Qərbin Azərbaycandakı seçkilərə liberal münasibətinin səbəbi
15-02-2018, 09:20
Həsrət Rüstəmov: “Növbədənkənar seçki olduğu üçün hər hansı bir tədbir planlaşdırıb həyata keçirmələri mümkün deyil”; Mübariz Əhmədoğlu: “Qərb regiondakı vəziyyəti bilir, ətrafımızda baş verənləri anlayır”
Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsinə iki aydan az müddət qalıb. Hər dəfə Azərbaycanda seçkilər, xüsusilə də prezident seçkisi ərəfəsində Qərbin müxtəlif dairələri tərəfindən ölkə hakimiyyətinə təzyiqlər edilirdi. Qərb müxtəlif arqumentlər, bəhanələrlə iqtidarın üzərinə gəlirdi. Bu il isə seçkiyə az müddət qalmasına baxmayaraq, Qərbin hər hansı bir təzyiqi, gizli oyunlardan istifadə etməsi müşahidə olunmur. Artıq ölkə iqtidarı siyasi məhbus, insan haqları və demokratiya məsələlərində də əvvəlki illərdə olduğu kimi tənqid edilmir. Əksinə, son illərdə Azərbaycan hakimiyyəti Avropa və Qərbdəki bir çox dairələrlə əməkdaşlığı gücləndirib, radikal mövqeli qərbyönlü qurumlara, bəzi mətbuat orqanlarına əks-təzyiqlər edib, hətta onların bəzilərinin ölkədəki nümayəndəliyinin bağlanmasına nail olub.
Qərbin bəlli mövqedə dayanmasının səbəbləri ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, bu, seçkilərin fors-major hal kimi keçirilməsi ilə əlaqəlidir: “Yəqin ki, siz seçki komissiyalarının təşkili ilə bağlı ATƏT-in və ya Avropa Şurasının toplantısını nəzərdə tutursunuz. Bu seçki fors-major hal kimi keçirildiyi üçün Qərb dairələrinin planlaşdırıb, hər hansı bir tədbir keçirməsi mümkün deyil. Avropada hər hansı bir tədbir keçirmək üçün 2-3 ay öncədən plan qurulur, sonra onun maliyyə məsələsi həll olunur və həyata keçirilməsi üçün iştirakçılar tapılır. Bu baxımdan elə bilirəm ki, seçkinin müşahidəsinə də Avropa strukturları tərəfindən diqqət yetirilməyəcək. Başqa səbəblər də ola bilər ki, bunu da araşdırmaq lazımdır. Səbəblərdən biri də seçkidə müxalifətin zəif iştirakıdır. Əvvəlki illərdəki digər ağır şərtlərin də hamısının prosesə təsiri var. Çox təəssüf ki, müxalifət eyni taktikanı həyata keçirmir. Bəziləri seçkiyə getmir, bəziləri gedir. Ancaq bu faktor da Qərbin seçkiyə diqqət göstərməməsi üçün əsas səbəb deyil”.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, indiki vəziyyət əvvəlki illərdən fərqlidir: “Qərb regiondakı vəziyyəti bilir, ətrafımızda baş verənləri anlayır. Ona görə də Azərbaycanda növbədənkənar prezident seçkilərini anlayışla qarşılayırlar. Hətta hesab edirəm ki, lazım gəlsə seçki prosesində Qərb Azərbaycana kömək də edə bilər. Eləcə də uzun müddətdir ki, Qərb Azərbaycan müxalifəti ilə təmasda deyildi. ABŞ-ın Cənubi Qafqaz üzrə bir nömrəli rəsmisi Bricet Brink Azərbaycanda olarkən müxalifətin liderlərindən biri olan İsa Qəmbərlə görüşdü. Onun aldığı təəssüratdan çox şey asılıdır. Görünür, Brink başa düşdü ki, müxalifəti dəstəkləməyə ehtiyac yoxdur. Bu addımı atmaqla vəziyyəti pisləşdirmək olar, nəinki yaxşılaşdırmaq. Təbii ki, Brink ölkəsinə qayıdandan sonra dövlət rəhbərinə hesab hazırlayıb verəcək. Hesab edirəm ki, hesabatda müxalifətin vəziyyəti qeyd olunacaq. Müxalifət heç bir parametrinə görə Qərbin dəstəyinə hazır deyil. Heç yeri gəlsə bu dəstəyə layiq də deyillər. Çünki Qərb zəifləmiş Azərbaycan müxalifətindən imtina etdi. Yəni Qərb Azərbaycan müxalifətini zəiflətmədi. Sadəcə olaraq, müxalifət birləşə bilmədi, xalq tərəfindən dəstək qazanmadı. Artıq belə müxalifəti ABŞ-ın, Qərbin dəstəkləməsi sanki Azərbaycanın siyasi hakimiyyətinə bir acıq vermək anlamına gələrdi. Onların isə belə bir niyyəti yoxdur. Qarşıdakı seçkidə Qərbi Azərbaycana dəstək verən, təhlükəsizliyimizə dəstək məsələsində maraqlı tərəf kimi görürəm”.
Politoloq hesab edir ki, müxalifət partiyalarından bəzilərinin ard-arda seçkini boykot edən qərar vermələri düzgün addım deyil:
“Bu, zərrə qədər doğru yanaşma deyil. Dünyəvi müxalifət hətta ən kiçik seçki prosesindən istifadə edib, özünü təqdim etməlidir. Ölkədə gedən proseslərə öz istədiyi istiqamətdə dönüş yaratmağa cəhd etməlidir. Bu, müxalifətin təyinatıdır. Əgər müxalifət bundan imtina edib, boykot taktikasını seçirsə, demək, bunlar ya müxalifət deyillər, ya da ümumiyyətlə, demokratik düşərgəyə aid edilə bilməzlər. Bütün dünyada görünüb ki, aparıcı müxalifət təşkilatları çox kiçik rəqəmlərlə işləyirlər. Məsələn, xaricdə iqtisadi parametrlərinə görə bir müxalifət partiyası seçkidə iştirak edən zaman hakim partiya ilə müqayisədə çox kiçik faiz göstəricisi ilə vədlər verir ki, məsələn, vergi azalacaq. Bizimkilər isə danışanda böyük rəqəmlərdən istifadə edirlər. O cümlədən Qərbdəki müxalifətin də davranışı başqadır. Məsələn, Almaniyanın partiyaları hətta ayrıca torpaqların tərkibində keçirilən yerli özünüidarəetmə seçkilərində iştirak edirlər. Partiyanın isə bütün mərkəzi qərargahı o istiqamətdə səfərbər olunur. Onlar demirlər ki, biz yalnız Almaniya miqyasında seçkilərdə iştirak etməliyik. Kiçik seçkilərə qatılmasalar o müxalifət partiyalarının üzərinə kölgə gəlir. Bizdə isə çox təəssüf ki, boykot qərarı müxalifətin əzəli, əbədi xəstəliyidir. Bu gün də ondan uzaqlaşa bilmədilər”.