“İnterpol siyasi işlərə görə axtarılanları tutur” ittihamına cavab gəldi

20-10-2017, 11:23           
“İnterpol siyasi işlərə görə axtarılanları tutur” ittihamına cavab gəldi
Ekspert: “Azərbaycanın müraciəti əsasında İnterpolun tutduğu şəxslər əsasən qeyri-siyasi cinayətləri törədənlərdir”

“Sərhədsiz Reportyorlar” təşkilatı İnterpolu (Beynəlxalq Cinayət Polisi İdarəsi) siyasi hakimiyyətlərə işləməkdə günahlandırıb. Təşkilatın arqument kimi göstərdiyi isə Ukraynada həbs edilən jurnalist Fikrət Hüseynlinin işidir. Belə ki, “Sərhədsiz Reportyorlar” F. Hüseynlinin həbsi ilə bağlı yaydığı bəyanatda aşağıdakıları qeyd edib: “Ukrayna hakimiyyətini Fikrət Hüseynlini azad etməyə çağırırıq. Repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün çox vaxt ”qırmızı xətt"indən sui-istifadə etdiyi İnterpolu islahatlara dəvət edirik".

Öncə məlumat üçün qeyd edək ki, İnterpol 1923-cü ildə Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunmuş idarədir. İdarənin qüvvədə olan nizamnaməsi 1956-cı ildə qəbul edilib. İnterpolun üzvü olan ölkələrdə milli mərkəzi bürolar yaradılır. İnterpolun fəaliyyəti əsasən həddi buluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə kontrabanda və onların qeyri-tibbi istifadəsi, qəlp pulkəsmə və qiymətli kağızları saxtalaşdırma, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilib. Hazırda İnterpolda 190 ölkənin üzvlüyü var. Daimi iqamətgahı Fransanın Lyon şəhərindədir.

Doğrudanmı Azərbaycanın İnterpol xətti ilə axtardığı adamlar yalnız siyasi mühacirlər və ya hakimiyyətlə hər hansı bir formada problemi olan insanlardır?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Fərhad Mehdiyev İnterpolun ölkələrdə olan milli mərkəzi bürosunun fəaliyyəti barədə danışıb:

“İnterpolun hər dövlətdə milli mərkəzi bürosu fəaliyyət göstərir. Bu büronun isə çox işçisi olmur. Adətən orada işçilərin sayı 10 nəfər civarındadır. Lakin mümkündür ki, iri dövlətlərdə bu büro bir neçə şəhərdə fəaliyyət göstərsin. Bu büroya məlumat daxil olduğu zaman həmin informasiyanı müvafiq dövlətin Daxili İşlərinə Nazirliyinə çatdırırlar. Nazirlik isə İnterpolun təqdimatı üzrə ya kimisə tutur, ya da tutmur. Bundan sonra ekstradisiya hadisəsi başlayır. Buna isə məhkəmə nəzarət edir. Yəni şəxsin vəkili müvafiq ölkənin məhkəməsinə müraciət edir və ekstradisiyanın dayandırılmasını istəyir. Proses ümumilikdə bu şəkildə işləyir. Bunun qarşısını almaq necə olur? İnterpolun daxilində apelyasiya şurası yaratmaq mümkündür, ya yox, bu, müzakirə tələb edən məsələdir. Onu da qeyd edim ki, İnterpolun axtarışa qoyulan şəxslərin özlərinə bu barədə məlumat vermələri məqsədəuyğun deyil. Ona görə ki, siyasi olmayan adi cinayətkarın axtarışının gizli qalması daha münasibdir. Bir məsələ də var ki, müstəqil məhkəmə olmayan dövlətdə ekstradisiyaya məruz qalan şəxs çətinlik çəkir. Bu, problem olaraq qalır”.

F.Mehdiyev bildirib ki, İnterpol tərəfindən axtarışda olan adi cinayətkarların sayı siyasi məqsədlərlə axtarılanlarla müqayisədə qat-qat çoxdur: “Müstəqil məhkəmənin təmin olunmadığı dövlətlərdə şəxslərin İnterpola verilib ekstradisiya edilməsində boşluq nədirsə, bunu geniş formada düşünmək lazımdır. Ümumilikdə isə qətiyyən belə deyil ki, İnterpol ancaq siyasi hakimiyyətə qarşı çıxanları tutub, ölkələrinə verir. Bunu söyləmək olmaz. Onların tutduğu adi cinayətkarların sayı siyasi səbəblərlə ittiham olunanların sayından hesaba gəlməyəcək qədər artıqdır. Sadəcə olaraq, adi cinayətkarların tutulub, ölkələrinə verilməsi rezonans yaratmır. Bizim də bundan xəbərimiz olmur. Buna görə də kimlərsə hesab edirlər ki, İnterpol ancaq siyasi şəxsləri tutmaqla məşğuldur, yanılılırlar. Sadəcə olaraq, müvafiq dövlətlər müraciət edirlər ki, filan şəxsi axtarışa vermişəm və onu bizim üçün tutun. Belə olan hallarda İnterpol həbsin həqiqiliyini axtarmaq səlahiyyətinə sahib deyil. Ancaq İnterpolun strukturunda dəyişiklik etmək mümkündür. Onsuz da nə etsən də İnterpol dərin araşdırma apara bilməyəcək. Sadəcə olaraq, İnterpol sənədləri tələb edir ki, bu adamı nə ilə ittiham edirsiz. Bundan başqa araşdırma aparılmır. Əlavə nə isə etmələri üçün İnterpol haqqında konvensiya dəyişilməlidir. Belə bir dəyişiklik üçün isə ümumi forum olmalı, dövlətlər toplanmalı, qərar qəbul etməlidirlər. Azərbaycanın müraciəti əsasında da İnterpolun tutduğu şəxslər əsasən qeyri-siyasi cinayətləri törədən şəxslərdir. Bütün ölkələrdə bu, belədir. Görünür, jurnalistlərin demək istədiyi budur ki, hansısa media nümayəndəsinin də tutulmasında İnterpol çıxış edə bilir. Oturub bunun qarşısını almağın yollarını tapmaq lazımdır. Bu, asan, dərhal həll yolu söylənən məsələ deyil. Araşdırma, işlər aparmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.