ABŞ səfirinin təyinatının gecikməsi səbəbləri
11-05-2018, 09:41
Ərəstun Oruclu: “Lap dövlət katibinin özü gəlib orada otursun..”; Yeganə Hacıyeva: “Azərbaycana səfir təyinatı gecikməyəcək”
Azərbaycanda ABŞ-ın və Rusiyanın səfiri hələ də yoxdur. Rusiyanın göndərəcəyi səfirin adı bu yaxınlarda açıqlansa da hələ ki məsələ həllini tapmayıb. Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi Mixayil Boçarnikovun Azərbaycana səfir təyin olunmasını təsdiqləyib, lakin ölkə prezidenti hələ təyinat barədə sərəncam verməyib.
ABŞ-ın səfiri Robert Sekuta isə 40 gündür ölkəsinə gedib və Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib.
ABŞ-da yaşayan tanınmış politoloqa Ərəstun Oruclu “Turan” agentliyinə müsahibəsində deyib ki, ABŞ-ın səfir təyinatını gecikdirməsi Vaşinqtonda bu gün Azərbaycan haqqında demək olar heç bir konkret siyasət və ya onun konturlarının görünməməsi ilə bağlıdır: “Vaşinqtonun bugünkü siyasətində bu məsələlər demək olar ki, prioritet sayılmır. Nəinki Azərbaycan, heç bir ölkəyə münasibətdə. Bu gün görünən məqamlardan biri də budur ki, ABŞ-ın xarici siyasəti daha çox Yaxın Şərqə köklənib və anti-İran çalarların güclənməsinə doğru gedir.
ABŞ-ın Avropadakı tərəfdaşları ilə münasibətlərində kifayət qədər dərin ziddiyyətlər var. ABŞ önəmli müttəfiqi olan Avropa Birliyini ya uzaqlaşdırıb, ya da itirib deyə bilərik. Əgər Avropa ilə münasibətlər bu səviyyədədirsə, deməli, belə olan şəraitdə Azərbaycan ABŞ üçün ümumiyyətlə, ciddi əhəmiyyət kəsb eləmir. Səfirin kim olacağından asılı olmayaraq, artıq Azərbaycanda bütün o şanslar itirilib. Bundan sonra ABŞ səfiri kim olur-olsun, istər lap dövlət katibinin özü gəlib orada otursun, təsir vasitələri yoxdur".
Beynəlxalq məsələlər üzrə siyasi ekspert Yeganə Hacıyeva isə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın yeni səfir təyinatının gecikməyəcəyini və tezliklə təyinatın baş tutacağını fikirləşir: “Buna ABŞ-ın daxili və xarici siyasətində bir neçə təsir faktorunu misal olaraq göstərə bilərik. Kəskinləşən İran-ABŞ münasibətləri fonunda Rusiya və İranın sərhədlərində yerləşən mühüm partnyor ölkə olan, Türkiyə və İsraillə xüsusi münasibətləri olan, qlobal energetika təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycana səfir təyinatı gecikməyəcək. Xüsusilə Xəzəryanı ölkələrin Xəzərin statusu ilə bağlı anlaşmanın tezliklə imzalanmasının nəzərdə tutulması və sair kimi məqamlar səfir təyinatının tezləşməsi haqqında əminliyi artırır.
Səfir təyinatının gecikməyəcəyinə daxili faktor kimi Donald Tramp administrasiyasının başqa ölkələrdə insan haqları və demokratiya mövzularına maraq göstərməməsini deyə bilərik".
Bəs səfir təyinatı proseduru ABŞ-da necə həyata keçirilir?
