Ruslar üçün göydən düşən “konfet” - Kataloniya...

5-10-2017, 09:39           
Ruslar üçün göydən düşən “konfet” - Kataloniya...
SSRİ-ni basdıran Rusiya Avropa Birliyini də o dünyalıq edə biləcəkmi?..

Avropa İttifaqı, deyəsən, SSRİ-nin taleyini çox tez təkrarlamağa başladı. Britaniya “Breksid”i, Macarıstandakı müstəqillik meylləri, nəhayət, Kataloniya separatizmi Brüssel üçün əsl soyuq duşdu bu gün.

“SSRİ-nin 1989-cu il əzablarını Avropa yalnız indi yaşayır... Separatizm SSRİ-dən sonra Avropanı qapsadı... Qarabağ tonqalının qığılcımları Avropaya da sıçradı!” qəzet başlıqları artıq Qərb mətbuatında adi hal alıb özüyçün.

Bəzi jurnalistlər iddia edir ki, Avropa separatizmi, Kremlə əl verir. İnkar etmirəm. SSRİ-ni süquta sürükləyən siyasi mexanizmlər, aşırı millətçilik ideologiyaları düz bir rüb əvvəl kommunist beynəlmiləlçiliyini puç etdi. İndi bu separatizm öz timsah əngini aralayaraq, bir başqa beynəlmiləlçiliyi - “multikulturalizm”i hop edib udmağa hazırlaşır.

Millətçiliyin “danışan başı” Azərbaycanda o vaxt Elçibəy rəhmətlik, Litvada Landsberqis, Gürcüstanda Qamsaxurdiya idi. Bu milli qəhrəmanların “böyük siyasi şahmat taxtası” üzərindəki at gedişlərini indi başqa siyasi fiqurlar - ilk növbədə Britaniya siyasətçisi Naydjel Faraj təkrarlayıb. 23 iyun Britaniya breksidindən dərhal sonra o təklif edib ki, həmin tarixi gün ölkədə “müstəqillik günü” elan edilsin.

Aradan heç bir il ötməmiş oxşar müddəalar, qışqırıq dolu şüarlar artıq İspaniya Kataloniyasında, Barselona meydanlarında göylərə yüksəlir. Kataloniya separatistlərinin Əbülfəz Elçibəyi... üzr istəyirəm, Karles Puçdemonun iki pəncəsini bir ayaqqabısına dirəyib ki, bəs hamı qələt edir xalqın seçimi qarşısında. Bəs bu da Katoloniyanın breksididir bir növ. “Bir kərəm yüksələn bayraq bir daha enməz” - qısası.

*****

SSRİ qəzetləri, yaxşı yadımdadı, bu millətçiliyin, separatizm kökünü okeanın o tayında, Qərb paytaxtlarında axtarırdılar. İndiki ispan mətbuatı, xüsusən bərkgedən “El Pais” qəzeti bu separatizmin ilk qaynağını görün bir harda axtarır - Kreml kabinetlərində!

Qəzetə görə, referendumun səbəbkarı Kataloniya xalqı deyil, Rusiya mətbuatı, xüsusən “Russia Today” telekanalıdır. Özünün 23 sentyabr 2017 sayında qəzet deyir: ““RT” telekanalı, son Fransa, ABŞ seçkilərində, Britaniya breksidində işlədilən siyasi texnologiyaları bu dəfə İspaniyada uğurla sınaqdan çıxardı. Kanal bu mövzuya axır vaxtlar 42 dəfə müraciət edib. Saxta tvitter, facebook akkaundları vasitəsilə mövzunu bütün dünyaya tirajlayıb. Belə olmaz. Putin təbliğatını facebook, twitterdə incələyən “Hamilton 68" platformasına inansaq, Kataloniya referendumundan azca əvvəl avtomatik rus botları gün ərzində var gücləri ilə çalışıblar. ”Kataloniya" mövzusu həmin avtomatik botlarda dönüb bir növ saqqıza. Elə hey çeynənilib".

