Əli İnsanov ad gününü Almaniyada keçirə bilər - 22 martda

23-02-2018, 10:41           
Əli İnsanov ad gününü Almaniyada keçirə bilər - 22 martda
Sabiq səhiyyə nazirinin Bakıda kimləri yaşayır?
Sabiq səhiyyə naziri Əli İnsanovun yaxın zamanlarda imzalanacağı gözlənilən əfv sərəncamı ilə azad olunacağı barədə “Yeni Müsavat”ın xəbəri xeyli diqqət çəkib. Yada salaq ki, xəbəri verən mənbə iddia edib ki, sabiq nazirşt bu dəfə azadlığa buraxılması və ölkədən getməsi gözlənilir.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. Bu günlərdə son instansiya - Ali Məhkəmə də sabiq nazir haqda qərarı qüvvədə saxlayıb.

Ölkə iqtidarının onu azad edəcəyi halda ölkəni tərk etməsi şərti qoyması haqda iddia inandırıcı görünür. Çünki İnsanovla eyni hadisəyə görə 2005-ci ildə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev məhz belə anlaşma yolu ilə azadlığa çıxmış və ölkəni tərk etmişdi.

Sabiq səhiyyə nazirinşt hətta yaşayacağı ölkənin Almaniya olduğu deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. İddia olunur ki, İnsanovun hazırda ailəsinin əksər üzvləri bu ölkədə yaşayır.

Bəs 13 ildir həbsdə olan Əli İnsanovu Bakıda kim gözləyir? Bu mövzuda araşdırma aparan “Yeni Müsavat” bir müddət öncə əldə etdiyi informasiyalara istinad etməli olur. Adının çəkilməsini istəməyən sabiq dövlət məmurunun çevrəsinə daxil olan şəxslərdən biri onun oğlunun və qardaşlarının Azərbaycanda olduğunu, digər ailə üzvlərinin ölkədə olmadığını bildirib: “Məhəmməd adlı qardaşı rəhmətə gedib. Əhməd adında qardaşı ölkədədir. Bir oğlu, bir qızı var. Oğlu Vidadi Azərbaycandadır. Atasının yanına bəzən o gedir. Arabir qardaşı da İnsanovun yanına gedir. Həyat yoldaşı əksər vaxtlar xaricdə olur” deyə, mənbə bildirmişdi.

Sonda qeyd edək ki, martın 22-də Ə.İnsanovun 72 yaşı tamam olur.

“YM”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.