Müxalifətin mitinqlərindən xaricə viza alanlar-təfərrüat

13-10-2017, 09:15           
Müxalifətin mitinqlərindən xaricə viza alanlar-təfərrüat
Ölkə müxalifətinin keçirdiyi etiraz aksiyalarından sonra daha çox mühacir eşqinə düşənlər olur, çünki...

Azərbaycanda xaricə siyasi mühacirətə gedənlər hər zaman əsas müzakirə mövzularından biridir. Son zamanlar ölkəni tərk edənlərin sayının artdığı nəzərə çarpır. Əgər indiyə qədər ölkəni tərk edənlər daha çox siyasi mənsubiyyətləri olan şəxslər idisə, indi fərqli mənzərədir. Heç bir siyasi partiyanın üzvü olmayan vətəndaşlar da xaricə üz tuturlar, hətta maddi imkanları kifayət qədər yüksək olan şəxslərin də ölkəni tərk etdikləri barədə xəbərlər var.

Xüsusilə ölkə müxalifətinin keçirdiyi etiraz aksiyalarından sonra daha çox mühacir eşqinə düşənlər olur. Xaricdə oturum almağa ən çox kömək olan amillərdən birinin də müxalifətin aksiyalarında iştirak edib, şəkillər çəkdirmək, hətta polislərlə mübahisə edib fotolara düşmək olduğunu bilənlər mitinqlərə can atırlar. Bəzi hallarda bu şəxslər demokratik düşərgədən aksiya keçirməyi belə tələb edirlər. Sanki ölkəni tərk etmək üçün zaman itirirlər...

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mövcud situasiyadan istifadə edənlərin olduğunu desə də, belə şəxslərə siyasi qurumların imkan yaratdığını düşünür: “Bir insan mitinqə gəlib şəkil çəkdirməklə xaricə gedə bilməz. Ora gedənləri kamplarda yerləşdirəndə hansı təşkilata üzv olmaları barədə arayışlar və ya onların biletləri istənilir. İndiyə qədər dəfələrlə mətbuatda göstərilib ki, konkret hansı partiya sədrləri nə qədər pulun müqabilində saxta üzvlük vəsiqələri düzəldir, saxta arayışlar verirlər. Guya siyasi təqiblərdən qaçırlar. Ölkədən kənara gedib işləyib, biznes qurub ailələrini dolandırmaq istəyənlər də var. Məsələn, Rusiyada 2 milyondan artıq belə insan var. Amma məlum partiya sədrləri var ki, hansı işlərlə məşğul olduqları göz önündədir. Mitinqlər də məqsədli şəkildə keçirilir. Orada bir müddət iştirak edib, sonradan ölkəni tərk edib, xaricdə ölkəmiz əleyhinə fəaliyyət göstərənlər var.


Onlar milli maraqlarını, dövlətini yaxşı bir həyata dəyişməkdə maraqlıdırlar. Azərbaycan mübarizə aparan bir ölkədir. Aprel döyüşləri vaxtı kənardan çoxsaylı insanlarımız, hətta təhsillərini yarımçıq qoyub döyüşmək üçün gələnlər oldu. Ölkənin imicinə xaricdən zərbə vuranlar qədər onların gedişinə şərait yaradanlar günahkardır. O şəraiti də partiya sədrləri saxta arayışlar verməklə yaradırlar. Bunu artıq sistem halına salıblar. Onları ifşa etmək mümkündürsə, buna laqeyd yanaşmaq doğru deyil. Belə olanda digərlərinin əl-ayaqları açılır. Hesab edirəm ki, Baş Prokurorluq da daxil olmaqla, hüquq-mühafizə orqanları bu məsələlərdə yarımçıq iş görməli deyillər. Belə şəxslər mütləq cəzalandırılmalıdır. Hətta xaricə gedib, özlərini erməni kimi təqdim etməkdən çəkinməyənlər də var. Belə faktlar da var. ”Hansısa bir ölkə bizi qınayar" kimi məsələ ortaya qoymaq lazım deyil. Prinsipial mövqe nümayiş etdirmək lazımdır. Ölkənin maraqlarından üstünü yoxdur. Hüquq-mühafizə orqanlarının bundan sonra bu məsələlərin üstündə ciddi şəkildə durmağının tərəfdarıyam".


