ABŞ prezidenti ölkəsinin parçalanmasından çəkinirmi?..-TƏHLİL

Dünən, 10:24           
ABŞ prezidenti ölkəsinin parçalanmasından çəkinirmi?..-TƏHLİL
Tramp öz sosial şəbəkə səhifəsində Los-Angeles hadisələrinə münasibət bildirərkən yazıb: “Bayden dönəmində olduğu kimi, ölkəmizin bölünməsinə izn verməyəcəyik”. Cümlənin “Bayden dönəmində olduğu kimi” hissəsi Trampın dilində bitmiş əlavədir. ABŞ-ın indiki prezidenti, Hüseyn Cavidin təbiri ilə desək, “cümlə xəyanətlərin baiskarı” olaraq Co Baydeni görür və bütün şeytani hadisələrdə öz sələfinin izini axtarır. Odur ki, Trampın çıxışlarında bu hissə nəzərə alınmamalı və cümlə belə oxunmalıdır: “Ölkəmizin bölünməsinə izn verməyəcəyik”.

Maraqlıdır ki, cənab Tramp bu əndişələrini dilə gətirdiyi bir zamanda Los-Angeles küçələrində etirazçılardan bəzilərinin Meksika bayrağı qaldırırdılar. Bu faktın özü də əslində Trampın əndişələrinə haqq qazandırır və istər-istəməz bu sualları ortaya çıxır: Los-Angeles hara, Meksika hara? ABŞ-ın ən zəngin şəhərinin narazı sakinləri niyə Meksika bayrağı qaldırırlar? Tramp əndişələrində nə qədər haqlıdır?

Suallara cavab vermək üçün, gəlin, ilk növbədə hər iki bölgənin coğrafi mövqeyinə, əhalisinin etnik tərkibinə və çox da uzaq olmayan tarixinə nəzər salaq:

Meksika:

Sirr deyil ki, Tramp hakimiyyətə gələndən sonra onun ən mühüm siyasətlərindən biri də Meksika və Kanada ilə ədavətə girmək olub. Xüsusilə Meksikanı bu qədər əhəmiyyətli edən isə onun ABŞ-ın cənub əyalətləri üzərindəki təsir gücü və dünya geopolitikasında oynaya biləcəyi roldur. Təkcə o faktı xatırlatmaq istərdim ki, dünyada hazırda 500 milyondan çox ispandilli əhali yaşayır və onların içərində ən güclü dövlətlərdən biri də Meksikadır. Meksika ABŞ-ın vaxtilə ilhaq etdiyi cənub əyalətlərini öz ətrafına toplayıb ispan dilli dövlətləri də bu təşəbbüsə qoşsa Vaşinqton çox ciddi problemlərlə qarşılaşar. Dərd burasındadır ki, Tramp hakimiyyəti də bunun fərqindədir və Meksikadan hər il ABŞ-a axın-axın mühacirlərin gəlişini ispandillilərin işğalı kimi alqılayır və buna kəskin qarşı çıxır. Səbəbi Meksikanın indiki geosiyaso mövqeyi və potensialı ilə əlaqədardır.

Meksika - Şimali Amerikada yerləşən bir ölkədir, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ (o cümlədən Kaliforniya ştatı), qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunub.

Bir sözlə, ABŞ-da hadisələrin əndazəsindən çıxdığı Kaliforniya ştatı Meksikanın qonşuluğunda yerləşir. Meksikadan qaçıb ABŞ-a sığınan miqrantların mühüm hissəsi də məhz bu əyalətə cəmləşir. Səbəbi isə çox sadədir: Kaliforniya ABŞ-ın ən zəngin əyalətidir və dünyanın ən varlı şirkətləri bu əyalətdə mənzillənib. Bəzi məlumatlara görə, Kaliforniya nəinki ABŞ-da, ümumiyyətlə dünyada 10 ən zəngin iş adamdan 4-nün yaşadığı əyalətdir. Dolayısıyla mühacirlər üçün iş və aş tapa biləcəkləri ən böyük ümid şəhəridir. Məhz bu ümid də mühacirləri Kaliforniyaya cəzb edir.

Kaliforniyanı Meksikaya bağlayan “yumşaq tellər”

Bəzi iddialara görə, Kaliforniyada məskunlaşan əhalinin 60%-dən çoxu miqrantlardır və onların Meksikaya qaytarılması Trampın qarşısına qoyduğu əsas missiyalardan biridir.

Meksika ilə Kaliforniyanı birləşdirən əsas faktorlardan biri də əhalisinin ünsiyyət vasitəsi, yəni dilidir. Rəsmi rəqəmlərə inansaq, Kaliforniya əhalisinin 50%-dən çoxu ingilis dillidir. İspandillilərin nisbəti isə cəmi 28% həndəvərindədir. Amma bu fakt əhalinin real etnik kimliyini əks etdirmir. İddialara görə, Kaliforniyada ən azı 15 milyon ispan kökənli yaşayır. Bu da əhalinin ən azı 40%-nə təqabül edir. Zira ABŞ-ın ən qələbəlik ştatı olan Kaliforniyanın 39 milyon əhalisi var. Belə çıxır ki, ştatda ingilis dilində danışanlar arasında da xeyli ispan kökənlilər var.

