“And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma…”
16-02-2018, 00:47
Həmişə qalmaqallı açıqlamarı ilə gündəmə gələn deputat Araz Əlizadə bu dəfə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun və mərhum prezident Əbülfəz Elçibəyin kürd olduğunu deyib.
teref.az bildirir ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında Araz Əlizadənin fikirlərinin əsassız olduğunu qeyd edib.
“Kürd olmaq qəbahət deyil. Kürd də millətdi, türk də millətdir. Amma Elçibəylə İsgəndər Həmidov təmiz türkdür və özü də yeddi qatında türkdürlər. Türkçülüyümüzlə də fəxr edirik. Elçibəy türkçülüyü Azərbaycana tanıtdı. Mənim də atamın məzarı üstünə “Kolanı Məcid” yazılıb. “Kolanı” Azərbaycanda ən qədim türk tayfasıdır. Özüm də “Bozqurd”am, yəni Azərbaycan məni “Bozqurd” kimi tanıyır. Mən necə kürd ola bilərəm? Qaldı ki, kürd olmaq qəbahət deyil. Bizim kürd də, türk də, ləzgi də, talış da dostumuz var, amma fars dostumuz, erməni dostumuz yoxdu. Araz Əlizadə onu fikirləşsin. Yenə deyirəm, mən türkəm və türklüyümlə fəxr edirəm. And olsun Allaha əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim”.