Mixail Zabelin: "Təəssüflər olsun ki, Rusiya Ermənistanda faşist Njdeyə abidə ucaldılmasına əhəmiyyət vermədi"

31-03-2018, 09:58           

"Ermənistanda faşist Qareqin Njdeyə abidə qoyuldu. Nə dünya, nə də Rusiya buna səsini çıxardı".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə keçirilən "Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığı inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.

O, Rusiyanın Ermənistanda faşist Njdeyə abidə qoyulmasına biganə yanaşmasından şikayətlənib: "Ermənistanda Hitlerin əlaltısı, Sovetlər İttifaqı Məhkəməsi tərəfindən məhkum olunmuş faşist Qareqin Njdeyə abidə qoyuldu. Əgər bizdə faşistə abidə qoyulsaydı, indi bütün dünya düşmüşdü üstümüzə. Çox təəssüflər olsun ki, Rusiya tərəfi də Ermənistanın faşistə abidə ucaltmasına o qədər də əhəmiyyət vermədi".

Azərbaycandakı Rus İcmasının Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələrindən danışan millət vəkili bildirib ki, Rus İcmasının qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqressi ilə yaşı əlaqələri olub: "Ümid edirəm ki, Rusiyada yeni yaradılacaq diaspor strukturu ilə də sıx əməkdaşlıq edəcəyik. Azərbaycan Rusiyada yaşayan azərbaycanlıların tarixi vətəni olduğu kimi, Rusiya da Azərbaycanda yaşayan rusların tarixi vətənidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.