Ərəb şeyxləri boş yerə gəlir, onsuz da gedəcəklər… - Şərh
21-12-2017, 10:27
Ermənistanın oliqarx siyasətçisi Qaqik Sarukyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir qrup şeyxi və iş adamı bu ölkəyə səfər edib. Məqsəd təcavüzkar ölkədə investisiya layihələri həyata keçirmək və müxtəlif sahələrdə əməkdaşlıq etməkdir.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Teleqraf.com-a bildirib ki, Azərbaycanın son illər Körfəz Əməkdaşlıq Şurasına (Şuraya Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir) üzv ölkələrlə əməkdaşlığı artıb. Bu isə Ermənistanın da analoji addım atmasına səbəb olub:
“Qeyd edim ki, erməni siyasətçi Qaqik Sarukyanın BƏƏ-də sərmayəsi var. Məhz bunun sayəsində İrəvan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Ermənistana cəlb edilməsinə çalışır. Ərəb şeyxlərinin səfəri çərçivəsində bu ölkənin turizm və iqtisadi sahələrinə investisiya qoyuluşu barədə danışıqlar aparılıb və müəyyən razılıq əldə olunub”.
M.Əsədullazadə qeyd edib ki, ümumiyyətlə, Ermənistanın perspektivsiz iqtisadiyyatına ərəb şeyxlərinin qoyacağı investisiya layihələri özünü doğrultmayacaq:
“Çünki kifayət qədər yoxsullaşmış ölkə olan Ermənistanın bütün infrastruktur layihələri Rusiyanın inhisarındadır. Belə olan təqdirdə ərəblər Ermənistanla yalnız turizm sahəsində əməkdaşlıq edə bilər. Turizm sahəsi üçün İrəvan rəhbərliyinin planında Göyçə gölü və Azərbaycanın işğal olunmuş əraziləri nəzərdə tutulur.
Ermənistanın turizm sahəsinin inkişafı üçün geniş cəlbedici təbiəti yoxdur. Bunu yalnız Azərbaycanın işğal altında olan Kəlbəcər və Şuşa kimi füsunkar təbiəti olan ərazilərində həyata keçirə bilər. İşğal olunmuş ərazilər və bu ərazilərin təbiəti yay-qış turizminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Ermənistan rəhbərliyi burada son aylarda hotellər və istirahət mərkəzləri istifadəyə verməklə turistlərin cəlb edilməsinə çalışır. Xüsusi olaraq vurğulayım ki, Xocalı hava limanında kiçik motorlu bir neçə təyyarə turistlərin ixtiyarına verilərək kiçik səyahətlər təşkil edilir. Azərbaycan belə uçuşların qarşısını almalıdır”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan rəhbərliyinin ərəb şeyxlərini və turistləri Azərbaycanın işğal olunmuş ərazilərinə aparması, turlar təşkil etməsi istisna deyil:
“Ermənilər beynəlxalq sərgilərdə dəfələrlə Qarabağa turistlərin cəlb edilməsi üçün stendlər təşkil edib. Zənnimcə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana səfər edən BƏƏ vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət etməmək və investisiya yatırmamaq barədə məlumat verməli və bu işi nəzarətdə saxlamalıdır. Ermənistanla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında iqtisadi əməkdaşlıq uzun perspektivdə mümkün olmayacaq. Ərəblər bir müddət sonra Ermənistanı tərk edəcəklər”.
teleqraf.com