Danışıqların Cenevrə raundunun fiaskosunda “rus barmağı”

19-10-2017, 11:08           
Danışıqların Cenevrə raundunun fiaskosunda “rus barmağı”
Rusiya Qarabağ məsələsində, həmişəki kimi, öz maraqlarına oynayır; politoloq: “Kreml Ermənistanın əli ilə Azərbaycanın Qərblə münasibətlərini pozmağa çalışır...”

Prezidentlərin Cenevrə görüşü də Dağlıq Qarabağ məsələsində ciddi diplomatik hərəkətliliyə səbəb olmadı. Halbuki münaqişə tərəflərini təmsil edənlər - prezidentlər İlham Əliyev və Serj Sərkisyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bir araya gəlməkdən əlavə, tet-a-tet 40 dəqiqə görüşüb söhbət elədilər. Nəticənin olmadığını isə işğalçı Ermənistanın başçısının Cenevrə görüşündən dərhal sonra, erməni icması ilə görüşdə söylədiyi məlum fikir qabarıq şəkildə ortaya qoydu.

Qarabağa dair sülh danışıqlarında diplomatik hərəkətlilik əslində bu dəfə də gözlənilmirdi. Çünki arxasında Rusiyanın dəstəyini, başı üzərində isə rəsmi Kremlin “yumruğunu” hiss edən düşmən ölkənin rəhbəri Qarabağ məsələsində öz ağasının izni olmadan həlledici qərarlar vermək iradəsini çoxdan itirib.

*****

Diqqətçəkici məqamlardan biri də Rusiyanın məhz uzun fasilədən sonra prezidentlərin baş tutan Cenevrə görüşü ərəfəsi işğalçı ölkəyə daha 100 milyon dollarlıq kredit dəyərində silah-sursat verməyi planlaşdırmasının üzə çıxması oldu. Şübhəsiz ki, Moskva bununla yalnızca borclu Ermənistanı özündən daha asılı, daha kölə vəziyyətinə salmaq niyyəti güdmür, eyni zamanda onu bir az millitaristləşdirməklə bölgədə əsas maşasından daha effektli istifadə məqsədi güdür.

Rusiya Ermənistanı silahlandırmaqla, həmçinin, hamıya - həm münaqişə tərəflərinə, həm də Avropa və ABŞ-a göstərmək istəyir ki, konfliktin həllində əsas söz sahibi yalnız odur. Yəni məhz o - Kreml nə vaxt arzulasa, o vaxt da “Qarabağ yükü” yerindən tərpənəcək, əks halda, konfliktin həllinə imkan verməyəcək. Necə ki, vermir.

Bununla belə, Cenevrə görüşünə işğalçı ölkənin ekspert dairələrində müxtəlif yanaşmalar var. Məsələn, erməni politoloq Manvel Sərkisyan hesab edir ki, Sərkisyan Cenevrə danışıqlarında məğlubiyyətə düçar olub. Onun sözlərinə görə, Ermənistan artıq əlində olan bütün üstünlükləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşə getməklə Bakıya verib.

“Sərkisyan İrəvanın Cenevrə görüşünə məcburi şəkildə aparılıb. Başa düşmək lazım idi ki, sən niyə ora gedirsən. Azərbaycan prezidenti bilirdi ki, niyə bu görüşə gedir. O, görüşə gedərək dünyaya sübut etmək istəyirdi ki, Ermənistan və ATƏT-in Minsk Qrupunun heç bir tələbi yoxdur. Bəs Ermənistan niyə oya yollanıb? Sual budur. Çoxları yazır ki, Ermənistanı buna məcbur ediblər. Biz buna adət etmişik və bu, artıq ilk dəfə deyil. Aprel müharibəsindən sonra biz bu adamların və onların sponsorlarının hansı qərarlar verdiyini gördük. Onların qəbul etdiyi qərarlar Azərbaycan və Rusiyanın maraqlarına xidmət edir”, - deyə Sərkisyan qeyd edib.

