Üç ölkə arasında su müharibəsi başlaya bilər
25-02-2018, 23:08
Nil çayı üzərində inşa edilən yeni baraj məsələsində Misir, Efiopiya və Sudan arasında razılaşma əldə edilməsə müharibə başlaya bilər.
teref.az-nun BBC-yə istinadən məlumatına görə, dünyanın ən uzun çayı olan Nilin iki böyük qolundan biri olan Mavi Nil üzərində Efiopiya tərəfindən barajın tikilməsi uzun müddətdir müzakirə məsələsinə çevrilib. Barajın inşasına “Ərəb Baharı” zamanı başlandığı üçün Misir məsələyə lazımınca diqqət ayıra bilməmişdi.
Afrika qitəsində önümüzdəki 30 il ərzində əhalinin sayının iki dəfə artmasına hazırlaşan çox az ölkə var. Qarşısında siyasi çətinliklər və məhdud azadlıqlar olmasına baxmayaraq özünü orta gəlirli bir ölkəyə çevirmək istəyən Efiopiyada mütəşəkkil sənaye sonaları yaradılır və bu səbəbdən də ölkənin enerji ehtiyatına olan ehtiyacı getdikcə artır. Afrikanın ən böyük su elektrik stansiyası və dünyanın üçüncü ən böyük barajı olacaq bu barajın inşası Misiri narahat edir. Çünki Nil sularının 85 faizi Efiopiya dağlarından qaynaqlanır və bu barajın inşasının bitməsindən sonra Efiopiya Nilin böyük bir hissəsinə nəzarəti öz əlinə keçirə bilər.
Efiopiyanın Su, Suvarma və Enerji naziri Seleşi Bekele bunun ölkənin ən böyük layihələrindən biri olduğunu bildirib: “Məqsədimiz suyun axınını nəzarət altına almaq deyil, enerji hesabına inkişaf üçün fürsət yaratmaqdır”.
Sudan Efiopiyanın bu layihəsini dəstəkləyir. Çünki baraj sərhəddin çox yaxınlığındadır və enerjini nəql etmək üçün indidən artıq elektrik dirəklərinin basdırılmasına başlanılıb. Baraj həmçinin axını da tənzimləyir. Belə ki, hazırda suyun hündürlüyü 8 metr arasında dəyişir ki, bu da Sudanda suvarma prosesini çətinləşdirir. Baraj tamamlandıqdan sonra suyun səviyyəsinin 2 metrə qədər düşəcəyi bildirilir.
BMT-nin hesabatlarına görə Misir 2025-ci ildə su qıtlığından əziyyət çəkəcək. Buna səbəbdən Misirin narahatlıq keçirməsini anlamaq mümkündür. Ölkənin su resursları və suvarma naziri Məhəmməd Əbdül Ati Efiopiyanın bu layihəsini qəti şəkildə pisləyib. O, bunu ölkə üçün təhdid olaraq gördüyünü bildirir:
“Biz 100 milyonluq əhaliyə görə məsuliyyət daşıyırıq. Misirə gələn suyun səviyyəsinin 2 faiz azalması 81 min hektarlıq ərazinin itirilməsi deməkdir. Misirdə ortalama bir ailə 5 fərddən ibarətdir və bir hektar bir ailənin gəlirini təmin edir. Bu baxımdan barajın inşası 1 milyon insanın işsiz qalacağı deməkdir”.
Su elektrik stansiyaları suyu tükətmir, sadəcə Efiopiyanın barajı su ilə doldurması suyun axınını bir qədər ləngidəcək.
Xatırladaq ki, 1960-cı ildə Misir də Nil üzərində belə Asvan barajını inşa edib. O zaman Misir bu müvəffəqiyyəti ilə qürur duyurdu, eynilə indi Efiopiyanın qürur duyduğu kimi. Həmçinin Efiopiya bu layihəni beynəlxalq yardım almadan gerçəkləşdirmək fikrindədir. Buna görə dövlət məmurları illik gəlirlərinin bir hissəsini barajın inşası üçün dövlət büdcəsinə keçirməlidirlər ki, bu da çoxlarını narahat edir. 5 il ərzində barajın inşasının 2/3 hissəsi artıq bitib və Misirin buna əngəl olmaq üçün hərbi güc tətbiq etməkdən başqa heç bir yolu yoxdur. Bu baxımdan məsələnin həll yolunun diplomatiya və ortaqlıq olduğu qeyd olunur. Dünyanın ilk su müharibəsinin Nil üzərində gerçəkləşməsinin qarşısı alına bilər və tapılacaq həll yolu gələcəkdə də digər ölkələrə nümunə ola bilər.
Lakin Sudan, Efiopiya və Misir bunun üçün çox əlləşməli olacaq.