Avropa İrana görə Amerika ilə qarşı-qarşıya gəlir: niyə?

19-05-2018, 09:25           
Avropa İrana görə Amerika ilə qarşı-qarşıya gəlir: niyə?
Avropa Birliyi avropalı şirkətləri ABŞ sanksiyalarından qoruyan qanunu aktivləşdirib


Avropa Komissiyası İranla iş görən Avropa şirkətlərini Amerika sanksiyalarından qorumaq üçün 1996-cı ildə qəbul olunmuş “Blocking Statute" adlı qanunu yenidən aktivləşdirib. Bu qanun avropalı şirkətlərə İranda işləməsi üçün təminat verir. Bu o deməkdir ki, Avropa İrana görə Amerika ilə qarşı-qarşıya gəlir. Üstəlik daha öncəki təcrübədə bu qanun ABŞ prezidentini geri addım atmağa məcbur edib.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Birliyi sammitində qanunun tətbiqi ilə bağlı açıqlama verən Avropa

Komissiyası prezidenti Jan Klod Yunker əsas məqsədin Avropa firmalarını qorumaq olduğunu deyib. Sitat: “Komissiyanın əsas məqsədi Avropa firmalarını qorumaqdır”.
Almaniyanın “Deutsche Welle” nəşri 22 ildən sonra aktivləşdirilən qanunun 4 əsas məqamını qeyd edib.
ABŞ prezidentinin mayın 8-də İranla nüvə anlaşmasından çıxması bu qanunun yenidən aktivləşdirilməsi üçün əsas yaradıb. Çünki artıq ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir neçə sanksiya qəbul edib, eləcə də qarşıdakı 6 ay ərzində köhnə sanksiyalar da bərpa ediləcək və yeniləri də əlavə olunacaq. Bu sanksiyalar İranda iş görən digər ölkə şirkətlərini də əhatə edəcək.
İran da avropalı müttəfiqindən nüvə anlaşmasını qoruyub saxlaması üçün təminat istəyib. İranın dini lideri də hökumətə anlaşmanın davam etməsini istəyən Avropa dövlətlərindən təminat almasını tapşırmışdı. Həsən Ruhani isə AB-dən 60 gün ərzində nüvə anlaşmasına sadiq olub olmayacağı ilə bağlı təminat istəyib.

Bu qanun Avropa şirkətlərini ABŞ-ın İranla anlaşmadan çıxdıqdan sonra tətbiq olunacaq embarqolardan qoruyur. Qanuna əsasən ABŞ sanksiyalarının həyata keçirilməsi ilə bağlı məhkəmə qərarları AB tərəfindən tanınmayacaq. Eyni zamanda şirkətlərə dəyəcək zərərlər AB tərəfindən ödənəcək. Bu qanun eyni zamanda ABŞ sanksiyalarına riayət edən şirkətləri cəzalandırmağı da nəzərdə tutur. Ancaq qanunun bu yöndə çalışması mexanizmi yoxdur.

Qeyd edək ki, bu qanun 1996-cı ildə ABŞ-ın Kuba, İran və Livanla ticarət əlaqələri olan şirkətləri cəzalandırmaq məqsədi ilə bəzi addımlar atmasına cavab olaraq qəbul edilib. Nəticədə ABŞ-ın o zamankı prezidenti Bill Klinton geri çəkilməli olub və şirkətlərə embarqo tətbiq olunmayıb. Bu səbəbdən də bu qanun qəbul olunduqdan sonra heç tətbiq olunmayıb. Üstəlik bir sıra Avropa Birliyi ölkələri hökuməti bu qanunda göstərilən məsələlərin realda tətbiq olunmasının çətin olduğunu əsas göstərərək bunu bir siyasi silah olaraq qiymətləndirir. ABŞ Dövlət Departamentinin sözçüsü isə qərarla bağlı sadəcə onu deyib ki, bəzi şirkətlər embarqolardan kənarda qala bilər, ancaq digər firmaların İranla əlaqələri dayandırmaq üçün vaxtları var.


Maraqlıdır ki, iki gün əvvəl İran və Böyük Britaniyanın “Pergas” Konsorsiumu ilə İranın cənub-qərbində yerləşən “Kerenc” neft və qaz yatağının yenilənməsi anlaşması imzalanıb. 1,2 milyard dollar dəyərində anlaşma gündəlik hasilat gücü 200 min barrel olan yatağın yenilənməsini nəzərdə tutur.



Lakin bu addımlara baxmayaraq bir sıra şirkətlər ABŞ-ın təzyiqləri ilə üzləşməmək üçün artıq İrandan çəkilməyi düşünür. Bunların arasında "Total" kimi dünyanın enerji nəhəngi də var. Ancaq bu barədə qərar yoxdur. Eləcə də "Boeng" və "Airbus" şirkətinin də İranla anlaşmanı dayandırmaqla bağlı qərar qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.