Qərbdən gələn diplomatlar müxalifətlə niyə görüşmürlər?
20-02-2018, 10:51
Diplomatların müxalifətlə əvvəlki sıx təmaslarının olmamasının səbəbləri
ABŞ və Avropadan Azərbaycana səfərə gələn diplomatlar bir neçə il öncəyə qədər Bakıda müxalifət partiyalarının liderləri ilə də görüşürdülər. Hətta elə bir dövr var idi ki, 20 Avropa dövlətinin səfiri birlikdə müxalifət partiyalarının sədrləri ilə görüşə gedirdilər. Bu cür təmaslar əsasən 4-5 tanınmış partiyanın lideri ilə mütəmadi olardı. Həmin liderlərin cəmiyyətdə populyarlığına, nüfuzuna bu cür görüşlər, diqqətdə olmaları şübhəsiz dividentlər gətirirdi.
Bu dediklərimiz keçmiş zamanda olub. Maraqlıdır ki, son bir neçə ildir Qərb diplomatları sözügedən ənənəni pozurlar. Ölkəyə gələn və ölkədə olan diplomatik korpus təmsilçiləri müxalifəti sanki “dəftərdən” silib. Müxalifətlə əvvəlki illərdəki kimi təmaslar qurulmur. Çox nadir hallarda ikitərəfli görüşlərin reallaşdığını nəzərə almasaq demək olar ki, müxalifətlə görüşlər keçirilmir.
Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, bir vaxtlar Qərb özü Azərbaycan cəmiyyəti, xüsusən müxalifəti ilə ciddi şəkildə maraqlanırdı, buna adekvat olaraq da cəmiyyət, müxalifət Qərblə maraqlanırdı. Son illərdə isə bu yoxdur. İkincisi, son illərdə Qərbin başı özünün problemlərinə qarışıb. Avropa Birliyindən Böyük Britaniya çıxdı, Avropada ciddi siyasi, iqtisadi, mənəvi böhran var. Bunlar özü də artıq Qərbin əvvəlki funksiyasını-dünyada demokratiyanın avanqardı olmaq funksiyasını daşımasına imkan vermir: “Yəni Qərb artıq demokratik dəyərlərə ikinci dərəcəli məsələ kimi baxır. Əvvəllər ABŞ ikinci dərəcəli məsələ kimi baxırdı, indi Avropa da ikinci dərəcəli məsələ kimi baxır.
Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir. Azərbaycan iqtidarı da Qərb faktoruna əvvəlki kimi maraq göstərmir. 2011-ci ildə Qərbin Azərbaycandakı maraqları neft amilinə görə pik həddəydi. Neft hasilatı azalmağa başlayandan sonra Qərb Azərbaycan iqtidarı ilə az maraqlanmağa başladı. Sonra İranla Qərbin münasibətləri normallaşdı və geopolitik olaraq da Azərbaycanın əhəmiyyəti azaldı.
Qərb və ABŞ-ın bundan əvvəlki illərdə əldə etdiyi geopolitik üstünlüklər demək olar ki, əldən verilib. Ona görə də müxalifət də başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək, vermək imkanında deyil.
Məsələnin digər tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda müxalifətlə vaxtaşırı təmaslar olurdu.
Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır".
Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, xarici missiyaların Azərbaycana səfərləri və müxalifətlə görüşləri səngiyib: “İnanıram ki, növbədənkənar prezident seçkisi ilə bağlı missiyaların səfərləri intensivləşəcək və onlarla görüşüb fikir mübadiləsi apara biləcəyik. Doğrudur ki, onların müxalifətlə təmasları çox aşağı düşüb. Bu birinci növbədə müxalifətin özünü dalana dirəməsindədir. Siyasi prosesi tənqid və bloggerlik üzərində quran adamlarla nəyi danışsınlar? Digər tərəfdən, ATƏT-in Azərbaycandan göndərilməsi də müəyyən rol oynayıb. ABŞ-da Donald Trampın prezident seçilməsi nəticəsində ABŞ-ın xarici siyasətində edilən düzəlişlər də bu sahədə sözünü deyir. Bundan sonra görüşlərin artmasını gözləyirəm. Bizim üçün maraqlı olacaq ki, seçkilərlə bağlı beynəlxalq təşkilatlar, onların nümayəndələri və ayrı-ayrı hökumətlər nə düşünür”.