Milli Şuradan sərt etiraz və çağırış: “Əliyev dövlət quruluşunu monarxiyaya dəyişir”
23-07-2016, 13:20
Milli Şura Azərbaycanda Konstitusiyaya dəyişiklikləri haqda referendum aktı layihəsinə münasibətini açıqlayıb. Milli Şuradan azadliq.info-ya daxil olan sənəddə deyilir:
Ölkə başçısı İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə iyulun 18-də sərəncam imzalayıb. Layihəyə əsasən, Konstitusiya maddələrinə bir neçə əlavə və dəyişikliklər nəzərdə tutulur. Bunların içərisində ən mühümləri prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və nöbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması, dövlətə xüsusi mülkiyyət toxunulmazlığını məhdudlaşdırmaq hüququnun tanınması kimi müddəalardır. Əslində, nəzərdə tutulan referendumun məqsədi də məhz bu müddəaları Konstitusiyaya daxil etməkdən ibarətdir.
Bu müddəalar toplu halda ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklərin qəbulu Azərbaycanda artıq xeyli vaxtdır faktiki tətbiq edilən monarxiya quruluşunun qanuniləşməsi demək olardı. Başqa sözlə, İlham Əliyev öz ailəsinin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki konstitusiyalı monarxiyaya dəyişmək niyyətindədir.
Azərbaycanda onsuz da hakimiyyət bölgüsü prinsipi pozulub və prezidentlik institutu üstün səlahiyyətlərə malikdir. Lakin nəzərdə tutulan dəyişikliklər bu “superprezidentlik” institutunu da möhkəmləndirmək məqsədi güdür. Əgər prezidentin istədiyi vaxt Milli Məclisi buraxmaq hüququ yaranacaqsa, deməli, parlament hakimiyyət qollarından biri kimi olan-qalan funksiyasını da itirəcək və onun mövcudluğu formal xarakter daşıyacaq.
Bundan başqa, 1-ci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması prezidentliyin gələcəkdə maneəsiz indiki hakim ailə üzvlərindən birinə ötürülməsi mexanizmini yaratmaq üçündür. 1-ci vitse-prezident və vitse-prezidentləri birbaşa prezident təyin edir, onların təyinatını parlamentin təsdiqləməsi belə nəzərdə tutulmur. Belə birbaşa təyinatlı vəzifə sahibinə həm də supersəlahiyyətli prezidenti o olmadığı təqdirdə əvəzləmək hüququ vermək nəzərdə tutulur ki, bu da prezident səlahiyyətlərinin istənilən vaxt faktiki xalq tərəfindən seçilməmiş, parlament tərəfindən qəbul edilməmiş birinə keçməsi demək olacaq. Bunun başqa adı xalqı hakimiyyətin mənbəyi olmaqdan çıxarmaqdır. 1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi rəydə hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilir və belə fikirlər hakimdir ki, bu mexanizm əslində hakimiyyətin hüquqi yolla ötürülməsindən daha çox İlham Əliyevin hakimiyyəti istədiyi şəxsə ötürməsinə xidmət edir. Eləcə də deputat və prezident seçilmək üçün yaş məhdudiyyətini götürmək niyyəti hakim ailənin daha gənc üzvləri üçün yaşıl işıq yandırmaq kimi qəbul olunur.
Əliyevlər hakimiyyəti Azərbaycan Konstitusiyasında bundan əvvəl də iki dəfə – 2002 və 2009-cu illərdəki referendumlarla dəyişikliklərə nail olub. Hər iki dəyişiklik hakimiyyətin ailə daxilində asan ötürülməsinə və ailə hakimiyyətinin ömrünü uzatmağa xidmət edib. 2002-ci ildəki dəyişikliklə dövlət hakimiyyəti iyerarxiyasında ikincilik parlamentin sədrindən alınaraq baş nazirə verilib, bundan sonra da İlham Əliyev baş nazir təyin olunub. 2009-cu ildəki dəyişikliklə isə bir nəfərin iki müddətdən atıq prezident seçilməsinə qoyulan qadağa Konstitusiyadan çıxarılıb və beləliklə, İlham Əliyevin prezident vəzifəsini müddətsiz əlində saxlamasına imkan yaradılıb.