AĞ Partiya başqanı Tural Abbaslı son zamanlarda mühacir axınının gücləndiyini qeyd etdi: “Bu axın əsasən Avropa ölkələri, Amerika, Kanada və bu kimi inkişaf etmiş digər istiqamətdə daha güclüdür. Bunun da təbii ki, obyektiv səbəbləri çoxdur. Belə ki, Azərbaycanın sosial iqtisadi vəziyyətinin ağırlaşması, hüquq pozuntularının artması, biznes mühitinin, ümumiyyətlə, olmaması, gənclərin burada öz gələcəklərinə inanmaması kimi səbəblər başlıcadır. Yəni Azərbaycan iqtidarının siyasəti ölkədən mühacir axınının güclənməsinə stimul verir. Bu tendensiya bir dövlət olaraq bizim üçün çox həssas və təhlükəli məsələdir. Adətən mühacirətə üz tutanların böyük əksəriyyəti oxumuş, bəlli bir dünyagörüşünə sahib, ziyalı insanlar olur. Hələ üstəlik, bunların da böyük əksəriyyətini gənclər və gənc ailələr təşkil edir. Demək ki, burada söhbət tək beyin axınından yox, həm də genefondumuzun məhvinə gətirib çıxara biləcək bir prosesdən gedir. Odur ki, hakimiyyət bu prosesin qarşısını almaq üçün sürətli və qətiyyətli addımlar atmalıdır. Qətiyyətli addımlar dedikdə mən qətiyyən inzibati və repressiv addımları nəzərdə tutmuram. Burada nəzərdə tutduğum mühacirətə səbəb yaradan halların aradan qaldırılması və ölkədə vəziyyətin demokratikləşdirilərək yaxşılaşdırılmasıdır. Bu hallar aradan qaldırılmadan bu axının qarşısını almaq mümkün olmayacaq. O da təbiidir ki, belə bir vəziyyətdə ölkədən qaçaraq həyatını daha yaxşı şərtlər altında sürdürməyi qarşısına məqsəd qoymuş insanlar müxtəlif yollar axtaracaqlar. Bu yollar arasında təbii ki, qeyri-leqal yollar da olacaq. Bu vəziyyətdən istifadə edərək öz maddi durumlarını yaxşılaşdırmağa çalışan siyasi qüvvələrin də varlığı artıq heç kimə sirr deyil. Hətta müşahidələrim onu deməyə əsas verir ki, bu işi artıq şəbəkələşdirilmiş şəkildə mütəşəkkil formada görənlər də var. Bu barədə dönəm-dönəm həm dövri mətbuatda, həm də sosial şəbəkələrdə məlumatlar yayılır, araşdırmalar aparılır. Mən deyə bilmərəm ki, kimsə mitinqi və ya hər hansı etiraz aksiyasını məhz mühacirətə insan göndərmək üçün təşkil edir. Bu çox böyük və əsassız bir iddia olardı. Ancaq o da sirr deyil ki, belə tədbirlərdə iştirak edən bir çoxlarının niyyəti məhz mühacirətə getmək üçün lazımi faktlar toplamaq və foto-video çəkilişlər etməkdir. Təşkilatçıları isə belə halların qarşısını ala bilməməkdə ittiham etmək də ədalətli olmazdı. Çünki belə bir prosesin qarşısını almaq mümkün deyil və bunun üçün hansısa mexanizm mövcud deyildir. Ancaq burada diqqət yetirilməli məsələ dövlət qeydiyyatından keçmiş bu və ya digər təşkilatların, partiyaların bu işlərə bəlli ödəniş qarşılığında qatqıda bulunmasındadır. Artıq heç kəsə sirr deyil ki, mühacirətə saxta yolla gedən bir çoxları getdikləri dövlətlərin aidiyyəti qurumlarına rəsmi sənədlər təqdim edirlər. Adətən bu sənədlər saxta və pul qarşılığında əldə edilmiş sənədlər olur. Belə halların qarşısı alınmalı və insan taleləri ilə alver edən istər siyasi, istər ictimai xadimlər cəzalandırılmalıdır. Onlar unutmamalıdırlar ki, hər bir saxta sənədi verməklə minlərlə fədakar mübariz müxalifətçinin haqqına girirlər və onlara haqsızlıq etmiş olurlar. Mən burada həqiqətən hakimiyyətin repressiyalarına məruz qalmış, haqqı tapdalanmış, öz vətənində yaşamasına imkan verilməmiş həqiqi mübarizlərin mühacirətə üz tutmalarını qətiyyən qınamıram və onları nədəsə ittiham etmirəm. Bu, hakimiyyətin ayıbı və düzəltməli olduğu qanunsuzluqların nəticəsidir. Söhbət siyasi dəllallardan və onların xidmətlərindən istifadə edən fürsətçi, saxta mühacirlərdən gedir”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.