AXCP - dən daha bir qrup istefa verdi
3-09-2015, 20:54
AXCP EQTK-nin Beyləqan rayon şöbəsinin konfransı keçirilib. Konfransda AXCP-nin bərpası və fəaliyyət istiqmətləri, təşkilati məsələ müzakirə olunub.
AzVision.az xəbər verir ki, ilk olaraq, AXCP-də baş verən son olaylar, Əli Kərimlinin indiyə qədər AXCP ilə bağlı apardığı siyasət kəskin tənqid olunub. Bildirilib ki, Əli Kərimlinin apardığı siyasət patiyanı çıxılmaz duruma salıb. Üzvlərə qarşı diskriminasiya siyasəti yeridilir. İllərini bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlərə qarşı təzyiqlər, böhtanlar aparılır. Bunların arxasnda da birbaşa Əli Kərimli dayanır.
Ətrafına yığdığı kiçik qrupla birgə partiyanı dağıtmaq xətti götürüblər. Ona görə də Beyləqan cəbhəçiləri Razi Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və bundan sonrakı fəaliyyətimiz bu istiqamətdə olacaq.
Konfrans nümayəndələri çıxış edərək bildiriblər ki, biz əsl cəbhəçilər partiyanı dağıtmaq, parçalamaq istəyənlərlə bir yerdə ola bilmərik. İndiyə kimi Əli Kərimlinin və onun bir qrup ətrafının bütün oyunlarına dözdük, səbrlə yanaşdıq. Amma indi zaman o deyil. İllərlə müxalifətdə qalmaq yox, təşkilatlanıb, sivil mübarizə ilə hakimiyyətə gəlmək lazımdır.
Daha sonra konfransda təşkilati məsələlərə baxıldı. Eltural Mürsəlzadə AXCP Beyləqan rayon şöbəsinin sədri seçildi. Sonra Ali Məclis üzvü, NTK üzvləri seçildilər. 25 nəfərdən ibarət olan rayon məclisinin səlahiyyətləri təsdiq edildi. Eləcə də Etimad Qurultayına nümayəndələr seçilib.
Konfransda çıxış edən Eltural Mürsəlzadə etimada görə konfrans nümayəndələrinə təşəkkür edib. Daha sonra sədr bildirib ki, biz hər zaman möhtəşəm olan bir şöbəni bu gün yenidən bərpa etdik. Yaxın günlərdən şöbəmizə axın başlayacaq. Mən sizi əmin edirəm ki, 3 ay ərzinde uzvlərimizin sayi 500 nəfərdən də çox olacaq.
Konfransın işində AXCP EQTK-nin üzvləri Cavid Musazadə və Fəxrim Əbdüləzimov iştirak və çıxış ediblər. Onlar da partiyada Əli Kərimlinin qəsdən yaratdığı böhran haqqında konfrans nümayəndələrini məlumatlandırıblar.