ABŞ nəşrinin Azərbaycana "cinsi azlıq iradı"nın - Pərdəarxası

5-10-2017, 09:09           

Azərbaycan qarşıdan gələn seçkilər və keçiriləcək digər əlamətdar hadisələrlə bağlı ölkəmizə qarşı indidən aparılan qarayaxma kampaniyasına qarşı öz işini davam etdirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında “Nyu York Tayms”, “Qardian” qəzetlərində Azərbaycanda cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı məqalələrin dərc edilməsinə münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Millət vəkili vurğulayıb ki, son zamanlar dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən KİV-lərdə qeyri-dəqiq, qərəzli məlumatlar fonunda Azərbaycana qarşı bu sayaq təhdidlər adətən ölkədə prezident seçkiləri və ya parlament seçkiləri ərəfəsində baş verir:

“Eyni zamanda, Azərbaycanda beynəlxalq əhəmiyyətli yarışlar keçirilərkən də bu cür hadisələrə rast gəlinir. Məsələn, “Avroviziya” musiqi yarışması ərəfəsində də eyni hallar baş verdi, dünyanın ayrı-ayrı mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli yazılar dərc olundu. Birinci Avropa Oyunları ərəfəsində isə bu hücum daha da sürətləndi, ölkəmizlə bağlı daha neqativ, həqiqətlərə uyğun olmayan informasiyalar yayıldı. Bəs məqsəd nədir? Məqsəd isə Azərbaycana təsir göstərməkdir. Ölkəmiz hazırda öz sözünü deyən, nüfuzu olan, iqtisadi baxımdan regionun ən güclü dövlətlərindən biridir. Azərbaycan siyasi baxımdan da kifayət qədər uğur qazanmış bir ölkədir ki, BMT TŞ-nın qeyri-daimi üzvü olub, ayrı-ayrı beynəlxalq təşkilatlarda üzvlük edir. Görünür, Azərbaycanın belə bir siyasət aparmasını bəzi dairələrin gözü götürmür, ona görə də ölkəmizə qarşı qarayaxma kampaniyasına əl atıblar”.

Millət vəkili Azərbaycana qarşı atılan bu addımların erməni lobbisi ilə bağlılığını da istisna etməyib:

“Erməni lobbisi həm ABŞ-da, həm də Avropada çox güclüdür. Azərbaycanın əksinə “Qardian”, “Nyu York Tayms” və başqa qəzetlərdə dərc edilən yazıların müəlliflərinə fikir verirsinizsə, onlar erməni imzaları ilə işıq üzü görüb. Dünya erməni lobbisi hazırda Azərbaycana qarşı kəskin münasibətini, dövlətimizi geridə qalmış şərq ölkəsi kimi göstərmək cəhdlərini, Dağlıq Qarabağ problemində Azərbaycana qarşı təzyiqlərini gücləndirib. Bu isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində ölkəmizin zəif olmasına, dünya ölkələrinin Ermənistanı bu məsələdə dəstəkləməsinə yönəlmiş təşəbbüslərdir. Çox güman ki, son olaylara qarşı olan hücumlar 2018-ci il Azərbaycanda keçiriləcək seçkilərlə bağlıdır”.

Xarici mətbuatda yayımlanan sözügedən yazılarda Azərbaycanla bağlı hansısa tənqidi məqamlara gəlincə, millət vəkili qeyd edib ki, Azərbaycan tolerant ölkədir, ayrı-ayrı xalqların nümayəndələri ölkəmizdə çiyin-çiyinə yaşayırlar, kənar hücumlara qarşı birlikdə mübarizə aparırlar:

“Azərbaycanda hansı dinə mənsub olmasından asılı olmayaraq müxtəlif insanlar bir yerdə yaşayırlar. Bu fonda xaricdən edilən təzyiqlər, müxtəlif qəzetlərdə işıq üzü görən bu sayaq yazılar, əlbəttə, ölkəmizə heç bir təsir edə bilməz. İstər Dağlıq Qarabağ məsələsi olsun, bu, bizim haqq işimizdir, 20 faiz torpağımız işğal olunub, 1 milyon 200 mindən çox qaçqınımız var. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının son iclasında ölkəmizin mövqeyini bir daha açıq-aydın dünya ictimaiyyətinə çatdırıb. Azərbaycan birmənalı qaydada erməni qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasını tələb edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.