Etibar Məmmədov beynəlxalq təşkilatın sədr müavini seçilib

26-02-2018, 09:14           
Etibar Məmmədov beynəlxalq təşkilatın sədr müavini seçilib
19-22 fevral 2018-ci il tarixlərində İspaniyanın Salamanka və Madrid şəhərlərində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı-Partiya Liderlərinin Toplantısı keçirilib. Qurultayda AMİP-i partiyanın Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev və Gənclər Təşkilatının sədri Ayxan Etibaroğlu təmsil ediblər.

Bu barədə “Yeni Müsavat”a AMİP mətbuat xidməti məlumat verib. Xəbərdə deyilir ki, dünyanın 100-dən artıq sağ-mərkəz yönlü partiyasını öz ətrafında birləşdirən BDİ-nin 3 ildən bir keçirilən Qurultayının gündəliyinə bir çox mühüm məsələlər daxil olub. Dünyada baş verən qlobal konfliktlər, dövlətlərin təhlükəsizlik məsələləri, separatçı hərəkatlara qarşı mübarizə və bir çox digər məsələlər 3 günlük toplantının əsas müzakirə mövzuları kimi müzakirəyə çıxarılıb.

Qurultayın sonuncu günü BDİ rəhbərliyinə seçkilər keçirilmiş və Kanadanın sabiq Baş naziri Stefen Harper növbəti 3 illik müddətə BDİ-nin sədri seçilib. Eyni vaxtda sədrin müavinlərinin seçkiləri də keçirilib və AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ-nin sədr müavini seçilib. Həmçinin Norveçin Baş naziri Erna Solberq, Şri-Lankanın Baş Naziri Ranil Vikremesinge, Avropa Xalq Partiyasının ( EPP) Prezidenti Josef Doul, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının (ACRE) Sədri Jan Zahardil də yeni seçilmiş sədr müavinləri sırasındadır. Qurultaya ev sahibliyi edən İspaniyanın hazırda hakimiyyətdə olan Xalq Partiyasının parlament üzvləri ilə parlamentdə qarşılıqlı fikir mübadilələri aparılıb, tədbirin sonunda İspaniyanın baş naziri Mariano Roxoy Monkloa sarayanda Qurultay nümayəndələri ilə geniş görüş keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.