Prezidentliyə 15 namizəddən yalnız biri imzaları verib
26-02-2018, 11:29
İmzatoplama kampaniyasına kimlər yeni başlayıb?
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə bağlı bir sıra prosedurlar fevralın 25-də başa çatıb. Prezident seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına dair tələblərin təsdiq edilməsi müddəti bitib.
Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək təsdiq edilir.
Fevralın 25-i həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatıb. Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir.
Bundan əlavə fevralın 25-də dairə seçki komissiyaları tərəfindən nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə, məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi prosesi başa çatıb.
Həmçinin, Təqvim Planına əsasən, fevralın 25-də Mərkəzi Seçki Komissiyası tərəfindən seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, ayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti başa çatıb.
Prezidentliyə namizədliyi sürülən şəxslərin namizədliyinin rəsmi qeydə alınması üçün lazım olan 40 min seçici imzasının və digər müvafiq sənədlərin MSK-ya təqdim olunması üçün vaxt martın 12-də saat 18.00-da başa çatacaq. 15 nəfər iddiaçıdan hələlik yalnız YAP-ın prezidentliyə namizədi İlham Əliyev üçün imzalar və digər sənədlər MSK-ya təqdim edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin sənədlərinə baxılması hər zaman şəffaf şəkildə həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzaları toplanmış imza vərəqələri və digər sənədlərə Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu tərəfindən baxılır.
Ş. Əsədli deyib ki, bütün bu proseslər tam şəffaf şəkildə aparılır: “Hər zaman MSK sədrinin iclasda bəyan etdiyi kimi, maraqlı şəxslər müraciət edib, proseslə yaxından tanış ola bilərlər”.
Namizədliyi irəli sürülən digər 14 nəfər isə imza toplama kampaniyasını davam etdirir. Onların iksinin-ADP-nin namizədi Sərdar Cəlaloğlu və VİP-in namizədi Əli Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə MSK-nın 24 fevralda keçirilən iclasında baxılıb və müsbət qərar verilib. Hər iki iddiaçı üçün imza vərəqələri verilib.
ADP-nin seçki qərargahının sədri Taliyət Əliyev “Yeni Müsavat”a bildirib ki, fevralın 25-də imza vərəqələrini MSK-dan götürüblər: “Fevralın 25-dən etibarən imza toplanılmasına start verdik. Bütün qüvvələrimizi səfərbər etmişik. Vaxt az qalsa da ümid edirik ki, lazım olan sayda imzaları toplayıb çatdıra biləcəyik”.
VİP-in namizədi Əli Əliyevin seçki qərargahı da imza toplama kampaniyasına start verib.
Prezidentliyinə namizədliyini irəli sürmüş QAT sədri Akif Nağı üçün imza vərəqələrinin verilməsi isə yubadılıb. Bu barədə A.Nağının seçki qərargahının rəhbəri Barat İmani bildirib: “Seçki Məcəlləsinin tələblərinə görə biz imza vərəqələrini uzağı fevralın 24-də almalı idik. Təəssüf ki, müraciətlərimizə heç bir konkret cavab vermir, ləngimənin səbəblərini izah etmirlər. Biz bunu Akif Nağıya qarşı təzyiq forması kimi qəbul edirik. Mərkəzi Seçki Komissiyası bu hərəkəti ilə qanunu pozur, namizədimizin qeydə alınması üçün imzaların vaxtında toplanıb təqdim olunmasına süni əngəllər yaradır”.
Akif Nağı isə bildirdi ki, ona qarşı açıq-aşkar qanunsuzluq edilir: “Qanuna görə MSK bizə ən geci fevralın 24-də rəsmi cavab verməli idi. Sərdar Cəlaloğlu və Əli Əliyevin sənədləri mənim sənədlərimdən sonra MSK-ya təqdim olunmuşdu. Onların hər ikisinin sənədlərini fevralın 24-də MSK təsdiqlədi. Lakin bizə heç bir cavab verilmir. Seçki qərargahımızın rəhbəri və nümayəndələrimiz dəfələrlə MSK-ya zəng etsələr də, cavab verən yoxdur. Nümayəndələrimiz MSK-ya gedib, qapıdan içəri buraxmayıblar. Açıq-aşkar mənim hüquqlarım pozulur. İmzaların toplanması üçün vaxt getdikcə azalır. Sanki bizə imza vərəqələrinin verilməsini qəsdən yubadırlar ki, çatdırıb imzaları toplaya bilməyək. Lakin bizim hazır komandamız var, hətta 10 gün qalsa belə, imzaları toplaya bilərik”.
Prezident seçkisini izləmək üçün isə hələ ki, 51 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. MSK-dan bildirilib ki, onlardan 36-sı öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyata alınıb.