Qərb Saakaşvilini yarıyolda qoydu

14-02-2018, 10:56           
Qərb Saakaşvilini yarıyolda qoydu
Elxan Şahinoğlu: “Saakaşvili uzaqbaşı Qərbin məşhur universitetlərinin birində dərs deyə bilər”

Ötən ilin sentyabrından etibarən Ukraynanı daxildən qarışdıran Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə bağlı rəsmi Kiyevin fevralın 12-də verdiyi qərar dünya gündəmini zəbt edib. Bu qərarla Mişa Polşaya readmissiya edilib.

Məlumat üçün bildirək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması deməkdir.

Ukrayna Sərhəd Xidməti Saakaşvilinin Ukraynadan göndərilməsi xəbərini təsdiqləyib. Daha sonra isə Saakaşvilinin Polşaya gəldiyi haqda xəbər verilib.

Saakaşvilinin vəkili Ruslan Çernolutski bildirib ki, Polşa siyasətçinin geri qaytarılmasına razılıq verməyib.

Saakakaşvilinin özü isə ölkədən çıxarılmasını Ukrayna hakimiyyət orqanları tərəfindən “hədsiz zəiflik və hədsiz qorxaqlığın təzahürü” adlandırıb.

“Saxladıqdan sonra məni avtobusa, sonra aparıb vertolyota mindirdilər. Vertolyot, başa düşdüyüm qədərilə bir müddət Kiyev üzərində dövr etdi. Borispolda eniş etdikdən sonra əllərimi kobud güc tətbiq etməklə burdular və təyyarəyə mindirdilər”, Saakaşvili bildirib.

Mişa barədə bu qərardan sonra onun ətrafında gedən müzakirələr daha da artıb. Amerikanın onun vasitəsilə Ukraynada istədiklərini həyata keçirə bilmədiyinə görə onun arxasından qaçdığı bildirilir. Readmissiya qərarından sonra Birləşmiş Ştatların susqun mövqe sərgiləməsi bir sıra suallara yol açıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Saakaşvili barəsində əvvəlcədən daha çox deportasiya qərarının gözlənildiyini bildirdi: “Saakaşvilinin deportasiyasını gözləyirdim. Çünki Ukrayna hakimiyyətinin Saakaşvilin Ukrayna vətəndaşlığından məhrum qərarı var idi, üstəgəl də Odessanın keçmiş qubernatorunun pasportu da artıq qüvvədən düşmüşdü. Digər tərəfdən, Saakaşvili Ukraynada prezident Petro Poroşenkoya ciddi başağrısı yaradırdı, insanları mitinqlərə və küçə yürüşlərinə sürükləyirdi. Demək, Poroşenko nə yollasa Saakaşvilidən qurtulmalı idi. Sadəcə, Poroşenko iki qərar üzərində düşünürdü. Birinci qərara görə Poroşenko Saakaşvilini Gürcüstana, ikinci qərara görə isə Avropaya deportasiya etməli idi. Saakaşvilini Gürcüstana deportasiya etsəydilər, onu Tiflisin hava limanından birbaşa həbsxanaya yollayacaqdılar. Poroşenko bu varianta üstünlük verməkdən çəkindi, çünki bu halda Avropa ilə münasibətlərdə müəyyən gərginlik yaşaya bilərdi. Poroşenko Avropa İttifaqının maliyyə dəstəyindən asılıdır. Ona görə də daha yumşaq ikinci varianta üstünlük verildi - onu gəldiyi yerə, yəni Polşaya göndərdi. Niyə Polşa? Çünki Saakaşvili ötən ilin sonunda Ukrayna sərhədini məhz Polşa üzərindən keçmişdi. Tarixin ironiyasına baxın ki, Ukraynanın erməni daxili işlər naziri Arsen Avakov gürcü eks-prezidenti ölkədən qovdu. Bu, Ukraynanın hansı ağır vəziyyətdə olduğunu göstərir. Məlumat üçün bir xəbər verim. Rəhbəri olduğum mərkəzin Ukrayna üzrə eksperti Ağa Zeynalov Saakaşvilinin Polşaya deportasiyasını Kiyevin Borispol Hava Limanından izləyə bilib. Onun mənə verdiyi məlumata görə, hava limanında qarmaqarışıqlıq olub, təhlükəsizlik orqanının maşınını aşırdıblar. Buna baxmayaraq, Saakaşviliyə görə Kiyevdə güclü dəstək aksiyalarının keçiriləcəyini də proqnozlaşdırmıram”.

Politoloq sabiq qubernatorun Ukraynada nüfuzunun aşağı olmasından da söz açdı: “Etiraf etmək lazımdır ki, Saakaşvili nə qədər fəal olsa da, onun Ukraynadakı reytinqi o qədər də yüksək deyildi. Bəli, o, güclü siyasətçidir, əsl mübarizdir, başı ilə divarı yarmağa hazırdır. Ancaq bütün bunlar da bir yerə qədər. Ukrayna hakimiyyəti onu məcburi Polşaya deportasiya etdikdən sonra sərhədi elə qapadacaq ki, keçmiş səhvini təkrarlamasın və Gürcüstanın keçmiş prezidenti bir daha Ukraynaya ayaq basa bilməsin. Əlbəttə, Saakaşvili yenə cəhd edəcək, ancaq çətin olacaq. Gürcüstan və Ukrayna Saakaşvilinin üzünə xeyli müddət qapalı olacaq. Demək, Saakaşvilinin siyasi karyerası da yaxın illər üçün eniş dövrünü yaşayacaq. Gərək Gürcüstanda və Ukraynada onun tərəfdarları qələbə çalsın ki, o, ya Tiflisə, ya da Kiyevə qayıda bilsin. Bunun da perspektivi hələ ki qaranlıqdır. Qərbə və Polşaya siyasətçi Saakaşvili lazım deyil, uzaqbaşı Qərbin məşhur universitetlərinin birində dərs deyə bilər. Doğrusu, onsuz maraqsız olacaq. Ancaq Tiflis və Kiyevə belə ”maraqlı" siyasətçi lazım deyil, heç Qərbə də lazım deyilmiş, yoxsa əlləri qandallı Polşaya deportasiya belə asanlıqla baş tutmazdı. Amerika açıq-aşkar onun arxasında dayanmadı. Saakaşvilinin əsas dəstəkçisi Amerikanın keçmiş prezidenti Corc Buş idi. Sonrakı prezident Barak Obama Buşdan daha az Saakaşvilini müdafiə edirdi. Donald Tramp isə ümumiyyətlə, Saakaşviliyə maraq göstərmir. Bu, Ukrayna prezidentinin işinə yaradı".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.