YAP-ın namizədlər siyahısında sürpriz adlar - İDDİA

22-08-2015, 11:19           
YAP-ın namizədlər siyahısında sürpriz adlar - İDDİA
Noyabr ayında keçiriləcək növbəti parlament seçkiləri ilə bizi bir neçə aylıq zaman kəsimi ayırır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dünən mətbuata verdiyi açıqlamada artıq avqust ayının sonuna doğru növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcəyini bəyan edib.

Seçkilərin yaxınlaşması ictimai-siyasi çevrələrin diqqətini ölkəmizdə keçirilən bütün seçkilərin favoriti hakim Yeni Azərbaycan Partiyasına(YAP) yönəldib. Seçkilərə qatılacağını bəyan edən əksər siyasi partiya və müstəqil namizədlər yalnız YAP-ın öz namizədlər siyahısını elan etdikdən sonra hansı dairədən namizəd olacaqlarına dair qərar verəcəklərini dilə gətiriblər. Bu şübhəsiz ki, Yeni Azərbaycan Partiyası namizədlərinin real gücünə işarədir.

Editor.az-a Yeni Azərbaycan Partiyasının açıqlayacağı namizəd siyahısı ilə bağlı özəl məlumatlar daxil olub. Məlumatlarda YAP-ın Milli Məclis üzvlüyünə irəli sürdüyü namizədlərdən ən az 20 nəfərinin yeniləri ilə əvəzlənəcəyi iddia olunur. Yeni namizədlər siyahısında bir sıra surpriz və maraqlı adlara da rast gəlmək mümkündür. Mənbə iddia edir ki, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov hakim partiyanın 9 saylı Binəqədi ikinci, Təhsil nazirinin keçmiş müavini, professor İradə Hüseynova 34 saylı Xətai ikinci, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev 63 saylı Sabirabad birinci, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev 78 saylı Lerik, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədləri siyahısında yer alacaq.

Mənbə qeyd edir ki, YAP-ın namizədlər siyahısında adıçəkilən şəxslərlə yanaşı, bölgələrdə böyük nüfuz sahibi olan bir sıra digər tanınmış şəxslər də yer alacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.