QARBAĞ QAZİSİ VƏ DEPUTAT QƏNİRƏ PAŞAYEVANIN MÜDAFİƏSİNƏ QALXDI: "HƏR ZAMAN ONUN YANINDAYIQ"

6-03-2018, 21:22           

Etimad Əsədov:"Əslində isə Qənirə Paşayeva əməlləri və hərəkətləri ilə özünü həmişə müdafiə etməyi bacarıb"
Elman Məmmədov:"Adi bir hadisədən dolayı o qədər iş görən, fəal millət vəkili qaralamaq düzgün deyil"

Son günlər millət vəkili Qənirə Paşayevaya qarşı sosial şəbəkələrdə "qara piar" kampaniyasına start verilib. Türkiyədə keçirilən "İlin Uluslararası Barış və Dostluk” ödül törənində Ermənistan Respublikasının işğalçı siyasəti haqqında sübutlarla əsaslandırılmış çıxışından sonra Hayık Tataryan adlı erməni əsilli bir sənətçinin qəflətən xanım siyasətçinin masasına yaxınlaşaraq, onun əlini öpüb.

"Facebook" sosial şəbəkəsində xanım millət vəkilini hədəfə alanlar bu fotodan çıxış edərək xanım millət vəkilinə anti-türk damğası vurmağa çalışırlar. Bununla yanaşı qeyd edək ki, Q.Paşayevanı dəstəkləyənlər də az deyil.

Onun Azərbaycanın ən ağrılı problemlərini- Dağlıq Qarabağ münaqişəsi, Xocalı, 31 mart soyqırımları və 20 yanvar hadisəsi ilə bağlı beynəlxalq tribunalardakı cəsarətli çıxışları, dəstəyə ehtiyacı olan hər bir Azərbaycan vətəndaşının yanında olması, şəhid ailələri və Qarabağ qazilərinə maddi, mənəvi dəstəyinə diqqət çəkərək bu kampaniyanın yersiz olduğunu iddia edirlər.


"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov da "Sherg.az"a açıqlamasında vurğulayıb ki, ictimaiyyət vətəni, xalqı üçün bu qədər çalışan insanın müdafiəsinə qalxmalıdır: "



"Q.Paşayeva fəal millət vəkili, dəyərli Azərbaycan xanımıdır. O hələ televiziyada işləyən dönəmdən bəri əlində olan imkanlardan istifadə edərək, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemini diqqət mərkəzinə gətirib. Qənirə xanımın bütün müharibə əlillərinə, xəstə yatan qazilərimizə olan diqqəti, birbaşa maraqlanması, dəstək olmasını yaddan çıxara bilmərik.

Ümumiyyətlə, Azərbaycan xalqına, cəmiyyətə açıq olan deputatlardan biri, bəlkə də birincisi Qənirə xanımdır. Regionlara, şəhid ailələrinə baş çəkməyə, şəhidlərimizin məzarını ziyarət etməyə getdikdə, demək olar, bütün əhəmiyyətli tədbirlərdə Qənirə xanımı görürük. O xalqın içərisində olan millət vəkilidir.

Türkiyədə hakim partiyanın ermənilərlə münasibəti var. Erməni politoloqlar, yazarlar da həmin partiyanın nümayəndələri, funksionerləri kimi mütəmadi çıxışlar edirlər. Ola bilər, Azərbaycanın dəyərli millət vəkili kimi Qənirə xanımın apardığı mübarizəyə, onun əzminə pərəstişini gizlədə bilməyən həmin erməni belə addım atıb. Cəmiyyətdə bir nəfər irəli gedərsə, xalqın içərisində daha çox olarsa, hər kəs üçün əlindən gələni edərsə, onu qısqanclıqla qarşılayanlar da olur. Hətta dinimizə, peyğəmbərimizə dil uzadanlar da var. Ən vacibi odur ki, Qənirə xanımı Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Ziyalılar, siyasətçilər, siravi vətəndaşlar arasında hər kəsin ona hörməti var və xanım deputata qarşı səsləndirilən ittihamlara etirazlarını ortaya qoyub, onu müdafiə edəcəklər. Belə insanın müdafiəsi ictimaiyyətdən keçir. Əslində isə Qənirə Paşayeva əməlləri və hərəkətləri ilə özünü həmişə müdafiə etməyi bacarıb. Biz isə hər zaman onun yanındayıq”.



Millət vəkili Elman Məmmədov da Q.Paşayevanın çox fəal, hazırlıqlı parlamentari olduğunu bildirib. O düşünür ki, adi bir hadisədən dolayı o qədər iş görən, fəal millət vəkilini qaralamaq düzgün deyil:

"O xanım demək olar, günün 24 saatını fəaliyyətdə olur, çalışır. Həqiqətən çox bacarıqlı, vətəni, xalqı üçün hər şeyi edən insandır. Deputat həmkarımın hərtərəfli hazırlığına, siyasi təkmilliyinə, dünya görüşünə kifayət qədər bələdəm. Qənirə xanım səhv etməsinə inanmıram.

Qənirə Paşayeva millət vəkili olduğu illərdə Xocalı faciəsi, Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyə başda olmaqla, bir çox ölkələrdə, Avropa Şurasında fəal təbliğat aparıb, önəmli məsələlər ortaya qoyub. Adi bir hadisədən dolayı o qədər iş görən, fəal millət vəkili qaralamaq düzgün deyil. Qənirə Paşayevanın gördüyü işləri də tərəzinin gözünə qoymaq lazımdır.

Bütün bunları nəzərə alaraq, Qənirə xanım haqqında müsbət fikirdəyəm. O xalqı üçün böyük vətənpərvərliklə çalışan fəaldır və yaxşı insandır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.