Kaliforniyadan başqa Florida, Arizona, Texas və Nyu-York ştatlarında da bir neçə milyon ispandilli əhali yaşayır. Üstəlik, bu ştatların bir çoxu Meksika ilə həmsərhəddir, 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində baş verən Amerika-Meksika savaşlarında ilhaq olunmuşdur. Məsələn, haqqında danışdığımız Kaliforniya 1821-ci ildə uğurlu müstəqillik müharibəsindən sonra Meksikaya birləşmiş, lakin Meksika-Amerika müharibəsindən sonra 1848-ci ildə ABŞ tərəfindən ilhaq olunmuşdur. Onun ilhaqının əsas səbəbi isə 1848-ci ildə ştatın San-Fransisko bölgəsində qızıl tapılması olmuşdu. Başqa sözlə desək, ingilislər bu kəşfdən sonra “qızıl ştat”ın ispanlarda qalması ilə razılaşmamış və yenidən müharibəyə başlayaraq onu ilhaq etmişlər. Bu ilhaqdan sonra Kaliforniya inkişaf etmiş, ABŞ-ın ən zəngin ştatına və onun iqtisadiyyatının avanqardına çevrilmişdi.

Haşiyə

1912-ci ildə isə Kaliforniyanın yanında yerləşən Arizona ABŞ-a qatılmış və 48-ci ştat ünvanı qazanmışdı. Arizonadan sonra ABŞ-a qatılım 1959-cu ildə baş vermişdi. Həmin il Havay adaları və ABŞ-ın Şimali Buzlu okeanda yerləşən Alyaska anklavı əyalət statusu altında Birləşmiş Ştatların bir üzvü olmuşlar. Bu baxımdan Arizona ABŞ-a qatılan sonuncu qitəsəl ştat sayıla bilər.

Göründüyü kimi, bizə tez-tez əxlaq və demokratiya dərsi keçən ABŞ 20-ci əsrin ortalarına qədər dinc dayanmamış də çox böyük coğrafiyaları ilhaq etmək xasiyyətini tərgidə bilməmişdir. Bu gün Kaliforniya əyalətində yaşanan gərginliyin əsas səbəblərindən biri də ABŞ-ın bu ilhaq siyasətidir. Kaliforniyanın bir çox elm adamları bu gün açıq şəkildə bildirirlər ki, əgər bu əyalət müstəqillik qazansa, rahatlıqla ÜDM-ə görə dünyanın 5-ci ən zəngin dövlətinə çevrilə bilər. Baxmayaraq ki, əhali sayına görə isə dünya sıralamasında 37-ci yeri tutardı.

Sözsüz ki, az əhali ilə dünyanın ən zəngin 5-ci ölkəsi olmaq imkanları Kaliforniyanın iqtisadi gücündən xəbər verir. Kaliforniyanın təkcə Los Angeles deyil, San-Fransisko şəhəri də ABŞ-ın ən güclü iqtisadi mərkəzlərindəndir. Şəhərin iqtisadiyyatı, yüksək texnologiya, maliyyə və xidmət sektoru ilə əhəmiyyətli dərəcədə güclənmişdir. Silikon vadisi yaxınlığında yerləşməsi, şəhəri texnologiya və innovasiya mərkəzi halına gətirmişdir. Burada dünyanın ən böyük texnologiya şirkətlərinin qərargahları, eləcə də startaplar yerləşir. Facebook, Google, Apple və digər böyük texnologiya nəhəngləri bu şəhərdə fəaliyyət göstərir.

Bununla belə, Kaliforniyanın müstəqillik qazanacağı ehtimalında belə onun Meksikaya birləşməsi mümkün görünmür. Ən azı ona görə ki, 39 milyonluq Kaliforniya indiki halında 130 milyonluq Meksikadan xeyli zəngindir. Beynəlxalq Valyuta Fondunun 2023-cü il hesabatına görə, Meksikanın ÜDM 3.1 trilyon dollardır. Kaliforniya ştatının ÜDM-i isə 2024-cü ilin 3-cü rübü etibarilə $4.1 trilyon dolları keçib təşkil edib və bu göstərici ilə ABŞ-ın ən böyük iqtisadi gücünə malikdir. Bununla belə, Kaliforniyada mühacirlərin başlatdıqları dirəniş hərəkatının getdikcə güclənməsi və digər ispandilli əyalətlərə yayılmaq ehtimalı da istisna edilə bilməz. Zənnimizcə, Tramp administrasiyasını ən çox narahat edən də budur və o, təhlükəni beşikdəcə boğmaq istəyir.

Amma buna gücü çatacaqmı? Bu sualın doğru cavabı Demokratlar partiyasının kaliforniyalılara verəcəkləri dəstəkdən asılıdır. Kaliforniyanın əzəl gündən demokratların qalası kimi ad çıxarması bu ehtimalın o qədər uzaq imkansız olmadığını göstərir...

Heydər Oğuz
Ovqat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.