Azərbaycanda “İslam Həmrəyliyi ili”- yekunlar

20-12-2017, 09:32           
Azərbaycanda “İslam Həmrəyliyi ili”- yekunlar
Ötən bir ildə Azərbaycan İslam həmrəyliyi istiqamətində bir sıra mühüm addımlar atdı, müsəlman dünyasında yaxınlaşma üçün kompleks fəaliyyət planı həyata keçirdi

Yola salmağa hazırlaşdığımız il Azərbaycanda “İslam Həmrəyliyi ili” kimi qeyd olundu. Ötən bir ildə Azərbaycan İslam həmrəyliyi istiqamətində bir sıra mühüm addımlar atdı, müsəlman dünyasında yaxınlaşma, sülhün dəstəklənməsi, həmrəyliyin yaranması üçün kompleks fəaliyyət planı həyata keçirdi.

2017-ci il yanvarın 10-da prezident İlham Əliyev 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında sərəncam imzaladı. Bir ay sonra Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətinə həvalə olunub. Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

“İslam Həmrəyliyi ili”ndə Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirildi. Bu möhtəşəm idman tədbirində 54 İslam ölkəsindən 3 mindən çox idmançı iştirak edib. Dünyanın müxtəlif ölkələrindən idman azarkeşləri, turistlər Azərbaycana gəlib, nüfuzlu media orqanları Azərbaycan haqqında proqramlar hazırlayıb. Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı fotomüsabiqə elan edib.

İkinci mühüm istiqamətdə beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi olub. Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mayın 10-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “İslam Həmrəylik Oyunları” ərəfəsində İƏT ölkələri gənclərinin həmrəyliyini inkişaf etdirmək məqsədilə Gənclər və İdman Nazirliyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İƏT Gənclər Forumu) təşkilatçılığı ilə “Beynəlxalq İƏT Modeli Gənc Liderlər Zirvəsi” keçirilib. Zirvə toplantısında İƏT-in 35 üzv-ölkəsini təmsil edən 100-ə yaxın gənc lider və gələcək diplomatı iştirak edib.

Avqustun 6-da Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib. Konfransı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edib.

Oktyabrın 26-da Tehranda Azərbaycanın İrandakı səfirliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun birgə təşəbbüsü ilə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb.

Oktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib. Daha bir oxşar tədbir bir ay sonra İspaniya paytaxtında keçirilib. Noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib.

Bu tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları və dini konfessiya təmsilçiləri iştirak edib.

Bundan başqa, Xarici İşlər Nazirliyinin ayrıca fəaliyyət proqramı olub. Nazirliyin Mərkəzi Aparatı, eləcə də səfirliklər “İslam Həmrəyliyi ili” çərçivəsində bu məqsəd və məramın təbliği üçün xüsusilə ərəb-İslam ölkələrində fəaliyyət göstərən səfirliklər yerli hökumət və qeyri-hökumət strukturları, o cümlədən KİV-lər, ictimaiyyət nümayəndələri, elm-tədqiqat mərkəzləri ilə fəal iş aparıblar.

İyunun 11-də Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilib.

Bundan başqa, ölkə daxilində “İslam Həmrəyliyi ili” çərçivəsində DQİDK Bakıda və ölkənin demək olar ki, bütün rayonlarında yerli dini icmalarla, təhsil müəssisələri, hərbi və hüquq-mühafizə orqanları idarələrində İslam həmrəyliyi mövzusunda konfranslar və seminarlar keçirib.

Həmçinin dövlət din sahəsinə nəzarəti daha da möhkəmləndirmək məqsədilə bir sıra addımlar atdı. Onların sırasında din xadimlərinə maaş verilməsi, eləcə də dini fəaliyyətin böyük ölçüdə QMİ-dən alınaraq DQİDK-a verilməsi tendensiyası müşahidə olundu. Oktyabrda isə prezident Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılması barədə fərman imzaladı.

Ölkə daxilində narazı dindarların, o cümlədən iki il əvvəl Nardaran hadisələri zamanı həbs olunmuş dindarların məhkəmə prosesi davam etdi. Ancaq eyni zamanda Nardaran məhbuslarının bir qismi azadlığa buraxılsa da, daha əvvəl həbs olunmuş İslam Partiyası fəalları həbsdə qaldı. Ümumi əfv fərmanı verilmədi. Ümumilikdə isə dini camiə daxilində müxalif fikirli qrupların kənarlaşdırılması, dövlətin nəzarəti olan dini qurumların dəstəklənməsi prosesi davam etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.