Artıq xeyli dərəcədə ailə hakimiyyətinin maraqlarına uyğunlaşdırılmış Konstitusiyada indi növbəti mürtəce dəyişikliklərə hazırlıq görülür. Ölkənin əsas qanununu bir neçə ildən bir bu şəkildə, oxşar təkliflərlə və siyasi mülahizələrlə dəyişdirmək bütövlükdə onu hörmətdən salmaqdır və dövlətin ali qanunverici aktı kimi Konstitusiyanın nizamlama rolunu aşağı endirir.
Konstitusiyaya bu dəfə təklif olunan dəyişikliklər içində şəxsi mülkiyyətin toxunulmazlığı prinsipini aradan qaldırmaq da nəzərdə tutulur ki, bu, təkcə dövləti hörmətdən salmaq yox, həm də onun iqtisadiyyatına ağır zərbə vurmaqdır. Əgər Konstitusiyaya, nəzərdə tutulduğu kimi, hökumətə şəxsi mülkiyyəti məhdudlaşdırmaq hüququ verən müddəa salınsa, bu, avtomatik olaraq belə rəy yaradacaq ki, Azərbaycanda qanunla mülkiyyət toxunulmazlığı prinsipi yoxdur. Bunun da nəticəsi biznesin ölkədən qaçması və iqtisadi böhranın daha da dərinləşməsi olacaq. Bu dəyişiklik həyata keçəcəyi təqdirdə, ölkə vətəndaşlarının şəxsi mülkiyyətlərinin hansı miqyasda təhlükə qarşısında qalacağını anlatmağa isə gərək yoxdur.
Milli Şura beynəlxalq birliyə müraciət edir. Azərbaycan hakimiyyəti bir sıra beynəlxalq hüquqi öhdəliklər götürüb və ölkədə faktiki monarxiyanı qanuniləşdirmək istəyi həmin öhdəliklərə zidd və onların pozulmasıdır. Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü kimi mütərəqqi dünyada qəbul edilmiş universal demokratik dəyərlərə sədaqət və onları inkişaf etdirmək öhdəliyinə malikdir. Avropa Şurası və ATƏT də qarşılıqlı olaraq Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə mükəlləfdir. Eyni qarşılıqlı münasibət və öhdəliklər Azərbaycanın üzv olduğu və qoşulduğu başqa Qərb strukturları ilə də mövcuddur. Eləcə də Azərbaycanla ikitərəfli münasibətlərdə olan Qərbin demokratik dövlətləri bu ölkənin bütün standartları ilə onların “ailəsinə” qoşulması marağından çıxış etməlidir. Bu baxımdan Milli Şura həm də beynəlxalq təşkilatlardan və bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir.
Milli Şura bəyan edir ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər əhatə dairəsinə görə təkcə siyasi qüvvələri maraqlandıracaq miqyasda deyil, bütün vətəndaşlarımızın maraq və mənafeyinə zərbə vuracaq gücdədir. Babaları hələ 20-ci əsrin əvvəlində bütün Şərqdə ilk cümhuriyyəti qura bilmiş bir xalq olaraq, dünyanın indiki inkişaf dövründə monarxiya quruluşuna qaytarılmağı özümüzə həqarət bilməliyik. Bu dəyişikliklərin qəbul edilməməsi üçün Milli Şura mövcud qanunlar çərçivəsində əlindən gələni edəcək. Lakin bütövlükdə Azərbaycan cəmiyyəti Milli Şuraya dəstək vermək, nəzərdə tutulan dəyişikliklərin qarşısını ala bilmək barədə düşünməli və qanunun yol verdiyi şəkildə hərəkətə keçməlidir. Bu dəyişikliklər həyata keçsə, onun acısını hətta iqtidar düşərgəsində təmsil olunanlar da daxil olmaqla, cəmiyyətimizin bütün üzv və təbəqələri dadacaq. Ölkədə bir ailənin mütləq hakimiyyəti bərqərar olacaq və vətəndaşlarımız nəinki siyasi, həm də sosial-iqtisadi hüquqlardan (o cümlədən mülkiyyət hüququ) məhrum olmaq kimi riskli bir dövrə qədəm qoyacaq. Buna görə də Milli Şura Azərbaycan xalqını öz hüquq və haqları uğrunda fəallığa, Konstitusiyaya təklif edilən bu dəyişikliklərə “yox” deməyə çağırır.
Tumar