ATƏT müşahidəçiləri Türkiyədəki seçkilərə rəy verdi –"Həqiqi seçim olub, amma..."
26-06-2018, 01:07
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan seçkidə qalib gəlib və daha beş il müddətinə ölkəyə dövlət başçısı kimi rəhbərlik edəcək. Lakin beynəlxalq müşahidəçilər bu seçkidə müxalifət partiyaları üçün bərabər rəqabət şəraitinin yaradılmadığını deyirlər. Səslərin 99 faizinin sayıldığı deyilir və son nəticələrin 10-11 gün ərzində açıqlanacağı bildirilib. “Anadolu” dövlət xəbər agentliyinin məlumatına görə Ərdoğan səslərin 52, 5, ona ən yaxın rəqibi Müharrem İnce isə 30, 6 faizinə sahib olub.
ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisi Türkiyədə keçirilmiş seçkini tənqid edir. Qurumun qısamüddətli seçki monitorinqi missiyasının başçısı Iganiko Sançez Amor deyib ki, bu seçkidə müxalifət partiyaları üçün bərabər yarış şəraiti yaradılmayıb. Onun sözlərinə görə, belə bir vəziyyət seçkinin nəticələrinə birbaşa təsir edib. Bununla yanaşı müşahidəçilər seçkidə 87 faiz seçicinin iştirakını yüksək qiymətləndiriblər və deyiblər ki, bu, Türkiyənin demokratiyaya bağlılığını göstərir.
Buna baxmayaraq ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin Türkiyə seçkisini müşahidə missiyasının rəhbəri Audrey Glover deyib ki, müxalifət tərəfdarlarının təhdid edilməsi seçkinin nəticələrini təsirləndirib.
Glover deyib ki, bu seçkidə həqiqi seçim olsa da, medianın tamamilə Ərdoğan və onun partiyasını təbliğ etməsi seçicilərin tam məlumatlandırılmasına mane olub.
Dünyəvi Respublikaçı Xalq Partiyasından (CHP) namizəd Müharrem İnce Ankarada keçirdiyi mətbuat konfransında məğlubiyyətini etiraf etsə də deyib ki, bu seçkinin Türkiyə demokratiyası üçün ciddi nəticələri olacaq. O, deyib ki, Türkiyə bu seçki ilə özünün parlament demokratiyası ilə olan 143 illik əlaqəsini qırıb və ölkə “bir adamın hakimiyyəti sisteminə” keçib.
Prezident seçkisi ilə paralel aparılan parlament seçkisində də Ərdoğanın hakim AKP partiyası qalib gəlib, lakin mütləq çoxluq üçün lazım olan mandatı toplaya bilməyib. Buna baxmayaraq AKP-nin millətçi MHP ilə ittifaqı ona parlamentə nəzarəti əldə saxlamaq imkanı verəcək.
AKP parlament seçkisində səslərin 43 faizini, CHP 23 faizini, kürdyönlü HDP isə 11 faizini əldə edib. Media xəbərlərinə görə müxalif İyi partiya 10 faiz səs əldə edib. Parlamentə daxil olmaq üçün 10 faiz hüdudunda baryer müəyyən edilib.
Seçkidən sonra mitinqdə çıxış edən Ərdoğan deyib ki, “Türkiyə bu seçki ilə bütün dünyaya demokratiya dərsi keçib”.
İlkin nəticələr açıqlandıqdan sonra Rusiya prezidenti Putinin ardınca İran prezidenti Həsən Ruhani, Azərbaycan lideri İlham Əliyev, Venesuela prezidenti Maduro, Sudanın başçısı Omar al-Bahir də daxil başqa liderlər də Ərdoğanı seki qələbəsi münasibətilə təbrik ediblər.
NATO-nun baş katibi Jens Stoltenber Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik etsə də, vurğulayıb ki, şimal alyansı bir sıra ortaq dəyərlər – demokratiya, qanunun aliliyi və fərdlərin azadlıqları prinsiplərinə söykənir.
Avropa İttifaqının verdiyi birgə bəyanatda da Türkiyəyə qanunun aliliyi və insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması tövsiyə edilir.
Almaniyanın Türkiyə seçkisinin nəticələrinə münasibəti ehtiyatlı olub. Hökumətin sözçüsü Steffen Seibert deyib ki, Ankara və Berlin arsındakı münasibətlər “konstruktiv və məhsuldar” olaraq qalacaq.
Lüksemburqun xarici işlər naziri Jean Asselborn bəyan edib ki, indi Ərdoğan “tam ixtiyar sahibidir və Ankaranın Avropa İttifaqı ilə gələcək münasibətlərinin perspektivi onun əlindədir”.
(Azadlıq radiosu)