən günümüzədək çoxsaylı fotoşəkillər və videomateriallar qalıb. Mənim isə bu mənbələrdə kifayət qədər yer almağım vəzifəmi yerinə yetirməyimdən qaynaqlanır.
Qorbaçovun məşhur tərcüməçisinin Publika.az-a MÜSAHİBƏSİ: "Bəxtim heç gətirməyib"
- Sosial şəbəkələrdə çox fəalsınız. Hətta tez-tez siyası yuxularınızdan yazırsınız. Çox yuxu görürsünüz?
- Nadir hallarda olur, amma bəzən yuxular görürəm. Dəqiq xatırlamıram ingilis, ya da avstraliyalı alimlər sübut edib ki, yuxu görmək sağlamlıq baxımından çox faydalıdır.
- Fəaliyyətiniz boyu hansı məşhur şəxslərlə rastlaşmısınız? Maraqlıdır, bu siyahıya yalnız siyasətçilər daxildir, yoxsa digər peşə sahibləri də var?
- Əsasən işlədiyim simalar siyasətçilər, diplomatlar, hərbçilər olub. Digər peşələrdən isə həkimlər, alimlər, yazıçı və iş adamlarının adlarını çəkə bilərəm. Bu şəxslərin çoxu öz sahəsinin ulduzları olublar. Düşünürəm ki, belə insanlarla işləyib, ünsiyyətdə olmaq tərcüməçinin başlıca üstünlüyüdür.

- Necə düşünürsünüz, tərcüməçi dilini tərcümə etdiyi ölkənin, xalqın mədəniyyətini bilməlidirmi? Bu nə dərəcədə vacibdir?
- Əlbəttə, bu vacib amildir. Hətta əlavə etmək istərdim ki, bilməkdən başqa, sevmək də lazımdır. Tanıdığım ən güclü tərcüməçilərdə məhz bu özəlliklərə rast gəlmişəm. Sovet dövründə dilini öyrəndiyin ölkəyə səyahət etmək imkanı məhdud idi. Hətta bu ölkənin mədəniyyətini, incəsənətini ehtiva edən ədəbiyyatlar da tapılmırdı. Bu kitabları tapsan belə, o dünyaya köklənmək, adət-ənənələrini ədəbiyyatını dərindən dərk etmək üçün böyük xəyal gücü tələb olunurdu. Qürurla demək olar ki, həmin dövrdə zəngin təxəyyülə malik insanlar çox idi, qapalı cəmiyyətimizin yüksək tərcümə məktəbini də məhz onlar yaradıb.
- Pavel Ruslanoviç, uzun müddət Mixail Qorbaçovla çalışmısınız. Çox güman ki, bu illər ərzində iş prosesində maraqlı və gülməli hadisələr baş verib. Bəlkə Qorbaçovla bağlı gülməli əhvalatlar danışasınız, biz də gülək...
- Etiraf edim ki, Qorbaçovla işlədiyim 40 il ərzində başıma gülməli əhvalat gəlməyib. Məşhur tərcüməçilər haqda ən gülməli lətifələri Aleksandr Şveytserin xatirələri əsasında Darya Dontsova qələmə alıb. Bu lətifələrin bir neçəsini sizinlə bölüşə bilərəm:
Bu şəxs Sergey Lvov təxəllüsü ilə hekayələr yazan hərbi tərcüməçi olub. Bir də general Qolikov adlı general varmış (Qolikov dünyadan köçəndə artıq marşal rütbəsinədək yüksəlmişdi). General Lvovun ona alman dilindən tərcümə etdiyi “zəfər filmləri”ni çox sevərmiş. Bu janr isə bildiyiniz kimi geniş anlamdır. Generalın arzusu ilə Almaniyanın kinofondunda olan bütün zəfər filmlərinin lent yazıları onun hüzuruna gətirilirdi.
Günlərin bir günü film başlayır. Tərcüməçi Lvov generalın yanına çağırılır. Sergey fransızca bilmədiyi üçün öz ssenarisini yazmağa məcbur olur. Hər şey tərcüməçinin ürəyincə getsə də, sonda bacı-qardaş kimi təqdim etdiyi gənclərin toy mərasimi baş tutur. Lvov özünü itirmədən bildirir ki, bu gənclər doğma bacı-qardaş deyillər. Gənc oğlan illər öncə qızın valideynləri tərəfindən övladlığa götürülübmüş. Sonda isə məhəbbət zəfər çalır!
General bu filmi o qədər bəyənir ki, bir daha baxmaq istəyir. Bu dəfə isə fransızdilli tərcüməçi çağırırlar. Dəqiq tərcümə Qolikovun ürəyinə yatmır. Əmr edir ki, bu işbilməzi qovub, yenə Lvovu çağırsınlar. Çünki o işinin peşəkarıdır.
Növbəti lətifəni isə mənim müəllimim tərcümə nəzəriyyəsi üzrə mütəxəssis Vilen Komissarov danışıb. Yeri gəlmişkən Komissarov Retsker, Çernov başda olmaqla, dünyadan köçən bütün müəllimlərimi hörmətlə anıb, onlara təşəkkür etmək istəyirəm.