*****

Biz demokratik olmarıq Rusiya tərəfinin fərqli fikrini burda səsləndirməsək. Məsələ orda başqa məzmundadır. Putin təbliğatı əks fikirdədir bu barədə. İddia edir ki, Kataloniyadakı separatizmi elə Baltikyanı ölkələr, ilk növbədə Latviya millətçiləri körükləyir.

Latviya xarici işlər naziri Edqar Rinkeviçin bu ittihamlara sərt cavabı özünü çox da gecikdirmir. “Latvijas Avize” qəzetinə tələsik müsahibə verən nazir mövzunu siyasi ritorika janrında deyil... yox... bədii təşbehlə izah etməyə çalışıb: “İspan referendumu ruslar üçün yerə düşən konfetdi”.

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova çox sərt reaksiya verib bu bədii istedad nümunəsinə. Deyib, bəs biz yerdən konfet götürmürük. Öz facebook səhifəsində Edqar Rinkeviçi yıxıb sürüb, yaş yuyub quru sərib, necə deyərlər...

*****

Ancaq Putin təbliğatı, RT telekanalı düz buyurur. Latviya hökuməti rəsmi səviyyədə gör nə vaxtdı Kataloniyadakı harın süperatizmə ən yüksək səviyyədə dəstək verməklə məşğuldu. Misal üçün, 11 sentyabr 2016-cı il tarixində, Kataloniyanın milli bayram günündə Kataloniyanın alabəzək bayrağı qəfil görün bir harda peyda olur? Deyim də harda - Barselonadakı Latviya konsulluğu binası üzərində! Bayrağı dama sancan əl isə kimə məxsusdu? Latviyanın bu şəhərdəki konsulu Havyer Vinyalsa!

Latviya rəsmilərinin separatçılara dəstəyi Qarabağ hadisələrindən başlayıb vaxtilə. İndi Katolon separatçılarına dəstəklə davam edir. Hələ 2013-cü ildə Latviya baş naziri Valdis Dombrovskisin bu barədə dediklərinə qulaq assanız, başınızdakı bütün tüklər biz-biz durar, vallah. Müsahibə harda çap edilib? Heç harda. Katalonların separatçı “Agencia Catalana de Noticies” agentliyinin nimdaş saytında. Sitat: “Kataloniyadakı müstəqillik tələblərini demokratiya yolunda növbəti ciddi siqnal bilərəm. Rəsmi Madrid bunları qulaq ardına vurmamalıdır. Bir gün Latviya Kataloniyanın müstəqilliyini mütləq tanıyacaq. Siftəni bizdən gözləyin”.

Rəsmi Madridin bütün bu azğınlığa qarşı münasibəti özünü çox da gözlətmir. Madrid iddia edir ki, Latviya baş naziri yaxşı pul alıb bu mövqeyinə görə. Məbləğ, vallah, 6 milyon avro civarında göstərilir. 2016-cı ildə İspaniyanın “İnterviu” dərgisində təkrarlanan bu ittihamlar olduqca maraqlı kiçik ştrixlərlə zəngindi. Dərgi iddia edir: “Sövdələşmənin başqa iştirakçıları Sandra Bukane, Qint Freymanis əvvəl 2 milyon avro pul alıblar separatçılardan. Sonra məbləğ ikiqat artıb. Latviyanın baş naziri Riqa ətrafındakı Siquldada özünə bağ alıb bu pullara. Qalanını ofşor hesablarında gizləyib”.

Hay-küy nəticəsiz ötüşmür. Bir gün düşür Latviya prezidenti Andris Berzinşin yaşıl meşin üzlüklü masası üzərinə. Çox keçmir bu sənədlərə Valdis Dombrovskisin istefa ərizəsi əlavə edilir. Sonra Barselonadakı Latviya konsulu Havyer Vinyals ölkəsinə geri çağırılır.

*****

Necə deyərlər, hesab hələ ki Moskvanın xeyrinədir. SSRİ-ni basdıran Rusiya Avropa Birliyini də o dünyalıq edə biləcəkmi?

Həmid HERİSÇİ
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.