Paşinyan torpaq itirdi – İki nəfəri işdən çıxardı
23-06-2018, 19:40
Ermənistanın yeni baş naziri sirləri açmamağa çağırıb
Ermənistanın yeni baş naziri Nikol Paşinyan mətbuatı sərt nəzarətə götürür.
Turkustan.info-nun məlumatına görə, bu barədə rusiyalı jurnalist Mixail Belyayev “Vestnik Kavkaza” portalı üçün yazdığı məqaləsində bildirir.
Müəllifin versiyasına görə, Paşinyan telekanallara “dövlət əleyhinə fəaliyyətlə” məşğul olmamaq xəbərdarlığını məhz bu baxımdan bildirmişdi. Məsələ bundadır ki, həmin xəbərdarlıq Ermənistan İctimai Televiziyasına ünvanlanmışdı.
İctimai Televiziya Naxçıvan tərəfdə Ermənistan ordusunun 11 min hektar əraziyə nəzarəti itirməsini efirə vermişdi. Paşinyan isə bunu öz hakimiyyəti üçün həddindən təhlükəli məlumat saymışdı. Bunun nəticəsində İctimai Televiziyanın informasiya-siyasi proqramlar üzrə direktoru Arutyun Arutyunyan, “Orakarq” informasiya xidmətinin başçısı Artak Erikyan və başqaları işdən çıxarılıb.
Əslində isə Azərbaycan ordusu 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra öz nəzarəti altına almışdı. Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilmişdi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.
Bu məsələ sosial şəbələrdə yayılmışdı. Sosial şəbəkələrin erməni istifadəçiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotoları yaymşdılar. Ən sonda məsələ Ermənistan İctimai Televiziyasına qədər qalxmışdı. /İstiPress/