Vilen Komissarovun danışdığı əhvalatı təhrif etmədən sizinlə bölüşürəm:
“BMT-nin Cenevrə bölməsinin tərcümə xidmətinin rəhbəri Veye-Lavale danışırdı ki, Konqodakı vətəndaş müharibəsi zamanı BMT-nin sülhməramlı nümayəndəsi tərcüməçi vasitəsilə ölkənin qəbilə liderlərinə müraciət edib, onları münaqişədən döndərmək istəyir. Alovlu çıxışına rəng qatmaq istəyən nümayəndə qəbilələyə məxsus ayin rəqsləri həyata keçirib, onların qəribə mahnılarını da ifa edir. Onun səyləri işə yarayır. Konqonun qəbilə başçılarını savaşdan yayındıra bilir.
Amma səmimi etiraf edim ki, "Malik və tərcüməçilər" adlı əhvalatı daha çox bəyənirəm. Yakov Aleksandroviç Malik BMT-də SSRİ-nin daimi nümayəndəsi idi. Malik əsl zəmanə insanı idi. Öz zəhməti hesabına yüksək vəzifəyə qalxmağa nail olmuşdu. Müharibə illərində Yaponiyada səfir, sonralar isə xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdı.
Yakov Aleksandroviç olduqca zəhimli və sərt insan idi. Buna baxmayaraq, ona tərcüməçilik etdiyim müddətdə mənimlə hər zaman mülayim davranmışdı.
Günlərin bir günü yazılı tərcümə üzrə rus xidmətinin rəhbərliyi işlərində səhvə yol verirlər. Xəbər xarici işlər nazirinin müavininə çatır. Malik xidmətin rəhbərliyini təcili qəbuluna çağırır. Rəhbərlik nümayəndələri səhvlərini ört-basdır etməkçün bir neçə gənc tərcüməçi ilə birgə gəlirlər. Nazir müavini xidmətin əməkdaşlarını düz 20 dəqiqə durmadan danlayır. Birdən yorulur və otağa sükut çökür. Elə bu an ən təcrübəsiz və gənc tərcüməçi dillənir:
”Yakov Akeksandroviç, bu görüşümüzü ömrümün sonunadək unutmayacam. Sizin kimi böyük şəxsiyyət, BMT-də SSRİ-in daimi nümayəndəsi, nazir müavini mənim kimi sıravi tərcüməçi ilə danışmağa zaman ayırdı".
Hər kəs donub, qalır. Malikin hirsi soyuyur, bəlkə də öz gəncliyini xatırlayır. Tərcüməçilərlə birgə çay içib, onları azad buraxır.
Onlarla belə maraqlı əhvalat bilirəm. Təəssüf ki, heç birisi özümlə bağlı deyil. Bu mövzuda bəxtim gətirməyib.

- Elm və texnikanın işıq sürətilə inkişaf etdiyi zəmanədə yaşayırıq. Sizcə, robotların tərcüməçiləri əvəzələyəcəyi dövr çox yaxındır?
- Müxtəlif kompüter proqramları, onlayn lüğətlər elə bu gün də tərcüməçilərin ən yaxın köməkçiləridir. Düşünürəm ki, onlar daha çox inkişaf edib, arzuladığımız tələblərə yüksək səviyyədə cavab verəcəklər. Lakin bu heç vaxt ideal həddə çatmayacaq. Doğrudur 30-40 il bundan sonra tərcüməçilik peşəsi indikindən qat-qat fərqlənəcək. Lakin onlara hər zaman ehtiyac duyulacaq. Bu xüsusən də ingilis dili kimi müxtəlif tələffüz variantları olan qlobal dilin şifahi tərcüməsi üçün mümkünsüzdür.

- Pavel Ruslanoviç, Azərbaycanda olmusunuz? Ölkəmiz haqda təəssüratlarınız necədir?
- Çox gözəldir. Yalnız Bakıda olmuşam və çox bəyənmişəm. Deyilənə görə, Bakı indi daha da gözəlləşib, qüsursuz olub.
- Ən yaxın zamanda Sizi Vətənimizdə görmək ümidi ilə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.