Prezidentlərin görüşü ümidvericidir – YAP-dan ilk reaksiya

16-10-2017, 20:53           
Prezidentlərin görüşü ümidvericidir – YAP-dan ilk reaksiya
Bu gün Ermənistanın prezidenti Serj Sarkisyan və Azərbaycanın prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçiriblər. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edib.

Zirvə görüşündən sonra artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat da yayıb. Bəyanatada deyilir:

“Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".

Görüşlə bağlı AzVision.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirib ki, danışıqların nəticəsi barədə məlumat verilməsə də görüşün baş tutması müsbət amildir: “Çünki, ortada Ermənistanın qoyduğu ilkin şərtlərdən imtina edərək danışıqlara getmə faktı var. Bu Azərbaycanın siyasi mövqeyinin Ermənistan tərəfindən qəbul edilməsidir. Digər tərəfdən Azərbaycan danışıqlar naminə danışıqlara getməyəcəyini, ortada konstruktiv təklif olduqda görüşə razılıq verəcəyini bildirib. Belə bir görüşün təşkil edilməsi müəyyən ümidlər verir ki, həmsədrlər tərəfindən hasısa məsələlər müzakirə edilə bilər”.

YAP-çı deputat vurğulayıb ki, danışıqlardan çəkilmək ilk növbədə Ermənistanın özünə ziyan vurur: “Ermənistan üçün münaqişənin həll olunmaması iqtisadiyyatının çökməsinə, əhalisinin durmadan ölkəni tərk etməsinə, bir dövlət kimi çökməsinə gətirib çıxarır. Artıq Ermənistanın hakim dairələrində Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin qəbul edilməsinin qaçılmazlığı anlamı qəbul edilir. Buna görə danışıqların keçirilməsini Azərbaycanın bir uğuru kimi qəbul etmək olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.