Almaniyanın bu əyalətində hicab qadağan oluna bilər
8-04-2018, 11:03

Almaniyada 14 yaşından kiçik uşaqların hicab taxmasını qadağan edən qanun hazırlanır. AzEuroNews.com xəbər verir ki, qanun layihəsi ilə bağlı Şimali Reyn Vestfaliya (NRW) əyalətinin parlamentində müzakirələrə başlanılıb.
“NRW”nin inteqrasiya naziri Joachim Stamp alman “Bild” qəzetinə açıqlamasında bildirib ki, 14 yaşındakı qız uşaqlarının hicab taxması çox vaxt öz istəkləri ilə olmur. Valdeyinlər tərəfindən həmin uşaqların hicab taxmağa məcbur edilməsi Almaniya üçün ən ali dəyər olan uşaq hüququnun tapdanılması deməkdir. Nazir bildirib ki, Almaniyada yaşayan hər bir kəs bu ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. O, vurğulayıb ki, hazırlanan qanun layihəsində hicab 14 yaşından sonra şəxsin öz istəyinə uyğun taxıla bilər.
Məlumat üçün qeyd edək ki, bir digər Avropa ölkəsi Avstriyada da bağça və orta məktəblərdə hicab qadağa oluna bilər. Bu barədə Avstriyanın kansleri Sebastyan Kurts qanu layihəsi hazırladığını bildirib. Layihədə bağça və orta məktəblərdə təhsil alan qızların bərabər haqqa sahib olduqları qeyd olunub. Kurts bildirib ki, məsələ ilə bağlı ölkənin təhsil, qadın və uşaq, miqrasiya və inteqrasiya nazirliklərinə tapşırıq verib.
S.Kurtsun sərəncamı əsasında hazırlanan qanun layihəsi ölkənin parlamentində müzakirə olunduqdan sonra qəbul və ya rədd edilə bilər. Artıq Avstriyanın kansleri bütün siyasi partiyalara bu qanun layihəsinə dəstək olmaları üçün çağrış edib.