Deputatlığa namizəd olmuş şair hakim qarşısında - 500 min manatlıq dələduzluq
10-05-2018, 16:24
Külli miqdarda dələduzluqda ittiham edilən şəxslərin məhkəməsi başlayıb. Onlardan biri vaxtilə deputatlığa namizəd olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimovun məhkəməsi başlayıb. Hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Əli Ağaevlinin vəkili prosesdə iştirak etmədiyi üçün iclas təxirə salınıb.
Qeyd edək ki, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq, dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar. Məhkəmədə zərərçəkmiş şəxs də iştirak edib.
Xatırladaq ki, Ə.Ağaevli 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürüb. Daha sonra MSK-ya məktub yazaraq qeydə alınmaqdan imtina edib.
Bildirək ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub.
"Varliq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.