Sərkisyan öhdəlik götürmədi, deməli… - Şərh

17-10-2017, 08:47           
Sərkisyan öhdəlik götürmədi, deməli… - Şərh
Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən də ciddi nəticələr gözləmirəm.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən qeyd edib. O bildirib ki, prezidentlərin görüşünün təşkil edilməsi son 1 ildə həmsədrlərin ən böyük arzusu idi:

“Həmsədrlər görüşün nəticəsiylə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: “Görüş konstruktiv mühitdə keçdi”. Həmsədrlər böyük ehtimalla bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda heç bir belə görüş keçirməyə cəhd etməzdilər. Görüşün konstruktiv keçməsi prezidentlərin görüşlərini davam etdirməyə razılaşdıqlarını bildirir. Ancaq bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Amma nəticə olmadı. Ermənistan torpaqları işğal altında saxlamaqda davam edir”.

E.Şahinoğlu qeyd edib ki, ortaq bəyanatda prezidentlərin təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdıqları ilə bağlı cümlə də var:

"Bunun baş verməsi üçün Ermənistan şifahi də olsa, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca biz atəşkəsə niyə riayət etməliyik ki? “Təmas xətti boyunca gərginliyi azaltmaq” yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan geri çəkirmi? Yox! Çünki masa üzərində sülhə razılaşmayan işğalçıya qarşı təzyiq davam etdirilməlidir”.

Politoloq vurğulayıb ki, vaxtilə Rusiya Prezidenti Dmitri Medvedyevin səyi ilə Azərbaycan və Ermənistan prezidentləri bu bəyanatdan dəfələrlə güclü sənədə imza atmışdılar:

“Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilmə, İrəvan Dağlıq Qarabağ ətrafındakı ərazilərdən öz qoşunlarını qeyd-şərtsiz çıxarmalıdır. Həmsədrlər Cenevrə görüşündən sonra iki girovumuzun azad olunmasına nail ola və ya Ermənistan işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacağına, fabrik inşa etməyəcəyinə, köçürmə həyata keçirməyəcəhinə dair öhdəlik götürərsə, Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan İsveçrənin Cenevrə şəhərində görüşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.