Yeganə Hacıyeva qeyd etdi ki, ABŞ-ın digər ölkələrə səfirlərin təyinetmə proseduru bir neçə mərhələlidir. Cari səfirin səlahiyyət müddəti başa çatmamışdan öncə, diplomat ölkəsinə qayıtmadan əvvəl onun yerinə təyin olunacaq adamı müəyyən edilməlidir. ABŞ-ın yeni səfirin təyin olunmasında mövcud adminşstrasiyanın həmin ölkə ilə bağlı siyasətini həyata keçirməsindən kənarda namizədlərin seçilməsində tətbiq uevşnş bir sıra standartlar mövcuddur. Birinci mərhələ olaraq namizədlərin seçilməsində işləyəcəkləri ölkələrin coğrafi, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələri ilə məlumatlı, əlaqəli, bu sahələrin mütəxəssisləri olan kadrlar müəyyənləşdirilir və işləyəcəyi ölkənin rəhbərliyi ilə razılaşdırılır. İkinci mərhələ olaraq prezident səfir kimi namizədi irəli sürür. Üçüncü mərhələdə namizəd Senatın və Konqresin xarici əlaqələr komitəsində təsdiqlənir. Son mərhələ kimi ABŞ prezident və ya Dövlət Departamenti rəhbəri Senatın səfir kimi təsdiqlədiyi şəxsə etibarnaməni təsdiq edir: “Lakin ABŞ-da uzun illərdir səfir təyinetmə prosesində prosedurlardan kənarlaşmalar müşahidə olunmaqdadır.
ABŞ tərəfindən ölkəmizə təyin olunmuş və ya namizəd olmuş şəxslər həmişə ABŞ xarici siyasət strukturlarında Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndələr, regional münaqişələrin həllinə cəlb olunmuş qruplarda fəaliyyət göstərmiş şəxslər, regionlararası təhlükəsizlik və enerji nəqli sahəsi üzrə xüsusi nümayəndələr olan ali rütbəli xarici əlaqələr xidmətinin peşəkar diplomatları olmuşlar.
Məsələn, Minsk Qrupunda çalışmış səfir Metyu Brayza Azərbaycanda səfir fəaliyyəti dövründə Qarabağ və regional münaqişələrə, həmçinin Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin həllinə daha çox diqqət ayırmışdı. Sırf bu istiqamətdə həyata keçirdiyi müstəqil və prinsipial fəaliyyətinə görə 2010-cu ildə Ağ Evdən Senata namizədliyi göndərilmiş Metyu Brayzanın nominasiyasını Senata çıxışı olan erməni lobbisi əngəlləmişdi.
Ardınca Azərbaycanda ABŞ-ın səfiri olmuş Ann Dorsenin səfir kimi fəaliyyəti ilk növbədə iqtisadi problemlərlə həsr olunmuşdu və onun təyinatı dövründə Azərbaycana münasibətdə Vaşinqtonun başlıca prioriteti sırf iqtisadi məsələlər olduğundan, o, daha çox böyük neft gəlirlərinin yerləşdirilməsi və xərclənməsinə nəzarət mexanizmin yaranmasında iştiraka həsr olunmuşdu.
Səfir Riçard Morninqstarın fəaliyyəti isə daha çox enerji ilə bağlı idi və Ağ Ev onun səfir kimi namizədliyini məhz Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir məqamda irəli sürmüşdü. Həmçinin AB və Azərbaycan əlaqələrinin yeni, daha dərin müstəviyə qədəm qoyması ərəfəsində olmasını da diqqətdən qaçırma olmaz. Ardınca isə ABŞ dövlət katibinin Enerji Resursları, Sanksiyalar və Ticarət məsələləri üzrə müavininin baş yardımçısı Robert Sekuta səfir göndərilmişdi. Səfir kimi onun fəaliyyəti dəyişmiş siyasi müstəvidə, regional enerji, iqtisadi və təhlükəsizlik məsələlərində də ABŞ və Azərbaycan arasındakı münasibətlərin, strateji enerji nəqli layihələrinə təhdidin qarşısının birgə alınmasından ibarət oldu.
Növbəti səfirin isə regional təhlükəsizlik məsələləri üzrə məşğul olmuş, bu sahəyə bağlı olan şəxs olacağını ehtimal etmək mümkündür".