İran dolları sarsıdacaq proses başlatdı: davamlı olarsa... – Şərh

18-05-2018, 10:15           

Bu, İranın seçimidir və rezonans doğuracaq siyasi addımlardan biridir.

Bu sözləri Axar.az-a Avropa Birliyinin İrandan neft tədarükünə ödənişi ABŞ dolları əvəzinə avro ilə etməyi planlaşdırmasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı Avropa və İrandan neft alan digər ölkələrin “fyuçers” müqavilələrini yenə dollarla bağlayacağını bildirib:

“Yalnız ödənişlər neftin göndərildiyi gün dünya birjalarında avronun dollara nisbətinə görə aparılacaq. İranın bu qərarı sadəcə ABŞ-a qarşı siyasi bir gediş idi. Məhz ABŞ-ın İrana qarşı atdığı addımlara cavab olaraq dollardan imtina edilməsi və neft-qazın avro ilə satılması məsələsi gündəmə gətirilib. İran məcbur olacaq ki, belə müqavilələr zamanı dollardan avroya keçərkən konvertasiya fərqini öz alıcılarına müəyyən güzəşt kimi təqdim etsin. Bununla da İran neftin qiymətində 1,5 dollar endirim edəcək ki, tranzaksiyalar zamanı məzənnə fərqindən yaranacaq itkiləri qarşılasın. Bu, İranın seçimidir və rezonans doğuracaq siyasi addımlardan biridir”.

Dünya birjalarında “fyuçers” müqavilələrinin 40-cı illərdən bəri dollarla bağlandığını və bu müddət ərzində oturuşmuş bir sistemin formalaşdığını deyən ekspert sözügedən qərarın mənfi təsirlərinin olacağını bildirib:

“Gələcəkdə ABŞ-la problem yaşayan digər ölkələr də dollardan imtina edərək avro, yaxud da digər valyuta növünə keçə bilərlər. Belə bir ehtimal var. Sadəcə, dünya ticarətində müqavilələrin təqribən 70 faizindən yuxarısı dollarla bağlanır. O üzdən dolların mövqeyini belə addımlarla qısa müddət ərzində zəiflətmək mümkünsüz görünür. Ancaq orta və uzunmüddətli dövrdə bir çox ölkələr bu prosesə qoşularsa, bu, gələcəkdə dolların dünyadakı hegemonluğuna təsir etməyə başlayacaq. Bu fonda bir neçə il lazım olacaq ki, dünyada müqavilələrin avro və ya digər konvertasiya olunan valyutalar üzərindən bağlanması prosesinə start verilsin. Hələlik isə bu sırf siyasi addımdır”.

Qeyd edək ki, Avropa Birliyi İrandan neft tədarükünə ödənişi ABŞ dolları əvəzinə avro ilə etməyi planlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.