Neftin qiyməti qalxır – Səbəb açıqlandı

6-10-2017, 10:22           
Neftin qiyməti qalxır – Səbəb açıqlandı
Əgər 11 ölkədən əlavə OPEK+ təşəbbüsünə yeni iştirakçılar qoşulsa, eyni zamanda, iki ay ərzində müxtəlif ölkələrin neft nazirləri, hökumət başçıları da bu prosesə dəstək versə, bu, dünya neft bazarında pozitiv fikirlər formalaşdıracaq.

Bunu Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, ötən günlə müqayisədə neftin qiymətində elə bir artım olmasa da, yeni müsbət tendensiya müşahidə olunmaqdadır.

“Birincisi, Venesuelanın neft naziri bildirib ki, OPEK-in 2016-cı ildə göstədiyi təşəbbüsə Afrikadan olan 7 ölkə də qoşula bilər. Bundan öncə isə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin Türkmənistan rəhbərinə Moskvada OPEK+ təşəbbüsünə qoşulmağı təklif edib. Əslində, hər iki məsələ olduqca önəmlidir. Noyabrın sonunda OPEK-in Vyanada növbəti toplantısı olacaq. Bu toplantıya hazırlıqlar o səpkidə gedir ki, bazar iştirakçıları arasında bir il öncə imzalanmış və 11 ölkənin dəstək verdiyi OPEK+ təşəbbüsünün genişləndirilməsi yönündə addımlar atılsın. Bu ona görə vacibdir ki, OPEK+ təşəbbüsünə yeni iştirakçılar qoşulsa, eyni zamanda, iki ay ərzində müxtəlif ölkələrin neft nazirləri, hökumət başçıları da bu prosesə dəstək versə, bu amil dünya neft bazarında pozitiv fikirlər formalaşdıracaq. Bu isə öz növbəsində neftin bahalaşmasına gətirib çıxaracaq. Yəni tələb-təklif məsələsindən kənar neft qiymətlərini suni şəkildə artımına bir dəstək demək olacaq. Çünki sadəcə bir sənədə imza atmaq, yaxud onu bəyanatlarla dəstəkləmək bazarda nəyinsə dəyişməsi demək deyil. Ona görə də həmin təşəbbüsün əsas lokomotivi olan Səudiyyə, Rusiya, o cümlədən Venesuela bu istiqamətdə səylərini daha da artırmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.