Trampı prezident seçdirən azərbaycanlı gənci ABŞ -dan qovurlar - sensasion və rəsmi...
17-02-2018, 11:18
ABŞ -ın rəsmi strukturları 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsi üzrə 13 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürüb. Musavat.com xəbər verir ki, bu barədə rəsmi material ABŞ Ədliyyə nazirliyinin saytında yerləşdirilib. Bu şəxslər Rusiya tərəfindən ABŞ -dakı prezident seçkilərinə müdaxilənin əsas fiqurları hesab olunurlar və əməlləri sübuta yetirilib. Qeyd edək ki, musavat.com bu barədə ötən ilin noyabr ayında geniş məqalə ilə çıxış edib.
http://musavat.com/news/putinin-aspazi-nece-siyasi-texribatci-oldu-hemid-herisci-yazir_479743.html
İttham olunanlar sırasında "Putinin aşbazı" adlandırılan "İnternet Tədqiqatları agentliyi"nin təsisçisi Yevgeni Priqrojin də var.
Yevgeni Priqrojin Putinlə birgə
Amma burada Azərbaycan oxucusu üçün bundan da maraqlı, sensasional fakt var. İttiham olunanlardan biri Ceyhun Nəsimi oğlu Aslanov adlı azərbaycanlı gəncdir. Musavat.com yuxarıda göstərilən linkdəki məqalədə bu barədə geniş yazıb.
İttihamnamədə baş fiqur olaraq adı hallanan Yevgeniy Priqojin Rusiya prezidenti Vladimir Putinə ən yaxın rəsmilərdən biri sayılır.
Məlum olur ki, o, "trol fabriki" kimi tanınan, Rusiya kəşfiyyatının yan quruluşu olan "İnternet Tədqiqatları Agentliyi"ndə Amerika bölməsinin rəhbəri olub. Bir neçə dəfə xüsusi tapşırıqla ABŞ-a göndərilib. İndi isə ABŞ hökuməti C.Aslanov da daxil olmaqla, həmin 13 nəfərin ekstradisiyasını tələb edəcək.
Bu faktı şərh edən politoliq Şahin Cəfərlinin fikrincə, "...bu kiberhücum "xəmir"inin hələ çox su aparacağı anlaşılır. ABŞ, Britaniya, Avstraliya və Danimarka ötən il "NotPetya" virusu vasitəsilə qlobal miqyasda həyata keçirilmiş və əsas hədəfin Ukrayna olduğu kiberhücumların arxasında Rusiya kəşfiyyatının (QRU) dayandığını açıqladılar. ABŞ bu hücuma görə də Rusiyaya qarşı cavab tədbirləri görüləcəyini bəyan etdi.
Kiberhücumlar artıq asimmetrik təhdid kimi terrorizmin xeyli önünə keçib. Təsadüfi deyil ki, NATO 2016-cı il Varşava zirvəsində kiberməkanı quru, dəniz və hava məkanları ilə birlikdə əməliyyat zonası elan etdi. NATO müdafiə nazirlərinin bu həftə keçirilən görüşündə yeni struktur - Kiberəməliyyatlar Mərkəzinin yaradılması qərara alındı.
ABŞ-ın yeni nüvə strategiyasında isə yazılıb ki, ölkə irimiqyaslı kiberhücumlara məruz qalarsa, cavab tədbiri kimi nüvə silahından istifadə edə bilər. Yəni məsələ bu qədər ciddidir".
*****
Müəllifi Həmid Herisçi olan məqalədən bir parça:
ŞİRKƏTDƏKİ AZƏRBAYCANLILAR: Şirkətin ABŞ şəbəkəsinə həmyerlimiz, 27 yaşlı Ceyhun Aslanov rəhbərlik edir. Sibirin Ust-Kut şəhərində doğulmuş bu gənc indi Rusiyanın bir saylı piar mütəxəssisidir. ABŞ üzərinə haker hücumlarını da məhz o hazırlayıb. ABŞ-da polislər onu əli çıraqlı axtarırlar. Deyilənə görə Trampı prezident edən Putin deyil, ABŞ seçicisi deyil...
Bəs kimdir?
Desəm inanmazsız. Məhz bu 27 yaşlı həmyerlimiz.
Sankt-Peterburqa 2000-ci illərin əvvəlində Sibirdən gəlmiş bu nadir istedad sahibi, şəhərdəki Hidrometeoroligiya Universitetində təhsil alıb. İşinə hava barədə proqnozlarla başlayıb. Sonra bu proqnozların təyinatına siyasi rəng qatıb. 2009-cu ildə bir neçə ay ABŞ-da öz bəxtini sınayıb. Görüb yox eyy, bura Ceyhunun yeri deyil. Əclafların yeridi. Qayıdıb əli ətəyindən uzun geriyə. Vətəninə. İki şəxsi internet şirkəti var. Biri, “Azimut” adlanır. Maliyyə dövriyyəsi az deyil-29 milyon rubl. Çoxdan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti altındadır. Facebokdakı şəxsi səhifəsi məhz ABŞ əks-kəşfiyyatçıları tərəfindən qapadılıb.
***
Ceyhun Aslanov şirkətə gəldiyi 2015-ci ildən sonra buradakı işçilərin sayı iki dəf artaraq gəlib 800-900 nəfərə çatıb. Ceyhun təkcə komment, twitlərlə kifayətlənən deyil. O, videoçəkilişlərə, reportajlara, aldadıcı hər cür oyunbazlığa xüsusi önəm verəndi. Rəhbərlik etdiyi ABŞ şöbəsində 80-90 nəfər yüksək səviyyəli piar mütəxəssisi çalışır. Maaş fondu burda çox yüksəkdir - ildə təxminən 1 milyon dollar. Ceyhunun öz maaşı ayda 120 min rubl həcmindədir.
KİÇİK HAŞİYƏ: Ceyhun şirkətə gəldikdən sonra, facebookda saxta 500 akkauntun reklamına 2015-dən 2017-nin mayına qədər 100 min dollar pul xərclənib. Xərclər özünü doğruldub. ABŞ, uzun fasilədən sonra yenidən irqi qarşıdurmalara sürüklənib.
Ceyhunu Kataloniya böhranının müəllifi sayanlar da var. İddia olunur ki, bu böhran da Piterdəki Savuşkin 55 ünvanından idarə edilir.
***
ABŞ əks-kəşfiyyatı, təbii, biganə qalmır Ceyhun Aslanovun bu təxribatlarına qarşı. Şirkətə qarşı öz ilk əks-əməliyyatını elə düşmən ərazisində-Rusiyada təşkil edir. Lyudmila Şevçuk adlı bir gənc jurnalisti göndərir bu ünvana. Qız bir gözüylə Ceyhunu möhkəmcə güdür əvvəlcə. Digəri ilə şirkətdəki iş rejimini, işçilərini qeydə alıb bildiklərini ötürür okeanın o tayına-ABŞ-a. “Dojd” telekanalı da biganə qalmır mövzuya. Şirkətdən fərarilik etmiş Maksim adlı bir jurnalistdən geniş müsahibə alıb aləmi qatır bir-birinə.
Musavat.com