Mübariz Əhmədoğlu: “İlin sonunda İrana qarşı hərbi əməliyyatlar başlayacaq”

14-05-2018, 09:46           
Mübariz Əhmədoğlu: “İlin sonunda İrana qarşı hərbi əməliyyatlar başlayacaq”
İran ətrafındakı qovğa Azərbaycan layihələrini vura bilərmi?


İranla ABŞ və İsrail arasında münasibətlər günbəgün daha da gərginləşir. ABŞ prezidenti Donald Trampın İranla imzalanan nüvə sazişindən çıxmaq haqqında qərarı bölgədə açıq savaş təhlükəsindən xəbər verir. Bu da faktdır ki, Trampın məlum qərarı NATO daxilində də birmənalı qarşılanmayıb. Bunu ABŞ-ın müttəfiqlərinin Trampa qarşı tənqidlərindən də görmək olur.

Lakin görünən budur ki, ABŞ İrana qarşı iqtisadi təzyiqlərini bir az da artıracaq. Bəzi ekspertlərin fikrincə, bu hal bölgədə yeni düzənin yaranmasına gətirib çıxara bilər.

Azərbaycanın da İranlı əməkdaşlığı var və iqtisadi baxımdan bir sıra layihələr nəzərdə tutulub. Bəs onlara hər hansı təhlükə varmı?

“Yeni Müsavat”a mövcud siyasi vəziyyətlə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirdi ki, İrana görə Azərbaycana təzyiqlər var: “Lakin Azərbaycan bu təzyiqləri neytrallaşdıra bilir. Ola bilər ki, Amerikadan, İsraildən müəyyən adamlar Azərbaycandan incisinlər. Lakin Azərbaycan bu dövlətlərin sözü ilə İranla olan layihələrinə heç bir dəyişiklik etməyib və görünən budur ki, etməyəcək də. Ölkə prezidenti siyasəti quran zaman hədsiz dərəcədə parametrləri nəzərə alır. İkincisi də doğrudan da bizim siyasətimiz müstəqil siyasətdir. Siyasi müstəqilliyimiz isə bizə çox divident gətirib. Bu siyasətdən imtina edə bilmərik. O da nəzərə alınmalıdır ki, İran Azərbaycanla münasibətdə elə vəziyyət yaradıb ki, ölkəmizə Amerikanın, İsrailin təzyiqləri artsın. İran Azərbaycana bu təzyiqlərin azalması istiqamətində heç bir yardım etmir. Çox arzu ediləndir ki, İran Azərbaycana qarşı bir qədər realist siyasət aparsın. Obrazlı dildə desək, İranın siyasətində əyləc yoxdur. Ona görə də hər kəsə qarşı şübhə ilə yanaşır. Şübhənin də çoxu hazırda Azərbaycana qarşıdır. Hesab edirəm ki, Azərbaycan İranla bağlı təzyiqləri neytrallaşdıracaq və heç bir anti-İran əməliyyatlarında iştirakçı olmayacaq. Ölkə prezidenti deyir ki, Azərbaycan heç zaman riskli proseslərdə iştirak etməyib və etməyəcək. İndi Azərbaycan üçün də İran ətrafında yaranan məsələlər riskli proseslərdir”.

Politoloq bildirib ki, İranın özünü bir sıra məqamlar gözləyir: “Ali rəhbər açıqlayıb ki, 2018-ci ilin son 3 ayı ərzində Amerika İranda rejimi dəyişmək istəyir. Hadisələr də elə o istiqamətdə gedir. Amerika və İsrail də getdikcə İrana qarşı təzyiqlərini artırırlar. Təzyiqlərin nəticəsi bu ola bilər ki, İran ABŞ-la danışıqlara getsin. Tehran bu danışıqlara gedərsə, müharibə təhlükəsi sovuşar. İranla da ABŞ arasında danışığın əsas mövzusu ikinci tərəfin istəkləridir. ABŞ-ın bu istəkləri isə İranın Türkiyəyə, Rusiyaya qarşı çıxış etməsi, ABŞ-ın siyasətinə xidmət etməsidir. İran bunları qəbul edir. Bu dövlət Rusiyanın, Səudiyyə Ərəbistanının, yeri gəlsə Türkiyənin də əleyhinə çıxa bilər. İranın Rusiya ərazisində siyasəti xeyli güclənib. Bununla əslində İran öz mövqeyini gücləndirir. Sadəcə olaraq onların Amerikadan istədikləri budur ki, ABŞ Çini bu siyahıdan çıxarsın. Hazırda Amerika tərəfi yeni dialoq təklif edib və İran da bunu qəbullanıb. Sadəcə olaraq İran istəyir ki, bu dialoq köhnə baza üzərində davam etsin. Ümumiyyətlə deyim ki, ”Altılıq"la İran arasında danışıqlar gedən zaman ayrıca İran-ABŞ danışıqları da keçirilirdi. İndi də Tramp istəyir ki, əvvəlki danışıqlar modeli sıradan çıxsın və yeni təməl qurulsun. Hələ ki, İran bunu rədd etməyib. Gərginliklər genişlənən zaman İranın xarici işlər naziri Amerika ilə dialoqa hazır olduqlarını bildirdi. Ancaq ortaya konkret mövzu qoymadı. Sadəcə, mövzu kimi dedi ki, İranda həbs olunan ABŞ vətəndaşları ətrafında danışacaqlar. Hal-hazırda Amerika və İsrailin əsas məqsədi İranı dialoqa gətirməkdir. Əksi olacaqsa, ilin son 3 ayında İrana qarşı hərbi əməliyyatlar başlaya bilər. Artıq ABŞ-ın İrana qarşı siyasi təzyiqi hərbi təzyiqlə paralel gedir. Amerika və İsrailin Suriyada apardığı müharibə də İranın Suriyadakı hərbi iştirakına qarşıdır. İran faktiki olaraq Suriyanı da gərgin vəziyyətə qoyub. Əgər geri çəkilməsə, ABŞ İŞİD-in vasitəsilə Suriyada elə bilmədiyini İranın əli ilə edəcək".

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.