Vəkili İlqar Məmmədovla görüşüb
3-03-2018, 09:52
Əziz Orucov cəzaçəkmə müəssisəsinə köçürülür
REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan tərəfə göndərdiyi sorğuya cavab verilib-verilmədiyi məlum deyil. Nəzərə çatdıraq ki, martın 1-də bununla bağlı son vaxt müəyyən edilmişdi.
Martın 2-də vəkili Fuad Ağayev İlqar Məmmədovla görüşüb. Bu barədə “Yeni Müsavat”a danışan vəkil görüşün tam detallarını açıqlamadı: “Nazirlər Komitəsinin Konvensiyanın 46-cı maddənin 4-cü hissəsindən verdiyi sorğu əsasında Böyük Palatanın hazırda icraatında olan iş üzrə məsələni müzakirə etdik. Eyni zamanda, Böyük Palataya edilən müraciəti də müzakirə etdik. Digər məsələlərdən də danışdıq. Təəssüflər olsun ki, özümlə götürdüyüm Avropa Məhkəməsinin məktublarını, hətta hökumətin belə Avropa Məhkəməsinə ünvanladığı məktubu buraxmadılar. Bu da növbəti dəfə İlqar Məmmədovun hüquqlarının kobud pozuntusudur. Azərbaycan hökumətinin martın 1-ə qədər sorğuya cavab verib-vermədiyini də bilmirik. Hökumət cavabı bizə deyil, Avropa Məhkəməsinə verir. Məhkəmə də cavabın bir sürətini bizə göndərir. Cavab veriblər ya yox, bunu hökumət tərəfindən soruşmaq lazımdır”.
Kanal 13” İnternet Televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovdan da xəbər var. Onu yaxın günlərdə cəzaçəkmə müəssisələrindən birinə köçürəcəklər. Bu barədə baş redaktorun həyat yoldaşı Lamiyə Orucova məlumat verdi: “Apelyasiya Məhkəməsi də öz işini gördü və hökmü qüvvədə saxladı. Bu həftə Əziz Orucovun hansı cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı bölgü olmalı idi. Lakin bir yanlış anlaşmaya görə bu olmadı. Belə ki, Əzizin işi ağır cinayətlər kateqoriyasından çıxıb və az ağır olub. Buna görə bölgü bir qədər yubandı”.