Ancaq erməni politoloq Azərbaycan məsələsində şişirdir. Doğrudur, Rusiya Azərbaycana da silah verir, lakin sırf kommersiya maraqlarına görə və həm də müəyyən mınada Bakını özünə bağlamaq üçün bunu edir. Amma az yuxarıda qeyd edildiyi kimi, Rusiya heç kimin deyil, sırf öz maraqlarına oynayır. O, problemin hətta İrəvanın xeyrinə həllində də maraqlı deyil. Çünki o halda da münaqişə vasitəsilə Kremlin Azərbaycan və Ermənistana, deməli, həm də regiona ən mühüm təsir rıçaqı, habelə Rusiyanın Ermənistanda hərbi bazalar saxlaması öz əhəmiyyətini itirmiş olacaq.


*****

Bəs Serj Sərkisyanı danışıqlara getməyə konkret nə vadar edib?

Politoloq Elçin Mirəzbəyliyə görə, bu məsələyə aydınlıq gətirmək üçün Serj Sərkisyanın danışıqlara nə üçün getmək istəmədiyini müəyyənləşdirmək lazımdır (axar.az).

“Ermənistan prezidenti çox güman ki, ilk növbədə aprel döyüşlərindən öncəki vəziyyətin bərpa olunması iddiası ilə çıxış edirdi. Şübhəsiz ki, bu mümkün olmadığı üçün iddiaların sırasında başqa məqamlar da vardı. Məsələn, Rusiyanın Azərbaycana satdığı silahların qarşılığında Moskvanın Ermənistana hərbi dəstəyinin ictimailəşdirilməsi, Azərbaycanın Rusiyadan və İsraildən aldığı silah-sursat, hərbi texnikanın Ermənistan cəmiyyətində yaratdığı narahatlığın aradan qaldırılması üçün müvafiq addımların atılması və s. Azərbaycan da öz növbəsində müəyyən addımlar atmağa nail oldu, İsrail və Belarusla hərbi əməkdaşlığı genişləndirmək barədə razılıq əldə etdi. Rusiya isə prezidentlərin görüşü öncəsi Ermənistana daha 100 milyon dollarlıq hərbi kredit ayırdı və bu faktın rəsmi İrəvanın ölkədaxili təbliğatda istifadə etməsi üçün müəyyən imkanlar yaratdı”, - deyə politoloq bildirib.

O, son zamanlar Ermənistan və Rusiyanın iştirak etdiyi proseslərdən çıxarılmalı olan əsas nəticədən də danışıb. Onun qənaətincə, Moskva nəyin bahasına olursa-olsun, Azərbaycanın Qərblə münasibətlərinin pozulmasına çalışır və bunun üçün yenə də Ermənistandan istifadə edir: “Ermənistanın Avropa İttifaqı ilə saziş məsələsinin gündəmə gətirilməsi də Azərbaycanla Avropa İttifaqı arasında formalaşmaqda olan münasibətlərin korlanması üçündür. Ola bilsin ki, Ermənistanın Avropa İttifaqı ilə sazişində elə məqamlar yer alsın ki, Azərbaycan bununla razılaşmasın və Bakı ilə Brüssel arasında yaranmış və kifayət qədər ciddi perspektivi olan münasibətlər dalana dirənsin. Nəzərinizə çatdırım ki, Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların vasitəsilə aparılan kampaniyaların arxasında Rusiyanın, Ermənistanın və erməni diasporunun dayandığı şübhə doğurmur. Çox zaman Rusiya bunu erməni diasporu vasitəsilə həyata keçirir. Məsələn, Avropa Şurasının baş katibi Tomas Yanqlandın Rusiya, Ermənistan və erməni diasporu ilə əlaqələrinə dair çoxsaylı faktlar var. Əgər araşdırılma aparılarsa, şübhə etmirəm ki, AŞPA-da Azərbaycana qarşı qəbul olunan qətnamələrə səs verən bir çoxlarının kürəyində Rusiyanın əlini görmək mümkün olar. Rusiya beynəlxalq təşkilatların idarəçilik və səsvermə mexanizmlərindəki boşluqlardan məharətlə istifadə edir. Bəlkə də bir-biri ilə əlaqəli olduğu nəzərə çarpmayan bütün bu məqamları ümumiləşdirsək, danışıqlar prosesinin bərpasına zəmin yaradan zəncirin həlqələrinin sırasını müəyyənləşdirə bilərik”.

*****

Beləliklə, prezidentlərin həmsədrlərin səyləri və iştirakı ilə reallaşan Cenevrə danışıqlarının fiasko olmasında da “rus barmağı”nı görməmək olmur. Moskva, həmişəki kimi, nə konflikti həll edir, nə də həll etməyə qoyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.